İnsanlar fərqli, rəylər oxşar, təəssürat eyni
IV Bakı
Beynəlxalq Teatr Konfransı
iştirakçıları yazırlar
Adətən, deyirlər ki, miqyasından asılı olmayaraq bütün xoşagələn və ya xoşagəlməz hadisələri ilk təəssürat keçdikdən sonra qiymətləndirmək daha məsləhətdir. Bəs əgər təəssürat köhnəlmək bilmədikdə necə olsun? «Teatr və multikulturalizm» mövzusuna həsr edilmiş IV Bakı Beynəlxalq Teatr Konfransından bir aydan çox vaxt keçir. 38 ölkədən Azərbaycana gəlmiş teatr mütəxəssislərinin minnətdarlıq məktubları konfransın təşkilat komitəsinin elektron ünvanına hələ də daxil olur. Bakını ziyarət etmiş qonaqlar ölkələrinin dövri mətbuatında da bu barədə yazır, sosial şəbəkələrdə təəssüratlarını paylaşır, təşkilatçılara ünvanladıqları məktublarda həm də növbəti konfranslarla bağlı təkliflərini bildirirlər.
Konfrans təəssüratları ilə bağlı rəyləri gözdən keçirdikdə onları məzmununa görə şərti olaraq bir neçə qrupa ayırmaq olar: konfransa dair təkliflər və tədbirin informasiya və təcrübə mübadiləsi baxımından əhəmiyyəti, Bakı və Azərbaycan heyranlığı, təşkilatçılara təşəkkür.
İşgüzar təkliflər...
“...Bakıya gəlməzdən əvvəl Sizin proqramla tanış olarkən düşünürdüm ki, bu qədər əyləşib çıxışları dinləmək çox çətin olacaq. Amma məruzələri dinlədikcə anladım ki, çox yanılmışam. Maraqlı informasiya, rəngarəng tematika və 6 məruzəni ardıcıl dinləmək - heç də çətin deyilmiş. Sadəcə, növbəti dəfə bütün çıxışçılardan xahiş etmək lazımdır ki, mütləq təqdimat hazırlasınlar, belə daha yaxşı və daha maraqlı olar.
İkincisi, kitab konfrans başlamazdan öncə üç dildə çap olunursa, bəlkə iştirakçılar sadəcə, annotasiya xarakterli çıxış etsinlər və həmin annotasiya üzrə digərlərini maraqlandıran suallara cavab versinlər? Təəssüf edirəm ki, ustad dərsləri bizim üçün münasib vaxta düşmədi. Qazaxıstan nümayəndə heyəti həmin treninqlərdə, xüsusən də moskvalı tənqidçinin treninqində çox olmaq istərdi. Ən başlıcası, Azərbaycan teatrlarının hamısını görə bilmədik. Arzu edərdik ki, konfrans davam edən bütün günlərin planına teatr tamaşaları salınsın. Biz, qazaxıstanlılar sizin konfransa gəlməyi çox sevirik. Bir daha hamıya təşəkkür edirik”.
Gülnara Jumaseitova
M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşı, elmlər namizədi, dosent (Qazaxıstan)
“...Mövzu çox uğurla seçilmişdi, ona fərqli bucaqlardan nəzər salmaq olar. Çıxışlar toplusunun konfransdan öncə üç dildə, tam mətnlə nəşrinə isə qibtə etmək olar. Məruzə üçün 10 dəqiqə çox azdı. Mən çox istərdim ki, hər plenar iclasın sonunda sual və diskussiyalara vaxt ayrılsın. Çünki maraqlı məruzələr çox idi və onların ətrafında müzakirə aparmağa dəyərdi.
Konfrans məni çox ruhlandırdı, çünki biz son illər Latviyada Rusiya, Litva və Estoniyadan başqa, postsovet məkanındakı teatr prosesləri barədə az məlumatlıyıq. Asiya və Şərq teatr prosesi barədə isə biliyimiz heç vaxt çox olmayıb”.
Liqa Ulberte
Latviya Mədəniyyət Akademiyasının dosenti
Səmimi heyranlıq
“Bakıya budəfəki səfərimin məqsədi dördüncü dəfə gerçəkləşdirilən Bakı Beynəlxalq Teatr Konfransı idi. İllər öncə ilk konfransa da qatılmışdım və gözəl təəssüratlarla da geri dönmüşdüm.
Azərbaycan mədəniyyət və turizm naziri, dəyərli Əbülfəs Qarayev və onun müavini, dəyərli Ədalət Vəliyev və hörmətli Şaiq Səfərovun başında durduğu işgüzar komanda heç bir axsamaya imkan vermədən saat kimi çalışdı. Azərbaycan bu düzənli və mükəmməl təşkilatçılığı ilə dünya teatr sənətinə olduğu qədər dünyada sülhün bərqərar olmasına da əhəmiyyətli dərəcədə töhfə verdi və verməkdədir.
Azərbaycan belə böyük təşkilatçılığı ilə bir çox ölkələrin bacarmadığını bacardı və necə böyük ölkə olmağın ən gözəl örnəyini göstərməkdədir”.
Tuncər Cücənoğlu
Dramaturq, Türkiyə
“...Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin final məruzəsi güclü təəssürat oyatdı. Əlbəttə, bu məruzə dövlət məmurunun monoloqu idi. Yarımsaatlıq nitq kulturoloji və teatrşünaslıq leksikası ilə zəngin idi, bu nitq ixtiyar sahibi olan elm adamının hər şeyi necə qadağan etməyin lazım olması barədə deyil, Azərbaycanda teatrın real problemləri barədə söz açan elm adamının peşəkar mülahizələri idi”.
Pavel Rudnev
Moskvalı teatr tənqidçisi
“Konfransın ilk günündə təntənəli plenar iclasın teatrlaşdırılmış proloqu ev sahibi olan ölkə - Azərbaycan barədə elə xoş təəssürat oyada bildi ki, həmin tamaşanın rejissoruna xüsusi minnətdarlıq etmək lazımdır. Proloqun dramaturgiyası böyük ruh yüksəkliyi doğurdu və konfransın mövzusunu tamamladı”.
Anna Kurinnaya
Xarkov Dövlət Mədəniyyət Akademiyasının dosenti (Ukrayna)
“...Konfransın rəsmi açılış mərasimində bu qədər dövlət rəsmisini görəndə Azərbaycan teatrındakı həmkarlarıma qibtə etdim. Kaş bizdə də yüksək rütbəli məmurlar teatrlarımıza bu cür diqqət yetirəydi.
Əmin ola bilərsiniz ki, iki ildən sonra baş tutacaq növbəti 5-ci konfransınıza İspaniyanın tanınmış teatr xadimləri tərəfindən külli miqdarda ərizə alacaqsınız!
Bir kiçik xahişim var. Olarmı konfrans iki gün deyil, ən azı üç gün davam etsin?»
Pilar Almansa
İspaniyanın
«La Pittbull» teatrının
baş rejissoru
“Artefaktum”
teatrı adından bu mötəbər beynəlxalq tədbirin təşkilinə görə
təşəkkürümü və valeh olduğumu
bildirirəm. Mən tam əminliklə
deyə bilərəm
ki, konfransınızda
iştirak etməyim bizim teatrımızın inkişafına xidmət edəcək.
...Biz Bakı konfransına həsr olunmuş videoçarxı
internetdə yerləşdirdik
və çoxlu müsbət rəy aldıq”.
Alberto Santyaqo
Meksikanın «Artefaktum» teatrının baş rejissoru
“...Bakı məni qədimliyin və müasirliyin ecazkar qovuşuğu ilə heyran etdi, mən sanki eyni zamanda
həm Avropaya, həm də Şərqə səfərə
çıxmışdım. Hər şey: gözəl mənzərələr,
suvenirlər, əlbəttə
ki, misilsiz mətbəxiniz çox xoşuma gəldi.
Konfrans yüksək səviyyədə,
beynəlxalq formata uyğun təşkil edilmişdi. Ən başlıcası,
müxtəlif ölkələrin
teatrları arasında
bizim hamımıza çox gərək olan işgüzar münasibətlər yarandı.
Ağıllı rəhbərlər mədəniyyət və
incəsənət sahəsində
ağıllı siyasət
yeridirlər. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə
ehtiramımı xüsusi
bildirmək istəyirəm.
Konfransın bağlanışında
onun parlaq çıxışı yaddaqalan
oldu, «Teatr» kitabına görə də ona çox
sağ olun deyirəm.
Bu səfərdə
bizi qarşılayan, müşayiət edən,
səmərəli çalışmağa
həvəsləndirən hər
kəsə Allah cansağlığı
və xoş günlər nəsib etsin”.
Fəridə İsmagilova
Almetyev adına Tatar Dövlət Dram Teatrının
direktoru
Minnətdarlıq
“Mənim
üçün IV Bakı
Beynəlxalq Teatr Konfransında iştirak etmək şərəf idi. Həmçinin məruzə etməyə
imkan verdiyinizə görə, eləcə də Azərbaycan teatr professionallarının
iştirakçı ilə
seminarın təşkili
üçün Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin rəhbərliyinə minnətdaram.
Sizin hamınızla əməkdaşlıq
etmək olduqca rahat idi. Ümumiyyətlə, Bakı konfransının
yüksək səviyyədə
təşkil olunduğunu
xüsusi vurğulamalıyam”.
Devid Parriş
İngiltərəli mühazirəçi və məsləhətçi, «Yaradıcılıqda biznes» bestseller kitabının müəllifi
“...Siz, bu qədər müxtəlif ölkəni təmsil edən insanları bir yerə toplamaqla vacib və gözəl bir iş görmüsünüz. Hamımız özümüzü burada sanki bir komanda, hətta bir ailənin üzvü kimi hiss edirdik! Özümüzü evdəki kimi hiss edirdik! Bravo!
Təşkilat Komitəsinin üzvləri və rəhbərliyinin nümunəvi təşkilatçılıq qabiliyyəti qarşısında baş əyirəm.
Şübhə etmirəm ki, bizim yollarımız tez-tez kəsişəcək. Bir dünya dardır!”
Savas Patsalidis
Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının vitse-prezidenti, «Tənqidi səhnələr» beynəlxalq internet jurnalının baş redaktoru (Yunanıstan)
“...Göstərdiyiniz misilsiz səylərə görə minnətdarlığımı bildirirəm və həqiqi uğurlu konfrans ilə hamınızı təbrik edirəm!
Mən indiyə kimi 33 beynəlxalq teatr konfransında iştirak etmişəm, lakin Bakı Beynəlxalq Teatr Konfransı, heç şübhəsiz, onların hamısını üstələdi! Bravissimo!
Bəlkə də ilk konfrans idi ki, burada nə gecikmələr, nə təcili dəyişikliklər baş verdi. İş cədvəli bir dəfə də olsun pozulmadı! İnanılmazdı!
Konfrans günlərində heç bir iştirakçıdan cüzi də olsa belə, narazılıq eşitmədim. Əksinə, onlar da mənim kimi heyranlıq dolu təəssüratlarını bölüşməyə çalışırdılar. Ümumiyyətlə, bütöv konfrans sanki kütləvi mehribanlıq və professional anlaşma şəraitində keçdi.
Bakının gecə işıqlarını da görəndən sonra əlavə bir neçə gün burada qalmaq qərarına gəldim və buna əsla heyfsilənmirəm.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, eləcə də Təşkilat Komitəsinə yüksək səviyyədə yerinə yetirdiyi işə görə dərin minnətdarlığımı bildirirəm”.
İrina Markezini
Bolonya Universitetinin professoru, incəsənət elmləri
doktoru (İtaliya)
“...Mən sizin qonaqpərvər ölkənizi zəngin təəssüratlarla tərk
edirəm.
Şri-Lanka Təhsil Nazirliyinin
Dram və teatr şöbəsinin əməkdaşı
olaraq bir çox tədbirlər keçirirəm və Bakı Konfransının təşkilində bir çox tapıntıları
öz təcrübəmdə
istifadə etmək niyyətindəyəm.
Bir daha mənə
konfransda iştirak etmək üçün göstərdiyiniz köməyə
görə təşəkkür
edirəm. Gələn konfransda
mütləq iştirak
edəcəyəm”.
Varuna Alahakun,
Şri-Lanka Təhsil Nazirliyinin Dram və teatr şöbəsinin
rəis müavini
Hazırladı: Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 14
dekabr.- S.11