“Daha çox
kamera musiqisi üzərində
işləyirəm”
“Bəstəkarın yaradıcılığı yarışmalarla yox, yazdığı əsərlərlə ölçülməli, dəyərləndirilməlidir”
Türkər Qasımzadə bəstəkarlıq üzrə bakalavr dərəcəsinə Bakı Musiqi Akademiyasında yiyələnib, professor Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov və Aydın Əzimovun sinfində oxuyub. Bəstəkarlıq üzrə magistr dərəcəsini isə Nyu-Yorkun Manhetten Konservatoriyasında qazanıb, orada bəstəkarlar Reiko Fueting və Nils Vigelanddan dərslər alıb. 2014-cü ildə ABŞ-ın Sinsinnati Universitetində bəstəkarlıq üzrə doktorluq dərəcəsini əldə edib. Gənc bəstəkar 2012-ci ildə ABŞ-ın Boston şəhərində keçirilən ALEA III beynəlxalq bəstəkarlıq müsabiqəsinin finalçısı, 2010-cu ildə Avstraliyanın Melburn şəhərində keçirilən “Fəzada Davamlılığın Nadir Formaları” beynəlxalq müsabiqəsinin, eləcə də 2009-cu ildə Nyu-Yorkda təşkil edilən “Jordan Berk Memorial Prize”ın və s. müsabiqələrin qalibidir.
Əsərləri dünyanın bir sıra müasir musiqi ansamblları tərəfindən ifa olunub, eləcə də “Etchings” (Fransa), “Cortona Sessions for New Music” (İtaliya), “tonArt 2014” (Almaniya), “Computer Music Space” (Bolqarıstan), IV Qara Qarayev adına Müasir Musiqi Festivalı (Azərbaycan), “Culturescapes 2009” (İsveçrə) və s. festivallarda səslənib.
Hazırda T.Qasımzadə Azərbaycan Milli Konservatoriyasında və ABŞ-ın Sinsinnati Universitetində müəllim kimi fəaliyyət göstərir.
- Türkər bəy, siz magistratura və doktorantura təhsilinizi ABŞ-da almısınız. Orada təhsil almaq sizə nə verdi?
- ABŞ-da təhsil mənim üçün geniş yaradıcılıq üfüqləri açdı, dərin musiqi elmi bazası qazandım. Dünya səviyyəli musiqiçilərlə şəxsi tanışlıq qurdum. Yaradıcılıq müstəvisində qazandıqlarımın isə mənim üçün ayrıca önəmi var. ABŞ-dakı təhsilimin baş tutmasına görə Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, Təhsil Nazirliyinə minnətdaram.
- Tələbəlik illərindən beynəlxalq yarışmalarda iştirak edirsiniz. Bunu özünüifadə yollarından biri saymaq olarmı?
- Beynəlxalq yarışmalar yaradıcılıq üçün stimuldur, amma özünüifadə yalnız yazılan musiqi əsərində baş verə bilir. Ümumiyyətlə, müsabiqələrə həddən ziyadə önəm verilməsini qəbul etmirəm. Bəstəkarın yaradıcılığı yarışmalarla yox, yazdığı əsərlərlə ölçülməli, dəyərləndirilməlidir. Bunları deməklə kimisə yarışmalardan imtina etməyə çağırmıram. Özüm də imkan düşdükcə müsabiqələrə qatılıram, birinci yerləri alanda da vətənimizi təmsil etdiyimdən qürur duyuram. Doğrusu, laureatları olduğum müsabiqələrdən hansını daha uğurlu saydığımı deməkdə çətinlik çəkirəm. Hamısında sevinmişəm, hər biri yazdığım spesifik əsərlə bağlıdır, hər biri o əsərin yazıldığı dövrdəki xatirələri yada salır.
- Azərbaycanda akademik musiqiyə maraq sizi qane
edirmi?
- Bu musiqinin auditoriyası dünyada çox kiçikdir, ölkəmizin miqyasına
görə isə daha da kiçik
görünür. Yazılan musiqinin
dəyərini verib anlayacaq, bölüşəcək
azsaylı insanların
mövcudluğu da çox gözəldir.
- Əsasən
hansı janrlarda əsərlər yazırsınız?
- Solo fleyta ifaçısı üçün
Samuel Bekketin mətni əsasında yazılmış
üçhissəli mono-operanı
bitirmişəm. Əsasən kamera musiqisi üzərində işləyirəm,
kiçik həcmli əsərlərimin sayı
daha çoxdur. Bu da əsasən
praktik məsələlərə
görədir.
- Mahnılar yazırsınızmı?
- Mahnı janrında təcrübəm
var. Onların ifası
isə geniş ictimaiyyətə təqdim
olunmayıb. Bu janrda işləməyim üçün müraciətlər
olarsa, məmnuniyyətlə
dəyərləndirərdim.
- Əsərlərinizin
dirijorlar tərəfindən
düzgün səsləndirildiyinə
əminsinizmi? Onlara bu
işdə yardımçı
olursunuzmu?
- Əsərlərimin
dünyaca məşhur
bir neçə dirijor tərəfindən
səsləndirilməsi və
onlarla işləmək
mənə bir gənc musiqiçi kimi böyük təcrübə qazandırıb.
Bu dirijorlardan David Gilberti, Theodore Antoniounu,
Jean-Phillippe Vurtzu böyük sevgi ilə anıram.
- “Simfonik
muğam” anlayışına
münasibətiniz necədir?
- Belə bir janrın mövcudluğuna inanmıram.
Bu iki söz
birləşməsini yalnız
o zaman qəbul edərdim ki, dırnaq içərisində
yazılmaqla yalnız
hansısa əsərin,
yaxud əsərlərin
başlığını bildirsin. Ayrıca bir janr kimi təqdim olunmasını isə qəbul etmirəm. Böyük sənətkarlarımızın bu qəbildən məşhur əsərlərini
isə dünya musiqisində tarixən yayğın olmuş rapsodiya janrına aid edirəm.
- Hazırda nə üzərində işləyirsiniz?
- İki
zərb ifaçısı
və elektron media üçün “19 zərif
konstruksiya” əsərini
bitirmək üzrəyəm.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.12.