Azərbaycan-UNESCO əməkdaşlığı
müzakirə olunub
Mədəniyyət
və turizm naziri təşkilatın
baş direktoru ilə
görüşüb
Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 5-də Parisdə, UNESCO-nun baş qərargahında Dünya Mədəniyyətlərarası Dialoq Forumu Beynəlxalq işçi qrupunun toplantısında və “İrs naminə birlik” kampaniyası çərçivəsində “Mədəniyyətlərarası dialoqdan insan təhlükəsizliyinə, sülhdən davamlı inkişafa” adlı konfransda iştirak edib.
Dekabrın 6-da UNESCO-nun baş direktoru İrina Bokova mədəniyyət və turizm nazirini qəbul edib. Görüşdə Azərbaycan-UNESCO əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.
Nazir Əbülfəs Qarayev UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını baş direktora çatdırıb, ölkəmizin təşkilatla əməkdaşlığının inkişafında Mehriban xanım Əliyevanın mühüm rolu olduğunu bildirib.
İrina Bokova öz növbəsində Azərbaycan dövlətinə və birinci xanım Mehriban Əliyevaya həm UNESCO-nun fəaliyyətinə, həm də öz ölkəsində və bir çox digər üzv ölkələrdə mədəni irsin qorunmasına verdiyi töhfələrə görə minnətdarlığını ifadə edib.
Görüşdə mədəniyyət və irs sahələrində əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, növbəti ildə Bakıda keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk dəfə bu tədbir çərçivəsində təşkil olunacaq beynəlxalq təşkilatların rəhbərlərinin yüksək səviyyəli görüşü, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqu gücləndirmək üçün layihələr ətrafında fikir mübadiləsi aparılıb.
UNESCO-nun baş direktoru 5 dekabr tarixində keçirilmiş “Bakı prosesi” Beynəlxalq işçi qrupunun ali toplantısı və irs mövzusunda konfransın əhəmiyyətinə toxunaraq Azərbaycan ilə müxtəlif səpkidə beynəlxalq layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib, onun salamlarını ölkə rəhbərliyinə və Mehriban xanım Əliyevaya çatdırılmasını xahiş edib.
Əbülfəs
Qarayev səmimi qəbula və
görüşə görə təşəkkürünü
bildirərək xalqımızın mədəniyyətini əks
etdirən bir sıra kitab
və materialları baş direktora təqdim edib.
Mədəniyyət.- 2016.- 9
dekabr.- S.8.