“Böyük İpək
Yolu” mədəni turizm
marşrutu yaradılacaq
Mövcud marşrutlar yenidən
tədqiq ediləcək
“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə yer alan mühüm məsələlərdən biri də Azərbaycanın mədəni-tarixi görməli yerləri üzrə gündəlik-həftəlik avtomobil və piyada marşrutlarının tərtib edilməsi ilə bağlıdır.
Sənəddə qeyd edilir ki, ölkənin əsas turizm məkanlarından keçəcək yeni “Böyük İpək Yolu” adlı mədəni turizm marşrutu turistlərin tələbinə uyğun yenidən layihələşdiriləcək və inkişaf etdiriləcək. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi digər aidiyyəti tərəflərlə birlikdə işə başlayacaq.
“Böyük İpək Yolu” mədəni turizm marşrutu, eləcə də müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədilə “Aleksandr Düma Qafqazda", "Azərbaycanda şərab yolu", "Azərbaycanda alman izləri", "Azərbaycanda polyak izləri", “Babaların tarixi zəfər və şəhadət yolu” və Naxçıvanda “Nuhun gəmisi” kimi mədəni turizm marşrutları beynəlxalq tələblərə uyğun olaraq yenidən tədqiq ediləcək. Bu marşrutların pasportlaşdırılması həyata keçiriləcək və marşrutlar boyu müvafiq turizm göstəriş nişanlarının yerləşdirilməsi, həmçinin Azərbaycan, ingilis, ərəb və rus dillərində xəritələrin işlənib hazırlanması təmin ediləcək. Azərbaycanın şimal, şimal-qərb və qərb dəhlizləri boyunca bütün mədəni, tarixi görməli yerləri, milli parkları müəyyən ediləcək, gündəlik-həftəlik avtomobil və piyada marşrutlarının proqramları hazırlanacaq.
Mədəni turizm marşrutlarının yaradılması
və inkişafının 2020-ci ildə birbaşa
10 milyon manat və
dolayı 10 milyon manat
olmaqla, ümumilikdə real
ÜDM-in 20 milyon manat artımına, eləcə də 2020-ci
ildə ümumilikdə 3700 olmaqla,
bilavasitə turizm sektorunda
2700 yeni iş yerinin yaradılmasına səbəb
olacağı proqnozlaşdırılır. Qeyd olunan marşrutlar
üzrə yerləşəcək 24 ədəd turizm nümayiş obyektinə
180 min turistin cəlb
olunması gözlənilir. Bu prioritet çərçivəsində yerləşdirmə
vasitələrinin, eləcə də mədəni turizmin və ekoturizmin
inkişafı, marşrutlar üzərində
təbliğat qurğuları və turist
dayanacaqlarının yenidən qurulması üçün
95 milyon manat investisiya qoyuluşu tələb
olunur.
Mədəniyyət.- 2016.- 21
dekabr.- S.4.