“Azərxalça” regionlarda tədris-hazırlıq kurslarını davam etdirir

 

 

 

   “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov Tovuz, QazaxAğstafa rayonlarında təşkil olunan tədris-hazırlıq kurslarının toxucuları ilə görüşlər keçirib.

   Qurumdan bildirilib ki, görüşdə sözügedən rayonlarda xalçaçılığın müasir vəziyyəti, bu sənətin daha kütləvi şəkildə davam etdirilməsi imkanları müzakirə olunub. İndiyədək Tovuz rayonundan 90, Qazax rayonundan 118, Ağstafa rayonundan isə 141 toxucu tədris-hazırlıq kurslarına cəlb edilib. Onların arasında peşəkar xalça ustaları ilə yanaşı, bu sənətə yeni başlayan gənclər də kifayət qədərdir. Hanalarla, müvafiq alətlərlə, həmçinin xammalla təchiz olunan dərnəklərdə xalçaçılığı öyrənmək üçün hər cür şərait yaradılıb. Kurslarda xalçaçılığa dair əyani materiallar, dərslik və ədəbiyyatlardan istifadə edilir.

   Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti xalçaxalça məmulatlarının istehsalını, ixracını, ölkə daxilində və xaricində satışının təşkilini, xalçaxalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Yerlərdə tədris-hazırlıq kurslarının təşkili qurumun fəaliyyətinin perspektivli istiqamətlərindəndir.

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.11.