“Qızıl orta”...
Bu obrazlı deyimi tək elə
mübahisəli fikir, müddəa və qənaətlərə
deyil, yaş-nəsil fəsilləri ortalığına -
GƏNCLİYƏ də aid etmək olar...
Bu universal-potensial “orta” dünya tarixinin hər dönəmi, ünlü natiqləri, elm-bilim adamları, ümumbəşər çaplı şəxsiyyətləri üçün doyulmaz nitqlərdən, bezilməz mövzulardan, yönətiminə can atılan hədəflərdən olub.
Sözügedən mövzu elə bu yazını təqdim edəcəyim KİVDF-nin fərdi jurnalist yazıları ilə bağlı keçirdiyi müsabiqələrin də daimi istiqamətlərindən (“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”) biridir.
“Gənc nəsil”... Xeyli məsuliyyətli, energetik bir söz birləşməsi. Nüvəsində polifonik bir virtuallıq, mütəhərriklik də var; özündə (aşağı-yuxarı müddət qapsamında) xalqın əksər kütləsini - daim öz ardıyca gələn uşaqları və özüylə birgə “uzaqlaşan” ahılları da ehtiva edir.
Belə bir total toplumun milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyə edilməsi, bütövlükdə, hər bir millətin, ölkənin, dövlətin prioritet hədəflərindəndir. Tarixi dünya təcrübəsindən bəzi nümunələri (məsələn, XX əsrin əvvəlindəki Türkiyənin Atatürk dönəmini) xatırlayıb, ölkələrin labüd məhvolma, millət və dövlətlərin kompleks tənəzzüləuğrama çağlarında böyük siyasət adamlarının, ziyalıların xalqda oyatdığı milli mənlik şüurunun nələrə qadir olduğunun fərqinə vardıqca, bu hədəfə nail olmağın vacibliyi daha da aydınlaşır. Bunun təfərrüatsız dərki üçün, şəxsi mənlik şüuru yüksək olan, öz “mən”inə diqqət və ləyaqətlə yanaşan hər hansı bir fərdin cəmiyyətdə qazandığı hörmət-izzəti, tutduğu mövqeyi xatırlamaq da kifayətdir. Bu uğur, eynilə, ümummənlik şüuru yüksək olan, öz “mən”ini uca görməyə çalışan xalqa, millətə də müyəssər ola bilər.
Çox halda yalnız “təhsil fənni” kimi assosiasiya olunan tarix bizim Azərbaycanın milli tarixilə bağlı da - bu qəbil hədəfəçatım çabalarından və statistik təhsil öyrətmənlərindən müqayisəedilməz dərəcədə fərqlənən ümummilli Müəllimlərdən, İctimai Ustadlardan xali deyil. Hər cəhətdən ayıq-arif olan hörmətli oxucularımızın mütaliə diapazonuna əminliyimdən, bu tutumlu tarixi sələflərimizin adlarını sadalamadan - diqqəti onların ən universal sələfinin mövzuyla ilgili dünyasına yönəltmək istəyirəm. Deməli, dünyadəyişimindən 13 il keçməsinə baxmayaraq, ruhi-nəfəsi bütün Azərbaycan və azərbaycanlıların yaşadığı məkanlarda hələ də canlıymış kimi hiss edilən -
Ümummilli lider Heydər Əliyev və
gənclik...
Bəri başdan qeyd
edək ki, bir çox ictimai-milli sahələrin təməlçisi
olmuş Heydər Əliyev müasir Azərbaycanın gənclər
siyasətinin də banisidir. Ölkəmizin
ən uzunmüddətli başçısı olmuş bu
fenomenin elə təkcə sözügedən sahə ilə
bağlı imzaladığı direktiv sənədlər,
qanun, fərman və sərəncamlar neçə-neçə
kitabların mövzusu olmuş və hələ olacaq.
Azərbaycanın son yarıməsrlik
milli ictimai-siyasi mənzərəsinə ötəri bir diqqət
də göstərir ki, ölkə rəhbərliyinə
başladığı dövrdən əbədiyyətə
qovuşduğu vaxtadək gəncliyə tək elə
dövlət rəhbəri kimi deyil, həm də bir hami-himayədar
kimi yanaşmış ulu öndərin perspektiv hədəflərindən
biri də sağlam düşüncəli, işgüzar,
yaradıcı bir yeni nəslin yetişdirilməsi olub.
Dövlətin, cəmiyyətin bütün sahələrində
gənclərin fəal iştirakının təmin edilməsini
vacib məsələlərdən biri kimi elan etmiş
ümummilli fenomen 1994-cü ildə Gənclər, İdman və
Turizm Nazirliyinin yaradılması ilə bağlı fərman
imzaladı, bunun ardınca irəli sürdüyü təşəbbüsün
nəticəsi olaraq 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan
gənclərinin ilk forumu keçirildi və müstəqil Azərbaycan
gəncliyinin bu böyük birlik aktının ilk
ildönümündə imzaladığı sərəncamla
2 fevral - Azərbaycan gənclər günü kimi tarixə
yazıldı. 1999-cu ildə imzaladığı “Dövlət
gənclər siyasəti haqqında” fərmanı, “Gənclərdə
vətənpərvərlik və vətəndaşlıq
hisslərinin yüksəldilməsi” proqramı, “Azərbaycan
Respublikasının ali məktəb tələbələri
üçün Prezident təqaüdünün təsis edilməsi
haqqında” (2001) fərmanı ölkədə bu sahəyə
Prezident səviyyəsində önəm verildiyinin, nəticə
etibarilə, əsrlər boyu xalqımızın malik
olduğu milli-mənəvi dəyərləri, müstəqil
dövlətçiliyimizi qorumağa hazır və layiq
mübariz ruhlu gənc nəslin yetişdirilməsi siyasətinin
bariz təzahürü kimi qiymətləndirildi.
Rəsmi-direktiv imzaları ilə
Azərbaycanın ictimai-siyasi taleyində böyük
dönüşlər etmiş ulu öndər xalqın bu təbiətən
dinamik, hərəkətverici qismini olduqca zəngin və sirayətedici
nitqilə də böyük uğurlara səfərbər
edirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın
uşaqlarıdır, gəncləridir. Azərbaycan
Prezidenti kimi mən də bu gün Azərbaycanın
böyük gələcəyi haqqında
düşünürəm. Azərbaycanın
gələcəyi isə Azərbaycanın gənclərindən
və uşaqlarından asılıdır”.
Şahidi olduğumuz
saysız-hesabsız proseslərin cəmi fonunda
düşünüb-daşınırkən, təbii olaraq,
milli-mənəvi dəyərlərin davamlı mühafizə
stabilliyində müstəqil həyata yeni atılan ən
kütləvi bir zümrədə vətənpərvərlik
hisslərinin tərbiyəsi məsələsi haqda bir daha
düşünməli olur və bunun, gənc nəslin bu
ruhda tərbiyəsini bütün fəaliyyəti boyu hədəfdə
saxlayan, bu dəyərləri xalqın mənəvi sərvəti
hesab edən ümummilli liderin öz
çıxışlarının birində “...bu sərvətə,
xəzinəyə biganə olmaq cinayətdir” ittihamına səbəb
səviyyəli bir məsələ olduğunu
görürük: “Hər xalqın öz adət-ənənəsi
var, öz milli-mənəvi və dini dəyərləri var.
Bizim xalqımız da min illərlə adət-ənənələrimizi,
milli-mənəvi dəyərlərimizi yaradıbdır və
biz indi xalqımızın mənəviyyatını təşkil
edən amillərlə fəxr edirik”. Ulu öndər bu
müqəddəs fəxarəti daim rişələndirib-reallaşdırası
mənbələri də xüsusi vurğulayırdı: “Gənclərimiz
bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi
yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi
yaxşı bilməyən, tariximizi yaxşı bilməyən
gənc vətənpərvər ola bilməz”.
Əbədi qüvvəli bu
tövsiyə ulu öndərin 47 il bundan əvvəl
- Azərbaycan Dövlət Universitetinin (BDU-nun) 50 illik
yubileyində öz dilimizdə (!) etdiyi tarixi
çıxışını yadıma saldı. Bəli,
Heydər Əliyev bu milli tövsiyəni o məşhur
“şovinist zəmanə”də də səsləndirmişdi və
ovaxtlar daha çox marksizm-leninizm və bir az da poeziya məşğuliyyətli
biz gənclərdə başqa bir baxış da yaratdı,
bir qədər “yad” getməyə başlayanlarımız da
oldu və oxuyub-öyrəndik ki, bu dünyada “milli mənlik
şüuru”, “özgür vətənpərvərlik hissləri”
kimi tərkiblər də varmış və bunlar çox qədimlərdən
gəlirmiş.
Məsələn;
Jan Jak Russo
deyibmiş ki, “Dünya tarixində ən böyük hünər
və qəhrəmanlıqlar doğma Vətən naminə
edilib”.
Hakimiyyətdə ikən “İnsaf
və mərhəmət dilənməklə millət işləri,
dövlət işləri görülməz; millət və
dövlətin şərəf və istiqlaliyyəti təmin
edilməz”, “Milli əməllər, milli iradə yalnız bir
şəxsin düşüncəsindən deyil, bütün
millət fərdlərinin arzularının, əməllərinin
məcmusundan ibarətdir” kimi fikirlər söyləmiş
Atatürk, bundan xeyli əvvəllər öz vətənini
qurd xislətli xarici və daxili siyasilərin cəngindən
xilas yolları axtarırkən, müəyyən qədər
hərbi gücə nail olsa da, deyib: “Hər nə yolla
olur-olsun, ölkədə təlim-tərbiyə işlərində
mütləq uğur əldə edilməlidir. Bu
millətin tam xilası ancaq bu yolla mümkündür”.
Yazımın əvvəlində
ümummilli Müəllimlikdən söz düşdü, bu məqamda
böyük Atatürkün fikirləri xatırlandı və
bu “bir millət, iki dövlət” sahiblərinin iş-amal
tandemliyini ehtiva edən daha bir müdrik kəlamı misal gətirmək
yerinə düşərdi: “Müəllimi olmayan millət hələ
millət adını daşımağa layiq deyil” (Balzak).
Yazı mövzumuzun əsas
damarlarından olan “vətənpərvərlik hissləri” məsələsi
də müdriklərin düşüncə hədəflərindən
olub. Böyük ingilis filosofu Ceyms
Harrinqtona görə; “Xalq görməyə bilər, lakin o həmişə
hiss edir, özü də düzgün his edir”. Bu məqamda
alman yazıçısı Qustav Freytaqın “Hər bir
insanın qəlbində öz xalqının miniatür
portreti var” və adını unutduğum bir müəllifin
“Xalqın mədəni-mənəvi gücü onun siyasi
gücündən xeyli dərin olur” fikirlərini də qeyd
etməyə dəyər.
Həmin dövrlərdə
mütaliə etdiyim və milli təcrübəmizdə
olmadığı üçün mənə bir qədər
“qiyabi” görünən “Çox şəhid verən və
çox fədakarlıq göstərən bir ölkə istədiyi
səviyyəyə də çata bilər” (M.Qandi), “Ən
böyük sevgi vətən sevgisidir və bu məhəbbət
fövqəladə vəziyyətlərdə,
ölüm-dirim çağlarında daha qabarıq aşkara
çıxır” (Q. Lebon), “Vətən və torpaq sevgisi
ata-ana sevgisi qədər təbii və əzəlidir”
(J.Nestr), “Vətəni sevmək imandandır” (Hz. Məhəmməd),
“Heykəli görkəmi, insanı isə mənəviyyat və
əməlləri gözəlləşdirir” (Pifaqor), “İtə
ataram, yada satmaram” (M.Cəlal) kimi deyimlər isə
bugünümüzü ifadə edən və
çağdaş gənclərimizdəki milli mənlik
şüuru üzərinə sovet vaxlarındakından fərqli
bir vətənpərvərlik hissi oyadası kəlamlar...
O yubiley tədbirindən müəyyən
müddətlər keçincə, həmin tövsiyə
sahibinin öz çıxış, nitq və məruzələrindən
də müdrik kəlamlar eşidib-oxuyacaq və illər sonra
bu gün onlardan birini sözümüzə qüvvət gətirəcəyik:
“Milli ruh, mənəvi dəyərlərimiz, tariximiz,
torpağa bağlılığımız - budur bizim gələcəyimizi
müəyyən edən amillər”...
Bunlar dünyadakı yüzlərlə
ayrı-ayrı vətənin milyonlarla vətəndaşının
heç zaman bir-birinə güzəştləməyəcəyi,
eyni kökənli soydaşlarınsa heç vaxt bir-birinə
qısqanmayacağı sevgiləri ifadə edən kəlamlar...
Və sabaha doğru!..
Bu nida, həm də
- yuxarıda əks etdirməyə
çalışdığım nəsnələri və
bütün bunların müasir toplu-formulu banisinin siyasi
kursunu layiqli şəkildə davam etdirən Prezident İlham
Əliyevin yürütdüyü gənclər siyasətinə
ruhsal bir işarədir. Ölkə
başçısının Azərbaycan gəncliyinin
ümumi inkişafı ilə bağlı
imzaladığı sənədlər içərisində
iki dövlət proqramını (2005-2009; 2011-2015) xüsusi
qeyd etmək lazımdır. Həmin
proqramlara uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun
təmin edilməsi, yaradıcılıq
axtarışlarının stimullaşdırılması,
milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin
təbliği istiqamətində həyata keçirilmiş tədbirlər
günümüzün reallıqlarını əks etdirir.
Dövlət başçısının fərmanı ilə
Gənclər və İdman Nazirliyinin 2006-cı ildə yenidən
təşkil edilməsi, gənclər siyasətinin əsas
icra orqanı qarşısında qoyulmuş yeni vəzifələrin
həyata keçirilməsi, 2007-ci ilin ölkədə “Gənclər
ili” elan olunması, “Xüsusi istedada malik olan uşaqların
(gənclərin) yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan
Respublikasında texniki-peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı” və s. qərar və sərəncamlar
ölkədə gənclər siyasətinin daha da təkmilləşdirilməsini
təmin etmişdir. Bu çevik, ciddi arqumentlərə əsaslanan
siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə
200-ə yaxın gənclər təşkilatı, 20-dən
artıq ali məktəbdə tələbə-gənclər
təşkilatı fəaliyyət göstərir. Bu isə həm də gənclərin vətənpərvər
ruhda tərbiyəsi, fəal vətəndaş mövqeyi,
milli mənlik, bəşəri mədəniyyət
şüurunun təbliği, qlobal informativlik
düşüncəsinin daha geniş arenada tanınması
deməkdir. Bu, hər ilin sonunda Dünya Azərbaycanlılarının
Həmrəylik Gününü təntənələrlə
qeyd edən bir xalqın ən mobil qismi olan gənclik
önündə maraqlı yollar, böyük qapılar
açılması deməkdir...
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 14
dekabr.- S.15.