Xoreoqrafiya sahəsində əməkdaşlıq
məsələləri müzakirə edilib
Dekabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan rusiyalı baletmeyster, xoreoqraf, teatr rejissoru, SSRİ Xalq artisti Vladimir Vasilyevi qəbul edib.
Tanınmış xoreoqraf Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov haqqında “Balet, ömrüm mənim” sənədli filminin təqdimatında iştirak etmək üçün paytaxtımıza gəlmişdi. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınan ekran əsəri dekabrın 8-də Nizami Kino Mərkəzində təqdim olunub. Rusiyalı baletmeyster filmin çəkilişlərində iştirak edib.
Qonağı salamlayan nazir baletmeysterin yaradıcılığı ilə yaxından tanış olduğunu bildirərək onu Bakıda görməyindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, iki ölkə arasında xoreoqrafiya sahəsində əlaqələr davam etməli, gənc nəsil görkəmli balet ustalarının məktəbini öyrənməli və bu ənənələri davam etdirməlidirlər. Nazir Vladimir Vasilyevin hazırladığı tamaşaları izlədiyini və balet səhnəsində onu əvəzsiz mütəxəssis kimi dəyərləndirdiyini diqqətə çatdırdı.
Qonaq öz növbəsində filmin nümayişindən aldığı təəssüratı nazirlə bölüşərək ilk dəfə Bakıda olmasından məmnunluğunu ifadə etdi. O, uzun müddət dostluq etdiyi xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına verilən qiyməti yüksək dəyərləndirdi. İncəsənət adamlarının hər bir dövlətin milli sərvəti olduğunu deyən V.Vasilyev Azərbaycanda balet sənətinə göstərilən diqqətdən razılığını ifadə etdi.
Əbülfəs Qarayev vaxtilə balet tamaşalarının mədəni həyatda böyük hadisə kimi geniş rezonans doğurduğunu xatırladaraq görüşdə iştirak edən Rəfiqə Axundova və Maqsud Məmmədovun yubileylərinin də keçirilməsinin planlaşdırıldığını dedi. Nazir vurğuladı ki, iki ölkə xoreoqraflarının əməkdaşlığı və bu sahədə qarşılıqlı mübadilə bu sənətdə yeni üfüqlərin açılmasına zəmin olacaq. Bu mübadilə yeni ideyaların həyata keçirilməsində mühüm rol oynaya bilər. Vaxtilə Rusiya səhnəsində tamaşaya qoyulan Azərbaycan baletlərinin müasir dövrdə də yenilənməsinin əhəmiyyəti qeyd olundu.
Bakı Xoreoqrafiya Akademiyasının yaradıldığını qonaqların diqqətinə çatdıran nazir Azərbaycan gənclərinin xoreoqrafiya sahəsinə marağının artırılması yolunda aparılacaq işlərdən də danışdı.
Söhbət zamanı xoreoqrafiya sahəsində problemlər və perspektivlər, gənc nəslin balet sahəsinə marağının artırılması, birgə layihələrin həyata keçirilməsi, iki ölkə arasında balet ustalarının ustad dərslərinin keçirilməsi, birgə tamaşaların hazırlanması ilə bağlı fikir mübadiləsi aparıldı.
Qonaq ona göstərilən diqqətə görə minnətdarlığını bildirdi və Azərbaycanla əlaqələrini bundan sonra daha da geniş şəkildə davam etdirəcəyinə ümidvar olduğunu dedi.
Lalə
Mədəniyyət.- 2016.- 14 dekabr.- S.5.