Antik keramika nümunələri, nadir artefaktlar...
Şağan qəsəbəsində tarix-etnoqrafiya
muzey-qalereyası yaradılıb
Dekabrın 7-də
paytaxtın Xəzər
rayonunun Şağan
qəsəbəsində diyarşünas
Səyavuş Əlizadənin
topladığı materiallar
əsasında “Xəzər”
Tarix-etnoqrafiya muzey-qalereya
kompleksinin ilk ekspozisiyasının
açılışı keçirilib.
Muzeyin rəhbəri Səyavuş
Əlizadə bu işdə ona köməklik göstərən
əlaqədar qurumlara
öz minnətdarlığını
bildirib. Vurğulayıb ki, muzey-qalereyada antik dövrlərə aid
eksponatlardan tutmuş Azərbaycan mədəniyyətinin,
etnoqrafiyasının müxtəlif
istiqamətlərini özündə
əks etdirən nadir
tarixi artefaktların, eləcə də heykəl, keramika, rəsm əsərlərini
bir araya gətirilib.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, millət vəkili Rauf Əliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və başqaları muzey haqqında fikirlərini bölüşüb, S.Əlizadəyə uğur arzulayıblar. S.Əlizadənin arxivində eramızdan əvvələ məxsus keramika nümunələri, nadir əmək alətləri, orta əsrlərə aid etnoqrafik-arxeoloji nümunələr, XVII-XIX əsrlərə dair əlyazma və daşbasma kitablar, kəlağayılar, mis qablar, görkəmli şəxsiyyətlərə aid şəxsi əşyalar, əlyazmalar, Azərbaycana məxsus qədim numizmatika, bonistika, filateliya nümunələri, eləcə də 80 azərbaycanlı, 10 xarici rəssama məxsus 500-dən artıq rəsm əsəri yer alıb.
İlkin ekspozisiyada 50 rəssamın 70 rəsm əsəri, 5 heykəl, qədim tikmə məmulatları, antik mis, keramika örnəkləri, eləcə də Şağan qəsəbəsindən tapılan arxeoloji materiallar sərgilənir.
Qeyd edək ki, S.Əlizadənin rəsm kolleksiyası digərlərindən onunla fərqlənir ki, o, görkəmli rəssamların məşhur əsərlərinin eskizlərini, etüdləri, qrafika və onun kseloqrafiya, offor, linoqravür, litoqrafiya və s. istiqamətlərini, eləcə də pastel boya, yağlı boya, akvarel nümunələrini əldə edə bilib.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 9 dekabr.- S.13.