“Balet,
ömrüm mənim”
filmi təqdim olundu
Dekabrın 8-də Nizami Kino Mərkəzində “Balet,
ömrüm mənim”
sənədli filmin təqdimatı keçirildi.
Filmin Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında çəkilib.
Təqdimatdan öncə filmin
yaradıcı heyəti
və çəkilişlərdə
iştirak etmiş
SSRİ Xalq artisti
Vladimir Vasilyevin iştirakı
ilə mətbuat konfransı keçirildi.
Mədəniyyət və Turizm
Nazirliyinin Kinematoqrafiya
şöbəsinin Kino yaradıcılığı
və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov çıxış
edərək film haqqında
fikirlərini bölüşdü.
Vurğuladı ki, film Azərbaycanın
görkəmli balet ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına həsr
olunub. Bu, Azərbaycanda balet ustalarının həyat və fəaliyyəti haqqında lentə alınmış ilk ekran əsəridir. Filmin leytmotivini
həyatda və yaradıcılıqdakı məhəbbət
mövzusu təşkil
edir.
Filmin rejissoru Gülər
Tokgöz çıxış
edərək ekran əsərinin ərsəyə
gəlməsindən danışdı.
Qeyd etdi ki, film yaradıcı
heyət üçün
seçdikləri peşədə
onilliklər boyu birgə yaşayıb fəaliyyət göstərmiş,
qoşa yaşlanmış
film qəhrəmanları ilə,
milli balet məktəbinin müxtəlif
inkişaf mərhələləri
ilə yaxından tanışlıq imkanı
yaradıb.
Vladimir Vasilyev Azərbaycanda olmaqdan və "Balet, ömrüm mənim" filmində yer almaqdan məmnun
olduğunu bildirdi.
Qonaq Rəfiqə Axundova və Maqsud Məmmədovun balet ustası kimi özünəməxsus yaradıcılıq
dünyası olduğunu
vurğuladı.
* * *
Sonra filmin təqdimat
mərasimi başladı.
Mərasimdə çıxış
edən mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev Rəfiqə Axundova və Maqsud Məmmədovun Azərbaycan
baletinin inkişafında
xüsusi xidmətləri
olduğunu dedi: "Sizin yaradıcılıq yolunuz Azərbaycan rəqs sənətinin tarixində ən parlaq səhifələrdən
biridir. Avropa üslubuna xas
olan akademik formaya ciddi riayət
etməklə rəqsin
ifası zamanı genişlik və emosional dolğunluq cəhətləri, personajın
mahiyyətinə dərindən
varmaq bacarığı
sizin yaradıcılıq
yolunuzun başlıca
cəhətinə çevrildi".
Ədalət Vəliyev vurğuladı ki, Azərbaycan baletinin qoşa qanadı - Rəfiqə Axundova və Maqsud Məmmədov uzun illər həyatda və yaradıcılıqda birgə
addımlayıblar: "Həm
milli baletlərdə,
həm dünya klassiklərinin əsərlərində
mürəkkəb partiyaları
ifa ediblər. Bu usta baletmeysterlər bir neçə baletə birgə quruluş veriblər. Onların arasında Azərbaycan balet tarixinə qızıl hərflərlə yazılan
"İldırımlı yollarla", "Yeddi gözəl", "Qobustan
kölgələri" və
"Babək" baletləri
də var".
Nazir müavini sonda
bir daha film münasibətilə Rəfiqə
Axundova və Maqsud Məmmədovu təbrik etdi.
Xalq artisti Fərhad
Bədəlbəyli və
SSRİ Xalq artisti
Vladimir Vasilyev çıxış
edərək balet ustalarının yaradıcılıq
yoluna nəzər saldılar. Qeyd olundu ki, onlar böyük yaradıcılıq yolu keçən bu günün canlı balet əfsanələridir.
Sonra filmin yaradıcı
heyəti səhnəyə
çıxdı. Yaradıcı heyət adından çıxış edən
filmin rejissoru Gülər Tokgöz göstərdiyi dəstəyə
görə Mədəniyyət
və Turizm Nazirliyinə minnətdarlığını
bildirdi.
Filmin qəhrəmanları Rəfiqə Axundova və Maqsud Məmmədov onların yaradıcılığına göstərilən
diqqətə görə
öz minnətdarlıqlarını
ifadə etdilər.
Bildirdilər ki, kiçik
yaşlarından kiçik
səhnələrdən başlayan
yaradıcılıq yolu
daha sonralar böyük səhnələrlə
əvəz olundu.
* * *
Daha sonra film nümayiş
olundu.
Qeyd edək ki, filmin
ssenari müəllifi Rəhilə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri
Qafar Məcidov və Aysel Rəcəblidir.
Ekrandakı hadisələr kinoxronika kadrları ilə canlandırılır, müxtəlif
illərdə filmin qəhrəmanları ilə
yaradıcılıq münasibətlərində
olan Azərbaycanın
və Rusiyanın görkəmli sənət
ustalarının - SSRİ xalq
artistləri Yuri Qriqoroviç,
Vladimir Vasilyev, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, SSRİ Xalq rəssamı Tahir Salahov, SSRİ Xalq artisti Fidan Qasımova,
Xalq yazıçısı
Anar, Əməkdar incəsənət xadimi,
professor Fərəc Qarayev,
dirijor, Xalq artisti Rauf Abdullayev
və başqalarının
xatirələrində şərh
olunur.
Rəfiqə Axundova və Maqsud Məmmədovun həyat amalı filmin son kadrlarında səslənir: “Biz yolumuza
davam edirik - artıq görə bildiyimiz işlərə nəzər salıb, hələ nələr edə biləcəyimizi düşünərək...”
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 9
dekabr.- S.2.