Görkəmli tarzənin xatirəsinə
həsr olunmuş musiqili
gecə
Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, məşhur tarzən, Xalq artisti Həbib Bayramovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış olublar.
Xatirə gecəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev çıxış edərək sənətkarın həyat və yaradıcılığından, milli musiqi tariximizdə xidmətlərindən danışıb. Xalq artisti, bəstəkar Tofiq Bakıxanov çıxış edərək mahir tar ifaçısı haqqında xatirələrini bölüşüb.
Bildirilib ki, Həbib Bayramov 1926-cı il iyunun
26-da anadan olub. Hər zaman sənətini yüksək ifaçılıq
mədəniyyəti ilə
fərqləndirməyə üstünlük verən
H.Bayramov tarı milli musiqi aləti
kimi sevirdi və onu öz
ifaçılığı ilə xalqa hər zaman sevdirirdi. Onun repertuarında “Rast”, “Şur”, “Çahargah”, “Humayun”, “Segah” və digər muğamlar əsas yer tuturdu. O, Bülbül, Xan Şuşinski, Zülfü
Adıgözəlov, Yavər
Kələntərli, Həqiqət
Rzayeva, Şövkət
Ələkbərova, Əbülfət
Əliyev, Rübabə
Muradova, Sara Qədimova
kimi görkəmli sənətkarları tarda
müşayiət edib.
Sənətkar tarla yanaşı,
həm də gözəl saz ifaçısı olub.
Onun sazda ifa etdiyi
“Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamları
milli radionun qızıl fondunda saxlanılır.
Həbib Bayramov 1973-cü ildən ömrünün sonunadək
Azərbaycan Dövlət
Televiziya və Radiosunun Əhməd Bakıxanov adına
Xalq çalğı
alətləri ansamblının
bədii rəhbəri
olub.
Tədbir konsert proqramı
ilə davam edib. Konsertdə Əhməd Bakıxanov adına Xalq
çalğı alətləri
ansamblının müşayiəti
ilə tanınmış
və gənc xanəndələrin ifasında
xalq, bəstəkar mahnıları və muğamlarımız səslənib.
Mədəniyyət.- 2016.- 9
dekabr.- S.6.