Görkəmli kitabxanaşünas alim, mədəniyyət xadimi

 

 

   Bu il kitabxana ictimaiyyəti çox əlamətdar bir yubileyi - görkəmli kitabxanaşünas alim, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 85 illiyini qeyd edir. Abuzər müəllim Azərbaycanda ali təhsil sisteminin və Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi kimi kitabxanalarımızın inkişafında əvəzsiz xidmətləri olan, elm, təhsil və mədəniyyətin inkişafına öz dəyərli töhfələrini verən alimdir.

   İftixar hissi ilə deyə bilərik ki, ölkəmizdə kitabkitabxana mədəniyyətinin təşəkkülü və inkişaf mərhələlərini sistemlikompleks tədqiq edən ilk tədqiqatçı Abuzər Xələfovdur. Onun namizədlik və doktorluq dissertasiyaları bu problemin həllinə həsr olunmuşdur. İlk dəfə olaraq 1961-ci ildə “Azərbaycanda kitabxana işinin tarixindən (1920-1932)” mövzusunda namizədlik, 1975-ci ildə isə “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək həm Azərbaycanda, həm də keçmiş sovet məkanında kitabxana işi sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi almışdır.

   Görkəmli alim olmaqla yanaşı, Abuzər müəllim Azərbaycan ali təhsil sistemində xüsusi yerinüfuzu olan ustad pedaqoqlarımızdan, söz sahibi olan müdrik ağsaqqallarımızdan biridir. Bütün şüurlu həyatını Bakı Dövlət Universitetinin inkişafına həsr etmiş professor A.Xələfovun ən böyük canlı əsəri bu tədris ocağının Kitabxanaçılıq-informasiya fakültəsidir. 25 il həmin fakültənin dekanı vəzifəsini yüksək peşəkarlıq və məsuliyyətlə, təşkilatçılıq bacarığı və idarəçilik səriştəsi ilə icra edən alim ixtisaslı elmi kadrların hazırlanmasında, sahənin elmi potensialının möhkəmlənməsində böyük zəhmət və əmək sərf etmişdir. A.Xələfov sonradan bu barədə yazırdı: “Müstəqil kitabxanaçılıq fakültəsinin təşkili Azərbaycan mədəniyyət və təhsil tarixində çox mühüm hadisə idi. Fakültənin yaradılması mədəniyyətin olduqca mühüm sahələrindən biri olan müxtəlif tip kitabxanaları yüksəkixtisaslı kadrlarla təmin etmək imkanı verməklə bərabər, respublikamızda əhaliyə kitabxana xidmətinin təşkilinin yaxşılaşdırılmasına şərait yaradırdı. Bu hadisə eyni zamanda kitabxanaşünaslıq və biblioqrafiya elmlərinin inkişaf etdirilməsi, əsaslı elmi tədqiqatların aparılması, elmi işçilərin və fakültə üçün müəllim kadrların hazırlanması sahəsində geniş imkanlar açdı”.

   1955-ci ildən - Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyətə başladığı müddətdən bu günə kimi A.Xələfov Azərbaycanda kitabxanaşünaslığın ayrı-ayrı problemləri üzrə ilk elmi tədqiqat işləri yazmış, yüzlərlə səriştəli kitabxanaçı kadrların, alimlərin yetişməsində misilsiz xidmətlər göstərmişdir.

   Alimin Azərbaycanda kitabxana işinin tarixi inkişafına dair çoxsahəli tədqiqatları sayəsində ərsəyə gəlmiş “Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920)” (1960), “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)” (1974), “Azərbaycanda ali kitabxanaçılıq təhsili” (1998), “Azərbaycanda kitabxana işinin tarixi: ən qədim dövrdən XX əsrə qədər” (2004), “XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri: mülahizələr, təkliflər və proqnozlar” (2006), “Azərbaycanda kitabxana işinin tarixi: XX əsrin birinci yarısında” (2007), “Azərbaycanda kitabxana işinin tarixi: XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində” (2010), “Kitabxana və cəmiyyət” (2011), “Kitabxanaşünaslığın tarixi və metodologiyası” (2014), “Türk dünyası milli kitabxanaları” (2016) əsərləri Azərbaycanda milli kitabxanaşünaslıq elminə dəyərli töhfələrdir.

   Abuzər müəllimin xarakteri üçün əsl vətəndaşlıq, milli təəssübkeşlik, dövlət və dövlətçiliyə sədaqət, yüksək ziyalılıq, yürütdüyü mühakimələrdə elmilik və məntiqilik, şəxsi müstəvidə xeyirxahlıq, əsl insani münasibətlər səciyyəvidir. O, ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi, kitab, kitabxanabiblioqrafiya mədəniyyətinin inkişafı sahəsində onun xidmətləri, ulu öndərin bu sahədə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə həmişə elmi tədqiqatlarında xüsusi önəm vermişdir. “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla həyata keçirilir”, “Heydər Əliyev: Biblioqrafik məlumat kitabı”, “XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri (mülahizələr, təkliflər və proqnozlar)” adlı monoqrafiyaları zəngin elmi axtarışların nəticəsi kimi qiymətləndirilməlidir. Bu əsərlər alimin milli dövlətçilik ideyalarına, azərbaycançılıq ideologiyasına sədaqətini bir daha göstərir.

   Onun ən mühüm keyfiyyətlərindən biri kimi çalışdığı sahədə həyata keçirilməsi zəruri olan obyektiv prosesləri daha tez və dərindən dərk etməsi və bu istiqamətdə konkret addımlar atmasıdır. Dünyada qlobal informasiyalaşdırma proseslərinin getdiyini görən Abuzər müəllim 1999-cu ildə BDU-nun Kitabxanaşünaslıq kafedrasının nəzdində “Kitabxanaların kompüterləşdirilməsi” elmi-tədqiqat laboratoriyasını yaratmaqla ölkədə bu prosesə güclü təkan verdi. Müasir informasiya-kommunikasiya texnologiyalarının kitabxana-biblioqrafiya işinə tətbiqi bundan sonra ölkə miqyasında yayılmağa başladı.

   Bakı Dövlət Universitetinin fəxri professoru A.Xələfov milli kitabxanaşünaslığın nəzəri əsaslarının işlənməsində öndə getdiyi kimi, eyni zamanda aliorta ixtisas kitabxanaçılıq təhsilinin standartlarının hazırlanmasının rəhbəri olmuşdur. O, müvafiq sahə üzrə dünyada baş verən prosesləri, Avropanın aparıcı aliorta ixtisas təhsili məktəblərinin tədris planlarını diqqətlə öyrənmiş və milli xüsusiyyətləri nəzərə almaqla orijinal “Kitabxanaçılıq-informasiya”, “Kitabşünaslıq” ixtisasları üzrə təhsil planlarını hazırlayan işçi qrupunun rəhbəri olmuşdur. Respublikada kitabxanaşünaslıq elminin inkişafı sahəsində, həmin sahənin hüquqi-normativ bazasının yaradılması yolunda ciddi işlər aparmış, 1998-ci ildə onun sədrliyi ilə ölkədə kitabxana işi sahəsində dövlət siyasətinin əsasını təşkil edən “Kitabxana işi haqqında” qanun layihəsi hazırlanmış, Milli Məclis tərəfindən qəbul edilmişdir. Dəyərli alimin fəal iştirakı ilə “Azərbaycan Respublikasının kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” hazırlanmışdır. Bu rəsmi sənədlər həm Azərbaycanda kitabxanaçılıq işinin inkişafında, həm də respublika kitabxanalarının müasir dövrün tələblərinə uyğun şəkildə dünya standartları üzrə fəaliyyətinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etmişdir.

   2015-ci ildə bütün kitabxana ictimaiyyəti üçün çox əlamətdar bir nəşr olan “Azərbaycan kitabxana ensiklopediyası” Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Milli Kitabxananın birgə layihəsi kimi işıq üzü görmüş və təqdimatı keçirilmişdir. Layihə rəhbəri Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev olan Azərbaycanda kitabxana işi sahəsində ilk fundamental soraq-məlumat nəşrinin elmi redaktoru milli kitabxanaşünaslıq elminin banisi, professor A.Xələfovdur. Respublikamızın əsas elmi kitabxanalarının rəhbərləri və aparıcı mütəxəssislərinin, görkəmli alimlərin daxil olduğu redaksiya heyətinin və işçi qrupunun bir neçə illik gərgin əməyinin nəticəsi olan ensiklopediya alimin xüsusi göstərişləri və dəyərli tövsiyələri əsasında ərsəyə gəlmişdir.

   A.Xələfov ümumilikdə 300-ə yaxın elmi əsərin, 10 monoqrafiya, 30-dan artıq kitabın - dərslik və dərs vəsaitlərinin müəllifidir, 30-a yaxın elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi görkəmli kitabxanaşünas alimin fəaliyyətini daim yüksək qiymətləndirmişdir. 2006-cı ildə R.Behbudov adına Mahnı Teatrında A.Xələfovun 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişnazirliyin dəstəyi ilə “Professor Abuzər Xələfov” adlı biblioqrafik məlumat kitabı çap edilərək respublikanın şəhər və rayon kitabxanalarına paylanmışdır. 2011-ci il 14 dekabr tarixində Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə professor Abuzər Xələfovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Yubiley ərəfəsində görkəmli alim nazirliyin fəxri fərmanı ilə təltif edilmişdir. Eyni zamanda 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş iki kitabın - Abuzər Xələfovun “Kitabxana və cəmiyyət” monoqrafiyası və “Abuzər Xələfov” biblioqrafik məlumat kitabının təqdimetmə mərasimi də keçirilmişdir.

   Böyük fəxarət hissi ilə xidmətləri barədə danışdığımız alimin əməyi və zəhməti dövlətimiz tərəfindən dəyərləndirilmiş və o, ən yüksək mükafatlara layiq görülmüşdür. Hələ 1969-cu ildə respublikanın Əməkdar mədəniyyət işçisi fəxri adını almış, 2000-ci ildə “Şöhrət” ordeni, 2001-ci ildə “Əməkdir elm xadimi” fəxri adı, “Xeyriyyəçilik və maarifçilik” medalı, 2002-ci ildə “Təhsil sahələri üzrə nailiyyətlərə görə” mükafatı, 2005-ci ildə “İlin müəllimi” fəxri adı, 2006-cı ildə “Əlaçı təhsil işçisidöş nişanı, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü, 2009-cu ildə “İlin nüfuzlu ziyalısı” fəxri diplomuna layiq görülmüş, 2016-cı ildə isə Bakı Dövlət Universitetinin fəxri professoru seçilmişdir.

   Azərbaycan kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq elmlərinin və məktəbinin, ali kitabxanaçılıq təhsilinin banisi Abuzər müəllim şöhrətin zirvəsinə halal zəhməti ilə çatmış və bu halallığın, zəhmətkeşliyin, prinsipiallığın, mübarizliyin ona bundan sonra da daha yüksək zirvələr fəth etməyə imkan verəcəyinə ürəkdən inanırıq.

   Qocaman alim və müəllim həyatının müdrik dövrünü yaşayır. Onun bütün həyatı elmə, təhsilə və Azərbaycan mədəniyyətinin inkişafına həsr olunmuşdur. Alim bu gün də kitabxanaçılıq işinin çiçəklənməsi və daha da inkişafına, onun müasir dünya standartları səviyyəsində təşkilati və idarəçilik baxımından möhkəmlənməsinə dəyərli tövsiyələri və təklifləri ilə hər zaman dəstək olur, köməklik göstərir.

   Çox hörmətli, Abuzər müəllim! Sizə 85 illik yubileyiniz münasibətilə möhkəm cansağlığı, apardığınız işlərin bütün istiqamətlərində müvəffəqiyyətlər, yeni nailiyyətlər arzulayırıq. Sizdən yeni-yeni yaradıcılıq əsərləri, həmişə ehtiyac duyduğumuz öyüd və nəsihətlərinizi, tələbəniz və davamçınız kimi peşəkar tövsiyələrinizi gözləyirik.

  

   Kərim Tahirov

   Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor

  

   Nadir İsmayılov

   BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent,

   BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü

 

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.10.