Qeyri-neft sektorunda ən yüksək artım turizm sahəsində gözlənilir

 

 

   2017-2020-ci illərdə bu sahədə orta hesabla 7,4 faiz artım proqnozlaşdırılır

  

   Azərbaycanda ümumi daxili məhsulda qeyri-neft sektorunun payı qarşıdakı illərdə daha da artacaq. 2017-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun hesabına 75,7 faiz gəlir proqnozlaşdırılır. Bu rəqəm dekabrın 6-da Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı qeyd olunub.

   Maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci ilin büdcə və vergi siyasətinin əsas xüsusiyyətlərindən biri də əvvəlki illərdə yürüdülən fiskal yığcamlaşdırma siyasətinin davam etdirilməsidir. Nəticə etibarilə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği mərhələli şəkildə azaldılacaq. Gələn il transfertin məbləği cari illə müqayisədə 1 milyard 515 milyon manatya 20 faizədək azaldılaraq 6,1 milyard manat olacaq.

   Nazir qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat məbləğində olmaqla cari ilin proqnozuna nisbətən 567 milyon manatya 3,4 faiz azdır. Neft sektorundan daxilolmalar üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8,3 milyard manatı və ya 51,2 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşəcək ki, bu da cari illə müqayisədə 718 milyon manatya 9,5 faiz çoxdur.

   2017-ci ilin dövlət büdcəsi xərcləri 16 milyard 900 milyon manat təşkil edəcək və bu da cari illə müqayisədə 1 milyard 595 milyonya 8,6 faiz azdır.

   2017-2020-ci illərdə turizm sektorunun orta hesabla 7,4 faiz artacağı proqnozlaşdırılır.

   Bunu isə iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında deyib. O bildirib ki, xidmətlər sektorunda artım 2017-ci ildə 2,2 faiz, növbəti illərdə isə 2,3 faiz proqnozlaşdırılır. Turizmin inkişafı, onun iqtisadiyyatın rəqabətədavamlı sahəsinə çevrilməsi istiqamətində son illər görülən işlər, turistlərin tələbatının ödənməsi üçün zəruri xidmətlərin təşkili, elektron vizaların verilməsi, xarici vətəndaşların ölkəyə daxil olduqda ödədikləri ƏDV-lərin qaytarılması mexanizminin tətbiqi, ölkədə beynəlxalq tədbirlərin keçirilməsi ölkəyə turist cəlbinə şərait yaradır. Nazir qeyd edib ki, informasiya və rabitə sektorunda 2017-ci ildə 6,7 faiz, növbəti illərdə isə orta hesabla 5 faiz artım, 2017-ci ildə nəqliyyat sektorunda 2,9 faiz, növbəti illərdə isə 4 faiz artım gözlənilir.

   Ş.Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafında əhəmiyyəti olan Azad Ticarət Zonasının yaradılmasına da başlanılıb. Tikinti sektorunda isə investisiyaların azalması nəticəsində 20 faiz azalma gözlənilir. Görülən işlər nəticəsində gələn il bu azalmada səngimə müşahidə olunacaq.

   Növbəti il neft sektoruna 9,7 milyard manat, qeyri-neft sektoruna 5,6 milyard manat investisiya qoyuluşu gözlənilir. Gələn il bir sıra infrastruktur layihələri - Bakı Beynəlxalq Ticarət Limanının, Ələt-Astara avtomobil yolunun tikintisi, habelə nəzərdə tutulan bütün sosial layihələr davam etdiriləcək.

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.9.