“Zamanla üz-üzə”
layihəsinin növbəti mərhələsi başa
çatdı
Dekabrın 9-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Zamanla üz-üzə” IV müasir musiqi layihəsinin payız mövsümünün sonuncu konserti keçirildi. Xatırladaq ki, bədii rəhbəri Azərbaycanın Əməkdar incəsənət xadimi, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev olan layihənin builki payız konsertləri noyabrın 30-da, dekabrın 2-də və 7-də gerçəkləşmişdi.
“XX əsr. Avropaya səyahət” adlı axırıncı konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında ilk olaraq Avstriya bəstəkarı Franz Şrekerin (Schreker) “Heç-heçə” operasının giriş hissəsi təqdim edildi. Avstriyalı dirijor Roland Freisitzerin idarəçiliyi ilə keçən konsertin ilk musiqisi həzin, kövrək notlarla başlayıb insanı dərin, həyəcanlı duyğulara apardı. Əsər insanı daxili sarsıntılara salsa da, sonda ümid və inama çağırırdı.
Sonra Paul Hindemithin “Schwanendreher” 4 hissəli viola və orkestr üçün konserti səsləndi. Əsərin solo hissəsini avstriyalı skripkaçı Yuliya Purgina ifa etdi.
Dörd hissədən ibarət əsərin sanki hər birinin ayrıca süjeti vardı, bununla belə hissələri bir-birinə bağlayan ümumi xətt də aydın sezilirdi.
Sonra Qustav Holstun
böyük orkestr üçün simfonik süitası - “Planetlər”
səsləndirildi. Əsəri simfonik
orkestrlə yanaşı,
Azərbaycan Dövlət
Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) ifa etdi. Əsər daha çox sərt, dramatik məqamlarıyla yadda qaldı.
Bildirək ki, layihənin
başlıca cəhəti
bir çox müasir musiqi əsərlərinin Bakıda
ilk dəfə ifa olunmasıdır. İlk dəfə
2007-2008-ci illər konsert
mövsümündə gerçəkləşən
layihədə barokko və klassisizm musiqisi ilə yanaşı, çağdaş
bəstəkarların əsərləri
də səsləndirilib.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 14
dekabr.- S.8.