Post-avanqard
məkan: hüdudlar genişlənir
Dekabrın 7-də «Zamanla üz-üzə
IV» müasir musiqi layihəsinin sayca üçüncü payız
konserti baş tutdu. Beynəlxalq Muğam Mərkəzində
keçirilən konsert
proqramı «Porst-avanqard
məkanda müasir musiqi» adlanırdı.
Bu layihədə
zaman keçdikcə yeni-yeni ölkələri
təmsil edən bəstəkarların əsərlərini
eşidirik. Budəfəki konsert də istisna olmadı. Ötən həftə Rezo Kiknadze (Gürcüstan), Helena Tulve
(Estoniya) Əzizə Sadıkova (Özbəkistan)
kimi Azərbaycanın
musiqi aləminə o qədər də yaxşı tanış olmayan bəstəkarların
əsərləri ifa
edilmişdisə, bu həftənin ilk konsertində
yapon bəstəkarı
Yumiko Yokoinin əsəri
də Avropa müəlliflərinin əsərləri
ilə yanaşı ifa edildi.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlər qrupunun çıxış etdiyi konsertə Avstriya bəstəkarı və dirijoru Roland Freisitzer dirijorluq edirdi. R.Freisitzer adı post-avanqard musiqi məkanında kifayət qədər məşhurdur. Yeri gəlmişkən, bu bəstəkarın məşhurlaşmasında Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli isimlərindən biri - Fərəc Qarayevin də böyük rolu var. Belə ki, Vyana Konservatoriyasının məzunu olan Roland hələ 1999-cu ildə Bakı Musiqi Akademiyasında Fərəc Qarayevdən fərdi dərs almışdı.
Onun «Zamanla üz-üzə» konsert proqramına daxil edilmiş son bəstələrindən olan «Viola və kamera ansamblı üçün üç saylı konserti» isə müəllifin həyat yoldaşı, ifaçı və bəstəkar, tədqiqatçı Yuliya Purgina üçün nəzərdə tutduğu əsərlər silsiləsindəndir.
Konsertdə kamera ansamblı üçün bəstələnmiş «Kodama» (Yuliya Purgina, Avstriya), tərcümədə «Heç bir yerdə, lakin indi burada» mənasını verən «Nowhere, but here now» (Yumiko Yokoi, Yaponiya), «Rapitida» (İvo Nilsson, İsveç) əsərləri səsləndi.
Dekabrın 9-da «Zamanla üz-üzə IV» müasir musiqi layihəsinin sonuncu konserti keçiriləcək. Filarmoniyada baş tutacaq konsert «XX əsr. Avropaya səyahət» adlanır. Konsertdə Avstriya bəstəkarı Frans Şrekerin «Heç-heçə» operasından parçalar, Paul Hindemitin (Almaniya) «Schwanendreher» viola ilə orkestr üçün konserti, Qustav Holstun janrın böyük orkestr üçün simfonik süita kimi müəyyən etdiyi «Planetlər» əsəri səslənəcək.
Dirijor - Roland Freisitzer,
solist isə Yuliya Purginadır.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 9
dekabr.- S.7.