Yerin altında sənət sərgisi

 

       Metro Gallery” layihəsi bu dəfə “Azərbaycan rəssamları”nı təqdim edir

  

   Dekabrın 1-də Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasının yeraltı keçidlərində “Metro Gallery” layihəsi çərçivəsində növbəti sərgi açılıb. Stansiyanın hər iki vestibülündə “Azərbaycan rəssamları” adlı sərgi nümayiş olunur. “Bakı MetropoliteniQSC-nin təşkilatçılığı ilə keçirilən sərgidə 37 həvəskar rəssamın 90 əsəri nümayiş etdirilir.

   Sərgi ilə tanış olub, əsərlərə maraq göstərən şəhər sakinlərinin fikirlərini öyrəndik. Reportaj hazırladığımız vaxt gününün sonuna yaxın idi.

   Kimisi yorğun keçən gününün sonunda fikirli halda ötəri, kimisi də diqqətini çəkdiyindən ayaq saxlayıb sərgiyə baxırdılar. Metro keçidində dost-tanışını gözləyənlər isə yaranmış boş vaxtdan faydalanaraq bütün əsərləri diqqətlə seyr edirdilər.

   Nümayiş olunan rəsmlər ölkəmizin təbiət mənzərələri, adət-ənənələri, milli geyimləri, müasir inkişafı və həyat tərzini əks etdirir.

   Sərgini maraqla seyr edən iki gəncə yaxınlaşırıq. SamirElnur Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kursunda təhsil alırlar. Elnur deyir ki, özüm də həvəskar olaraq rəsm çəkirəm: “Ona görə də burda olan rəsmlər diqqətimi çəkdi. Düşünürəm ki, belə sərgilər həm şəhər sakinləri, həm də ölkəmizə gələn xarici qonaqlar üçün maraqlıdır. Bu rəsmlər vasitəsilə ölkəmiz haqqında kifayət qədər məlumat almaq olur”.

   Samir isə daha çox təbiət mənzərələrinə baxdığını deyir: “Bayaq burada bir rəsm diqqətimi çəkdi. Uzaqdan baxanda fotoya bənzəyirdi. Yaxınlaşıb gördüm ki, yox, bu yağlı boya ilə çəkilmiş bir rəsmdir”.

   Tofiq Vəliyev Bakı şəhər sakinidir. Evi metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşir. Deyir ki, hər gün işə gedərkən bu keçidlərdən keçməli oluram: “Bu keçidləri bir-iki il olar təmir ediblər. Əvvəllər burada ticarət köşəkləri var idi. Heç rahat gedib-gəlmək də olmurdu. İndi isə belə gözəl sərgilər təşkil olunur. Bu da Bakının müasir bir şəhər kimi inkişaf etməkdə olduğunu göstərir”.

   Aytən Həsənova Bakı şəhərindəki məktəblərin birində müəllimə işləyir. Metro keçidlərində təşkil olunan sərgilərin insanlarda xoş təəssürat oyatdığını deyir: “Hərdən olur ki, burada kimisə gözləməli olursan. 10-15 dəqiqə vaxtın gedir. Həmin zamanı belə sərgilərə baxmaqla keçirsək, demək, vaxtımızı boşuna keçirməmiş olarıq”.

   Qeyd edək ki, rəsm sərgisinin keçirilməsi ilə bağlı Bakı Metropoliteni yaz aylarında elan veribxeyli sayda rəsm əsərləri daxil olub. Münsiflər heyəti tərəfindən 90 əsər seçilərək sərgidə nümayiş etdirilir. Rəsm sərgisi 6 ay müddətində davam edəcək. Bu tip sərgilərin “Metro Gallery” layihəsi çərçivəsində “Gənclik” və “Nəriman Nərimanov” metro stansiyalarında davamlı təşkil olunması nəzərdə tutulur.

  

   Fariz Hüseynov

  Mədəniyyət.-2016.- 9 dekabr.- S. 16.