Zəngin əlyazmalar xəzinəsi
Burada 40 mindən çox
nümunə qorunur
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ölkəmizin tanınmış elmi-mədəni qurumlarından biridir. Uzun illər Respublika Əlyazmalar Fondu kimi tanınıb, 30 il əvvəl, 1986-cı ilin dekabrında Əlyazmalar İnstitutuna çevrilib. 1996-cı ildən institut dahi şair Məhəmməd Füzulinin adını daşıyır.
Əlyazmaların respublikamızda toplanması işinə XX əsrin 20-ci illərindən başlanılıb. 1924-cü ilin 21-24 sentyabrında Bakıda Birinci Ümumazərbaycan Diyarşünaslar Qurultayı keçirilib. Burada mədəni quruculuqla əlaqədar Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (1929-cu ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu, daha sonra SSRİ EA-nın filialı, 1945-ci ildən respublika Elmlər Akademiyası) nəzdində ayrıca əski çap kitabları və əlyazmalar şöbəsi olan elmi kitabxananın təşkili məsələsinə də baxılıb. 1950-ci ildə EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında Respublika Əlyazmalar Fondu yaradılıb. Əlyazmalar İnstitutunun hazırkı binasını vaxtilə H.Z.Tağıyev öz hesabına Qızlar seminariyasının binası kimi tikdirib, 1982-ci ildə bina Əlyazmalar Fonduna verilib.
Hazırda M.Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və bənzərsizliyi baxımından məşhur kitabxana və muzeylərdən geri qalmır.
Əlyazmalar İnstitutu Orta əsrlər elmlərinin bütün sahələrini - tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyaya aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.
İnstitutda 40 mindən artıq material qorunur. Bunlardan 12 minə qədəri
ərəb qrafikalı
əlyazmalardır ki,
IX-XX yüzillərdə yazılıb
və ya üzü köçürülüb.
Eləcə də XIX-XX yüzillərdə
yaşamış Azərbaycanın
görkəmli elm və
ədəbiyyat xadimlərinin
şəxsi sənədləri,
tarixi sənədlər
və fraqmentlər, əski çap kitabları, öncəki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər qorunmaqdadır.
İnstitutda saxlanan ən
qədim əlyazma IX əsrə aid edilən dəri üzərində
yazılmış Quranın
«Ən-Nisa» surəsinin
bir hissəsidir.
Üzərində
qeyd olan ən qədim əlyazmalardan biri X əsrin sonunda tanınmış leksikoqraf
İsmail əl-Cövhəri
tərəfindən tərtib
edilmiş klassik ərəb dilinin izahlı ensiklopedik lüğəti sayılan
«Əs-sihah» əsərinin
əlyazmasıdır ki,
1117-ci ildə avtoqraf nüsxəsindən üzü
köçürülüb. Buradakı Əbu Əli ibn Sinanın “Qanun fi-t-tibb”
(“Tibbi qanun”) əsəri (II cild) tibbə və farmakologiyaya aid məşhur
risalədir. 1143-cü ildə, müəllifin ölümündən 104 il sonra Bağdadda nəsx xətti ilə köçürülüb. Dünyada qədimliyinə
görə ən
nadir nüsxələrdən biridir. Tibb elminin inkişafına
ciddi təsir göstərmiş fundamental əsərlərdəndir.
X-XI əsrlərdə
İspaniyada-Kordovada yaşamış
ərəb alimi Əbül-Qasim əz-Zəhravinin
«Əl-məqalə əs-səlasun»
(«Otuzuncu traktat») əsəri ərəb dilində tibbə aid
fundamental risalənin bir
cildidir. Cərrahiyyə sahəsində müsəlman
Şərqində elmi
tərəqqiyə təsir
göstərib. XIII əsrdə üzü köçürülmüş əsərdə bir çox cərrahiyyə alətinin rəsmi də verilib. Əz-Zəhravi alətlərin konkret
əməliyyatlar zamanı
tətbiq edilməsi üsullarını da göstərib. Şeyx Mahmud Şəbüstərinin «Gülşəni-raz»
əsərinin XIV əsrdə
köçürülmüş bir nüsxəsi də burada saxlanılır.
Əlyazmalar İnstitutundakı abidələrin qorunma şəraitinin müasirləşdirilməsi,
əlyazmaların kataloqlaşdırılması
və sistemləşdirilməsi,
öyrənilməsi və
nəşr olunaraq elmi ictimaiyyətə çatdırılması işi
ardıcıl aparılır.
Keçən əsrin 50-80-ci illərində burada Azərbaycan humanitar elminin Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Həmid Araslı, Rüstəm Əliyev, Əzizağa Məmmədov, Əzizə Cəfərzadə kimi simaları çalışıblar. 50-60-cı illərdə müəssisənin fondunda saxlanılan şəxsi arxivlərin elmi təsviri işi də başlanıb, 1955-ci ildə Ağəmi İbrahimov “Mirzə Fətəli Axundov arxivinin təsviri”ni nəşr etdirməklə biblioqrafik kataloq tərtibinin əsasını qoyub. Hazırda Əlyazmalar İnstitutunda 12 şöbə, 1 laboratoriya fəaliyyət göstərir.
Qeyd edək ki, sovet dönəmindən bəri respublikamızda əlyazmaların əhalidən toplanması prosesi gedib, institutda saxlanan əsas materiallar bu toplanmanın nəticəsidir. Bəzən indi də qədim və dəyərli əlyazmalar əldə edilir. 2013-cü ildə Paris Milli Kitabxanasında saxlanılan Azərbaycan tarixinə və ədəbiyyatına dair 200-dən artıq materialın surətləri, elektron variantları əldə edilib. Bunların içərisində XV əsrdə Təbrizdə köçürülmüş «Kəlilə və Dimnə», cığatay dilində yazılmış, oğuz türklərinin tarixindən bəhs edən «Oğuznamə», XVI əsrdə yazılmış «Cərrahnamə», Əlişir Nəvainin əsərləri var. Bunlardan başqa, XX əsrin əvvəllərində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə aid xəritələr, xanəndələrimizin ifasında Avropada yazılmış vallar, avropalı səyyahların Azərbaycan barədə əsərləri böyük maraq doğurur.
İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Fərid Ələkbərli Heydər Əliyev Fondunun Vatikanla əməkdaşlıq layihəsi çərçivəsində oradakı Apostol kitabxanasında Azərbaycan əlyazmalarını araşdırıb, bəzilərinin surətlərini gətirib. Son çağlar institutda əlyazmaların elektron kataloqu və nadir, nəfis, qiymətli əlyazmaların elektron kitabxanasının yaradılması işi də müasir tələblərə uyğun şəkildə aparılır.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 16
dekabr.- S.15.