Rəsm və musiqi
müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dekabrın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaq, yeniyetmə və gənclərin əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” Ümumrespublika rəsm və musiqi müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edib.
Əvvəlcə qonaqlar filarmoniyanın foyesində rəsm müsabiqəsi qaliblərinin əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasından və keçdiyi inkişaf yolundan danışıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yoluna qədəm qoyub, xarici ölkələrlə bir çox sahələrdə müqavilələr imzalanıb. Ulu öndər başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olunub ki, ölkə başçısının “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” sərəncamının icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il 7 noyabr tarixli əmrinə müvafiq olaraq noyabr-dekabr aylarında uşaq, yeniyetmə və gənclər arasında "Müstəqil Azərbaycanım" adlı ümumrespublika rəsm və musiqi müsabiqəsi keçirilib. Müsabiqənin əhəmiyyətindən danışan nazirlik rəsmisi qeyd edib ki, tədbir müstəqil dövlətimizin əldə etdiyi nailiyyətlərin təbliği, gənc və yeniyetmələrdə vətənpərvərlik ruhunun aşılanması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mərasimdə musiqi üzrə müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti, professor Ramiz Quliyev və rəsm müsabiqəsi münsiflər heyətinin rəhbəri, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, müsabiqənin təşkil olunmasında məqsəd gənclərin milli irsimizə, dövlət rəmzlərimizə, milli-mənəvi dəyərlərimizə, xalqımızın tarixinə, ümumilikdə ana yurdumuza məhəbbət və hörmət ruhunda tərbiyə olunması, istedadlı gənclərin aşkara çıxarılması, onlara dövlət qayğısının artırılması, o cümlədən rəsm və musiqi sənətinin inkişafına nail olmaqdır.
Diqqətə çatdırılıb ki, rəsm müsabiqəsinə 2 yaş qrupu (7-12 və 13-17) üzrə respublikanın uşaq incəsənət və rəssamlıq məktəblərindən 260-dan çox şagirdin 400-ə yaxın əl işi təqdim edilib. 32 nəfər müxtəlif dərəcəli diplomlar və fəxri fərmanlara layiq görülüb.
Musiqi müsabiqəsində 500-dən çox şagird iştirak edib. Fərqlənən şagirdlər müxtəlif dərəcəli diplom və fəxri fərmanlar, eyni zamanda onların müəllim və konsertmeysterləri fəxri fərmanlarla təltif olunublar.
Mükafatlandırma mərasimindən sonra respublika musiqi müsabiqəsinin qalibləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Mədəniyyət.- 2016.- 21
dekabr.- S.6.