Cabir Novruz

 

 

 

   Tək elə təbiətən, fitri istedadən, “ixtisasən” yox, şəxsi hal-əhvalən də şair...

  

   Əlli illik yaradıcı ömründə “Sağlığında qiymət verin insanlara”, “Ayrı-ayrı doğulduq bu dünyada, axır gəlib bir olduq bu dünyadakimi misralarıyla virtual quruluşlara ictimai-fəlsəfi mesajlar vermiş, “Evimizə gəlin gəlir, Sığallayıb telin, gəlir” biçimli nəzmlərilə poetik-estetik xəlqi görüşlər, “Çox-çox adi dolanan, Gələcəyə inanan - Tələbə, tələbə” qəlibli qənaətlərilə məntiqi yürüşlər etmiş bu şair öz xarakter-xasiyyət aləmilə seçkin ailə başçısı, yoldaşı, milli sayğı-duyğulu ziyalı da olub.

   Kitabları uzun illər “stolüstü”lərdən olmuş, gözəl-gözəl, möhürbəndi mətnləri hələ də mahnılar brendi sayılan bu şairin, istər-istəməz diqqət kölgəliyində qalan həyat və əməl aləmindən qısa və -

  

   Nəsri “misralar”...

  

   1933-cü il martın 12-də Xızı rayonunun Upa kəndində anadan olmuş Cabir orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumunda təhsil alıb. 1952-ci ildə indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olan bu istedadlı, müxtəlif mövzulu şeirlərilə dövri mətbuatda müntəzəm çap olunan gənc bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsilə Moskvaya - M. Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və həmin ali məktəbi bitirdikdən sonra vətənə dönüb. 1958-ci ildə “Bakı” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan şair tezliklə ədəbi ictimaiyyət və rəhbərliyin diqqətini cəlb edib. 1967-ci ildə o, “Azərbaycan” ədəbi-bədii jurnalının redaktoru (sonralar müəlliflərin ayrıca “Cabir Novruz dövrü” adlandıracaqları) vəzifəsinə çəkilib. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin katibi işləyib, 90-cı illərin əvvəllərində “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olub.

   Yüksək mənəvi duyğular, ictimai-əməli iddialarla yaşamış bu ziyalı şair öz yaradıcılığı ilə xalqın vətənpərvərlik, mübarizlik, milli-mental ruhunun yüksəliminə mühüm poetik və nümunəvilik töhfələri verib. Millətimizə Vətənin taleyi üçündaimi müqəddəs narahatlıq hisləri”, böyük azərbaycançılıq ideyaları aşılayıb.

   Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib nəşr olunmuş şair həm də onlardan dilimizə çevirdiyi gözəl nümunələrlə Azərbaycan oxucusunun diqqət və rəğbətini qazanıb.

   Cabir Novruzun ictimai fəaliyyəti də diqqətəlayiqdir; həyatının bütün mərhələlərində respublikamızda gedən ictimai-siyasi proseslərin də fəal iştirakçısı olmuş şair, taleyüklü hadisələrin düzgün qiymətləndirilməsində əsl vətəndaş-ziyalı mövqeyi nümayiş etdirib.

   Ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilən Cabir Novruz Əməkdar incəsənət xadimi, Xalq şairi fəxri adlarına, Dövlət mükafatına, ordenmedallara layiq görülmüş, 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Prezident təqaüdçüsü olmuşdur.

   Yetmiş ilə yaxın ömrünün bütün şüurlu hissəsini poeziya, ədəbiyyat, sənət aləminə, milli ictimai-mədəni görəvlərə sərf etmiş şair 2002-ci il dekabrın 12-də əbədiyyətə qovuşmuşdur.

   Son cümlə ovqatına düşübən - “daha nə yazım” istixarəsində ikən, nitqimə belə bir fikir gəldi -

  

   Onun yazdıqlarından...

  

   Deməli, XX əsr Azərbaycan ədəbiyyatının parlaq bir səhifəsindən. Qədim milli ədəbi-bədii irsimizin zəngin ənənələrinin ən qabil müasir davamından. Ədəbiyyat aləmimizdə imzalandığı ilk illərdən yüksək bəşəri-mənəvi dəyərlərin tərənnümündən. Bədii-poetik ruhu, səviyyəsi, mövzu rəngarəngliyilə seçilən lirikepik lövhələrdən.

   Məlum birrəng, yeknəsəq dövrdə hər şəxsi-ictimai obraz-elementlərilə seçilmiş bu şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı, üzdə sovet, içdə Azərbaycan vətəndaşı ruhunun hakim olduğu poeziyası öz dil, bədii gözəllik və rəvanlığı ilə də səciyyələnir. Bu şair, vaxtaşırı olaraq, öz “qəribə” fikirlərilə bir-birini təkrar edən günlərə, aylara, rüblərə “məxlətə” qatır, tramvay-trolleybus monoyollu quruluşa monoloqlar söyləyirdi. Elələrindən biri də belə:

  

   Bir arzum var, ay adamlar, qoyun deyim,

   Sağlığında qiymət verin insanlara,

   Yaxşılara sağlığında yaxşı deyin,

   Sağlığında yaman deyin yamanlara.

   Yalnız, yalnız sağ olanda,

   Hər kəs əsl qiymətini bilər onda,

   Sağlığında sevindirin təmizləri,

   Sağlığında ifşa edin xəbisləri,

   Satqınlara sağlığında satqın deyin,

   Tülkü deyin tülkülərə,

    Aslan deyin aslanlara.

   Sağlığında qiymət verin insanlara...

   Hər kəs bilsin öz yerini necə sağdır,

   Bu, pislərin həyatını qısaltmaqdır,

   Yaxşıların həyatını uzatmaqdır...

  

   Kitablarından birininön söz”ündəNeçə-neçə şeir kitabım çap olunsa da, yenə həyəcan içindəyəm; mən bu imtahandan necə çıxacağam?..yazan şair əhatəsində olduğu müasir səviyyəli, onu sevməklə bərabər, həqiqətləri yaxşı görüb-duyanhaqqı-həqiqi oxucular”a deyirdi:

   

   Tək yaşamaq istəmirəm özüm üçün,

   Anam üçün, oğlum üçün, qızım üçün.

   Qoyun məndən inciməsin əzizlərim,

   İstəmirəm bir onlara gərək olum,

   İstəyirəm milyonlara gərək olum.

   Lazım olum insanların bu gününə,

    xoş vaxtına,

   Xəstəsinə, sağlamına,

    bədbaxtına, xoşbaxtına...

  

   Poeziyası təbiilikdən, səmimi hisslərdən yoğurulan, ürəyi ilə dili, həyatı ilə əməlləri arasındakı ən cüzi fərqlərin fərqinə varan Cabir Novruzun poeziyaya gəlişi səssiz-“küysüzolmayıb bu sevgilixaosonu ömrü boyu müşayiət edib. Haqqında yazılan məqalələrdə, kitablarına həsr edilən resenziyalarda tez-tezCabir Novruz təbiiliyi tərənnüm edir çox sadə yazırkimi qənaətlər çoxdur mən əlavə edim ki, o, buna qeyri-adi təbiiliklərlə nail olub - hətta insanları təbiiliyə çağrısında da:

  

   Bu robotlar dövründə mən

   İstəyirəm təbiiliyi vəsf eləyim.

   Söyləyirəm;

   Alimlərin fikri olun,

   şairlərin təbi olun.

   Ey ilhamlı istedadlar,

   təbii olun.

   Ey fəhlələr, ey nazirlər,

   Üzü yeni, içi köhnə müasirlər,

   təbii olun.

   Vəzifədə əyləşənlər,

   adamların taleyinə qol çəkənlər,

   Təbii olun, təbii...

  

   ŞairQərbi Berlin” panoram-poemasında - özündə əsrin ən bəlalı dramatizmini yaşadan İkinci Dünya müharibəsindən bəhs edən əsərində qəlbinə məxsus lirizmdənqaçabilməyib. Həmin müharibədən 25-30 il keçməsinə (ötən əsrin 70-ci illəri) baxmayaraq, hələ oğul yolu gözləyən analar, nənələr Almaniya səfərinə hazırlaşan poema müəllifinə vahiməyləgetmə ora!” deyirlər. Poemanın əvvəlində bu sədaların özünü bir müharibə sədası kimi təqdim etməyə çalışan şair, faciəvilirizm”ə keçir:

   

   Milyon-milyon

   adda ölən,

   Göydə, suda,

   odda ölən,

   Buludların qucağında,

   Ölüm adlı fabriklərin

   ocağında

   yananlara,

   Dəryaların diblərində

   batanlara,

   Parça-parça didilənə,

   Tikə-tikə bölünənə,

   Bədəninin hər hissəsi

   bir məzara gömülənə

   ...Ehtiramla neçə kərə baş əyərək,

   Göz yaşımı yumruğumun

   arxasıyla

   silə-silə

   gəldim bura...

   

   Bu poetik mübariz ömrün son sədalarından biri belə adlanır: “İxtiyarım olsa idi...”

   Bu poema-ittihamı şairincəmiyyətdə, məmləkətdə baş verən hadisələrə biganə qala bilməməsi adlandırmaq olar. Mən zamandır torpağı düşmən tapdağında qalan, ad-sanı xar olan bir şair, bir vətəndaş, bir azərbaycanlı kimi yanıb-qovrulur, az qala öz içimdə boğuluram. Gümanım isə bir qələmimə çatır”:

  

   Bu qədər çal-çağır olar?!

   Belə unutqanlıq olar,

   Bu qədər bədyanlıq olar?!

   Torpaqlar al qan içində,

   Ekran toy-bayram içində.

   Analar ah-vay içində,

   Efirsə “bay-bay” içində.

   ...Necə yaşayıb-ölürük,

   Qarabağ xar olan yerdə?!

   Necə deyirik-gülürük,

   Şuşada sar olan yerdə?!

   

   Allah rəhmət eləsin...

  

   Tahir Abbaslı 

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.13.