Qarabağda dulusçuluq sənəti

 

 

 

   Azərbaycanda dulusçuluq sənətinin zəngin ənənələri olmuş bölgələrindən biri də Qarabağdır. Aparılmış arxeoloji qazıntılardan bəlli olub ki, IX-XIII əsrlərdə Qarabağ bölgəsində dulusçuluq sənəti çox inkişaf edib. Bu dövrdə istehsal edilən saxsı qablar hazırlanma texnikasına və zəngin bəzək elementlərinə görə fərqlənir. Su kəmərləri üçün saxsı boruların istehsalı da bu dövrə təsadüf edir.

   Monqol işğalları zamanı digər bölgələrdə olduğu kimi, Qarabağda da dulusçuluğun inkişafı tənəzzülə uğrayıb. Bu özünü daha çox məişətdə geniş işlədilən saxsı qabların istehsalında göstərib. Məişət keramikasının istehsalındakı geriləmə tikinti keramikasının həcminin artması ilə əvəz olunub.

   XV-XVII əsrlərdə tikinti işlərinin genişlənməsi ilə bağlı dekorativ kərpic və kaşı istehsalının artımı müşahidə olunur. Bu dövrdə Qarabağda saxsı məmulatı istehsalı 3 qrup üzrə (şirsiz qablar, şirli qablartikinti materialları) ixtisaslaşır. Şirsiz saxsı məmulatı - küp, qazan, səhəng, bardaq, aftafa, dolça, çıraqlar və s. geniş yayılır. Bu məişət əşyalarının bədii tərtibatı zamanı xətti və nöqtəvi naxışlardan geniş istifadə olunub.

   Qarabağ ərazisində şirli qablardan da (bardaq, güldan, vaza, çıraq, kasas.) geniş istifadə olunub. Dulusçular yüksək peşəkarlıq göstərərək marqans, miskobalt oksidinin köməyi ilə keyfiyyətli qablar istehsal ediblər. Qablar əvvəlcə adi qaydada bişirilərək kürədən çıxarılıb, sonra onun üzərinə şir çəkilib və yenidən kürəyə salınıb.

   XVII əsrdə Qarabağda baş verən iqtisadi böhran dulusçuluğun da inkişafına mənfi təsir göstərib. XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəlində Qarabağda dulusçuluqda aparıcı yeri məişət keramikası tuturdu. Qaynaqlarda qeyd olunur ki, həmin dövrdə məişətdə işlədilən saxsı məmulatı arasında irihəcmli su qablarının, ilk növbədə səhəng və küplərin istehsalı mühüm yer tutub. Ümumiyyətlə, qarabağlı dulusçular gildən çeşidli əşyalar hazırlayıblar. Bu sırada su qabları, yemək qabları, süd məhsulları üçün qablar, evlərin qızdırılması və işıqlandırılması üçün nəzərdə tutulan əşya və avadanlıqları qeyd etmək olar.

   Arxeoloqetnoqraf alimlərdən İ.Əzimbəyov, A.Ələkbərov, İ.Cəfərzadə, B.Latınin, T.Passek, A.İyessen, K.Kuşnareva, İ.Nərimanov, Q.İsmayılov, Ə.Cəfərov, H.Cəfərov və başqalarının bu mövzuda tədqiqatlarında dəyərli elmi məlumatlar mövcuddur. Bu mənada Qarabağ ərazisindəki Üzərliktəpə, Qaraköpəktəpə, Çinartəpə və s. abidələr böyük tarixi-mədəni əhəmiyyətə malikdir.

  

   S.Fərəcov

 

Mədəniyyət.- 2016.- 16 dekabr.- S.15.