Hərb və silah tariximizə işıq salan nəşrin təqdimatı

 

 

   Dekabrın 15-də Milli Kitabxanada rus dilində nəşr olunmuş “Azərbaycanın tarixi silahları” kitab-albomunun təqdimatı keçirildi.

   Tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov kitabın əhəmiyyətindən danışdı. Bildirdi ki, nəşr bütövlükdə Azərbaycanın silah tarixini özündə əks etdirir. Kitabda qədim tarixə malik silah növlərinin milli-mənəvi dəyərlər fonunda əks olunması, ornamentlərinin təhlil edilməsi nəşrin dəyərini artırır.

   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “Azərbaycanın tarixi silahları” kitab-albomunun ərsəyə gəlməsini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən hərb tariximizə diqqət və qayğının təzahürü kimi qiymətləndirdi.

   Bildirdi ki, kitabda son 500 il ərzində Azərbaycan ərazisində istifadə olunan silahlar tədqiq edilib, silahların fotosu, istifadə qaydaları haqqında məlumat yer alıb: “Azərbaycan xalqının mübarizliyi, onun tarixi dəyərlərə verdiyi qiymət və şanlı tarixə malik olması kitabda faktlarla sübuta yetirilib. Böyük tarixi şəxsiyyətlərdən miras qalmış silahlar, o cümlədən keçmiş əsrlərdə döyüşlərdə istifadə edilən çoxsaylı silah növləri, onların Azərbaycanda hazırlanması sübut edir ki, uzun əsrlərdən bəri ölkəmizdə müxtəlif silahlar kütləvi şəkildə istehsal olunub, xalqımız öz ərazilərini qorumaq üçün hər zaman mübarizlik göstərib”.

   Qeyd olundu ki, müəlliflər - general-polkovnik Nəcməddin Sadıkov, Azad Məmmədov, Fuad Cavadov, Adil Minbaşı kitabın ərsəyə gəlməsində böyük xidmət göstəriblər: “İnanıram ki, kitab yaxın vaxtlarda Azərbaycan dilinə də tərcümə olunacaq və xalqımızın tarixi səhifəsində öz layiqli yerini tutacaq”.

   Nazir müavini diqqətə çatdırdı ki, Azərbaycan bu gün özünün parlaq inkişaf dövrünü yaşayır. Dövlətimiz hər zaman dünya dövlətləri sırasında öz mədəniyyəti, maddi-mədəni dəyərləri ilə tanınıb. Qobustan qayaları, Azıx mağarası, Qız qalası, bunlarla yanaşı, Azərbaycanın Dədə QorqudNizami Gəncəvi kimi simvolları var. Böyük şəxsiyyətlər yetirən torpağımızın şanlı səhifələrinin yazılmasında görkəmli şəxsiyyətlərin böyük xidmətləri olub.

   Son illər Mədəniyyət və Turizm Nazirliyinin Heydər Əliyev Fondu ilə birlikdə böyük əhəmiyyət kəsb edən kitabların təqdimatını həyata keçirdiyini deyən Ə.Vəliyev bildirdi ki, bu layihələr milli dəyərlərimizin tanıdılmasına xidmət edir.

   Nazir müavini kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür edərək nəşrin müxtəlif xarici dillərə tərcümə edilməsinin vacibliyini vurğuladı.

   Təqdimatda çıxış edən polkovnik Mehman Süleymanov, Milli Məclisin üzvü, yazıçı-publisist Aqil Abbas, AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı Xaləddin Xəlilli və başqaları kitabın əhəmiyyətindən söz açdılar. Bildirildi ki, Azərbaycan əsrlər boyu silah mərkəzlərindən biri olub. Xalqımızın döyüşkən, mübariz və şərəfli tarixi bu kitabla bir daha təsdiq edilir. Layihə həm də bir vətənpərvərlik nümunəsidir.

   Nəşrin müəlliflərindən Adil Minbaşı kitabın rus dilində işıq üzü görməsini silahlarımızın daha geniş miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

   Qeyd edək ki, kitabın rəyçiləri, Milli Məclisin deputatları, akademik Rafael Hüseynov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, tarix üzrə fəlsəfə doktorları Cabir Əhməd, Tufan Axundov və Xaləddin Xəlillidir.

  

   Lalə

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.4.