Şəkinin tarixi hissəsinin Dünya İrs Siyahısına daxil edilməsi müzakirə olunub

 

 

   8-9 dekabr tarixində Parisdə, UNESCO-nun baş qərargahında Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitənin 11-ci sessiyası keçirilib. Sessiyada mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

   Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasının ikinci Protokoluna qoşulmuş 12 üzv dövlətdən ibarət olan komitə ildə bir dəfə toplantı keçirir. Azərbaycan 2015-ci ildə 4 il müddətinə komitəyə üzv seçilib.

   Sessiyanın gündəliyində “gücləndirilmiş mühafizə” statusu üçün təqdim edilmiş müraciətlərə baxılması, Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması Fondundan beynəlxalq yardımın təqdim edilməsi, təhlükə altında olan mədəni mülkiyyətə dairMavi Qalxan” (Blue Shield) təşkilatının hesabatının dinlənilməsi, fandreyzinq strategiyasının nəzərdən keçirilməsi kimi məsələlər yer alıb.

   Komitə üzvləri UNESCO ilə San-Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən birgə hazırlanmış “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hərbi Bələdçi”nin hazırlanmasında göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər.

   Səfər çərçivəsində nazir müavini Sevda Məmmədəliyeva “Şəki və onun tarixi hissəsi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün Dünya İrs Komitəsinə üzv ölkələr ilə danışıqlar aparıb. Görüşdə komitə üzvləri tərəfindən Azərbaycanın komitədə üzv kimi fəaliyyətinin mədəni irsin həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə qorunmasının bariz göstəricisi olduğu vurğulanıb.

   Sevda Məmmədəliyeva üzv ölkələrin diqqətinə çatdırıb ki, “Şəki və onun tarixi hissəsi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün Azərbaycanın təqdim etdiyi sənədlər toplusu peşəkarlar tərəfindən hazırlanıb və tələb olunan kriteriyaları özündə ehtiva edir.

   Tövsiyə olunub ki, Azərbaycan tərəfi digər ölkələrin bu istiqamətdə təcrübəsini nəzərdən keçirsin və gələcəkdə ortaya çıxacaq suallara əvvəlcədən hazırlığı təmin etsin.

   Qeyd edək ki, hazırda İçərişəhər memarlıq kompleksiQobustan Milli tarixi-bədii qoruğu UNESCO-nun Dünya İrs Siyahısında yer alır. Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasının ikinci Protokoluna əsasən Qobustan qoruğu və İçərişəhər kompleksinə “gücləndirilmiş mühafizə” statusu verilib.

 

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.4.