O, ifası ilə insanları böyük amallara səsləyirdi
Milli Kitabxanada Rəşid
Behbudova həsr olunan
nəşrlərin təqdimatı keçirildi
Dekabrın 9-da Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə “Rəşid Behbudov” fotoalbomu və “Rəşid Behbudov. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirildi.
Nəşrlər dünya şöhrətli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 100 illiyi haqqında dövlət başçısının müvafiq sərəncamına əsasən hazırlanıb.
Əvvəlcə görkəmli müğənninin ifalarından ibarət qısa video-slayd nümayiş olundu.
Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq Rəşid Behbudovun Azərbaycan musiqi sənətinə verdiyi əvəzsiz töhfələrdən danışdı.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirdi ki, Rəşid Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyət tarixinin yetirdiyi böyük simalardan biridir. Qeyd olundu ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən unudulmaz müğənninin 100 illiyi münasibətilə respublikamızda və onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilib. Bu tədbirlər içərisində ən əlamətdarı isə Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın iştirakı ilə Rəşid Behbudovun adını daşıyan Mahnı Teatrının önündə sənətkarın möhtəşəm abidəsinin açılması oldu.
Vurğulandı ki, Rəşid Behbudovun oxuduğu yüzlərlə mahnı sadəcə ifa deyildi. Bu mahnılar güclü təsir qüvvəsinə malik idi. O, ifa etdiyi nəğmələrlə insanları böyük amallara səsləyirdi. Nazir müavini müğənninin aktyor məharətindən də danışdı. Bildirdi ki, onun çəkildiyi filmlər aktyor ustalığı sayəsində hər zaman böyük sevgi ilə izlənilir. Hər dəfə yaşımızın üstünə yaş gəldikcə bu filmlərdə yeni bir baxış, yeni ştrixlər görürük.
Sovet dövründə estrada artistinə Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsinin istisna hal olduğunu deyən nazir müavini Rəşid Behbudovun SSRİ-nin ən yüksək təltifinə layiq görülməsində ulu öndər Heydər Əliyevin mühüm rolu olduğunu bildirdi: “Bu, ulu öndərin Rəşid Behbudov sənətinə verdiyi qiymət idi”.
Ədalət Vəliyev müğənnini xoşbəxt sənətkar kimi xarakterizə etdi: “Ona görə ki, o hər gün televiziya kanallarında, radio dalğalarında, kitablarda, müxtəlif audio yazılarda xalqın yaddaşında yenidən canlanır, xatırlanır. Azərbaycan xalqı böyük sənətkarı heç zaman unutmayacaq”.
Nazir müavini dekabrın 14-də Heydər Əliyev Sarayında R.Behbudovun 100 illiyinə həsr olunmuş yubiley tədbirinin keçiriləcəyini də diqqətə çatdırdı.
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Xalq artisti Mübariz Tağıyev, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə və başqaları Rəşid Behbudovun ömür yolundan və yüksək ifaçılıq məharətindən söz açdılar, onunla bağlı xatirələrini bölüşdülər.
Bildirildi ki, R.Behbudovun Azərbaycan vokal sənətində qoyduğu dərin iz və yaratdığı milli vokal məktəbinin ənənələri bu gün də davam etdirilir. Musiqi təhsili sistemində bu məktəbdən bəhrələnməyin zəruriliyi vurğulandı. Diqqətə çatdırıldı ki, R.Behbudov 1966-cı ildə musiqi və estrada sənətinin müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun bədii rəhbəri olmuşdur. R.Behbudov istər yaradıcı, istərsə də ictimai xadim kimi fəaliyyəti ilə cəmiyyətə təsir etməyi bacarırdı.
Sonda Rəşid Behbudovun ailəsi adından çıxış edən Kamil Şahverdiyev sənətkarın xatirəsinə göstərilən diqqətə görə dövlət başçısına və əlaqədar təşkilatlara təşəkkürünü bildirdi. Vurğuladı ki, Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filminin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə rəngli variantda bərpa edilməsi və 2015-ci ildə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən Hollivudda nümayiş olunması Rəşid Behbudov sənətinə, Azərbaycan mədəniyyətinə böyük diqqətin nəticəsidir.
L.Azəri
Mədəniyyət.-
2016.- 14 dekabr.- S.8.