Ağdamın Quzanlı qəsəbəsində
Muğam Mərkəzi inşa
ediləcək
Xəbər verildiyi ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də
Ağdam rayonuna səfər zamanı Quzanlı qəsəbəsində
Ağdam Muğam Mərkəzinin təməlqoyma
mərasimində iştirak
ediblər.
Cəbhəyanı bölgədə yeni mədəniyyət ocağı Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikiləcək.
İnşaat işlərini həyata keçirəcək “Azəraqrartikinti” ASC-nin sədri Ağalar Vəliyevin bildirdiyinə görə, Muğam mərkəzi üçün rayon İcra Hakimiyyəti tərəfindən Xındırıstan-Quzanlı avtomobil yolunun kənarında böyük torpaq sahəsi ayrılıb. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Ərazidə 60 avtomobil üçün dayanacaq tikiləcək.
Binada
328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə
və dərs otaqları yaradılacaq. Xalqımızın
zəngin milli-mənəvi sərvəti olan
muğamın təbliğinə və onun
yaşadılmasına xidmət edəcək bu
mühüm layihə də ölkəmizdə
musiqi mədəniyyətinin
inkişafına öz töhfəsini verəcək.
Mədəniyyət.-2016.- 9 dekabr.- S. 15.