Həyatımızın bütün
sahələrində ulu öndərin izi, tövsiyəsi əksini tapıb
Dekabrın 9-da Milli Kitabxanada Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş iclası keçirildi.
Öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dahi siyasətçinin həyat və fəaliyyəti, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs edən, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunmuş “Əbədiyyət yolu” sənədli filmi nümayiş etdirildi.
Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri, YAP Səbail rayon təşkilatı mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının sədri Yaşar Əliyev iclası açaraq gündəlikdəki məsələlər barədə məlumat verdi.
Şöbə müdiri ulu öndərin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğıdan, xalq qarşısında tarixi xidmətlərindən söhbət açdı. Bildirdi ki, Heydər Əliyevin vəfatından illər ötdükcə onun dahi şəxsiyyət olduğu bir daha təsdiqlənir. Ümummilli liderin həyat və fəaliyyətində, əməllərində onun doğma xalqa, onun irsinə, dəyərlərinə bağlılığı, bu xalqın övladı olması ilə qürur duyduğu öz əksini tapıb: “Bu gün cəmiyyət həyatının bütün sahələrində ulu öndərin izi, tövsiyəsi, düşüncəsi öz əksini tapmışdır. Bu proses davam edəcək və Heydər Əliyevin xatirəsi xalqın yaddaşında əbədi qalacaq”.
Vurğulandı ki, Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Bu uzaqgörən siyasətin nəticəsində Azərbaycan yerləşdiyi regionun, hətta dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.
Sonra nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsi Elm sektorunun müdiri Vüqar Məmmədovun ümummilli liderin zəngin həyat və fəaliyyətindən bəhs edən məruzəsi dinlənildi. Qeyd olundu ki, ümummilli lider bütün həyatını ölkəmizin dirçəlişinə və insanların xoşbəxtliyinə həsr edib: “Biz onu böyük siyasətçi, həm də hər bir azərbaycanlıya doğma olan dahi şəxsiyyət kimi qəbul edirik. Ölkəmizdə neft strategiyasından kənd təsərrüfatının inkişafınadək aparılan böyük siyasətin əsas prioritetləri məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib”.
Diqqətə çatdırıldı ki, Azərbaycan mədəniyyətinin dünyada yüksək səviyyədə təbliğ olunmasının bünövrəsini də ümummilli lider qoyub. O, istər sovet dövründə, istərsə də müstəqillik illərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib.
Məruzədən sonra gündəlikdə duran məsələlər nəzərdən keçirildi. YAP sıralarına daxil olmaq arzusunda olan gənclərin müraciətlərinə baxıldı və müvafiq qərar qəbul edildi.
Fariz
Hüseynov
Mədəniyyət.- 2016.- 14
dekabr.- S.6.