Vaşinqtonda beynəlxalq qış sərgisində
Azərbaycan guşəsi
Ölkəmizin mədəniyyəti, mətbəxi, turistik imkanları təqdim edilib
ABŞ paytaxtı Vaşinqtonun ən böyük inzibati tikilisi olan Ronald Reyqan adına biznes
mərkəzi və Beynəlxalq Ticarət Mərkəzi tərəfindən
təşkil edilən
ənənəvi “Qış
beynəlxalq səfirlik
sərgisi” keçirilir.
Dekabrın 7-də sərgidə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ölkəmizin zəngin mədəniyyət nümunələri diplomatik korpusun nümayəndələrinə, media təmsilçilərinə və geniş ictimaiyyətə təqdim olunub.
“Qış beynəlxalq səfirlik sərgisi”nin məqsədi Vaşinqtonda akkreditə olunmuş xarici ölkə səfirliklərinə öz milli mədəniyyətlərini, mətbəxlərini, ölkələrinin görməli yerlərini təbliğ etmək üçün imkan yaratmaqdır.
Tədbir çərçivəsində Azərbaycan səfirliyi tərəfindən ölkəmizin mədəniyyətini əks etdirən kiçikölçülü xalça nümunələri, milli geyimlər, müxtəlif eksponat və suvenirlər, habelə qədim tarixi abidələri, ölkəmizin müasir infrastrukturunu və turizm potensialını özündə əks etdirən şəkillər nümayiş etdirilib. Ziyarətçilər, həmçinin Azərbaycanın zəngin mətbəxinin müxtəlif təamlarına, şirniyyatlara və içkilərə qonaq ediliblər.
Səfirliyin əməkdaşları ölkəmiz, onun iqtisadi, mədəni və turizm potensialı barədə ziyarətçilərə geniş məlumat verib, Azərbaycan haqqında müxtəlif kitablar, jurnal və bukletlər paylayıblar.
Qeyd edək ki, ölkəmiz sərgidə ən iri stendlərdən biri ilə təmsil olunub. Azərbaycanın mədəniyyəti və mətbəxi böyük ziyarətçi marağına səbəb olub.
Hər ilin dekabrında keçirilən və geniş ictimaiyyətə açıq olan bu sərgi Vaşinqtonun mədəni həyatında ən böyük və maraqlı tədbirlərdən hesab olunur. Builki tədbirdə 37 dövlət təmsil olunub.
Mədəniyyət.-2016.- 9 dekabr.- S. 16.