Böyük aktrisa ömrünün səhifələri

 

 

 

   Dekabrın 19-da Azərbaycan Teatr Xadimləri İttifaqında respublikanın Xalq artisti, Dövlət Mükafatı laureatı Nəsibə Zeynalovanın 100 illik yubileyinə həsr olunmuşÖmrün səhifələri” kitabının təqdimat mərasimi keçirildi.

   Mərasimə gələnləri Aktyor evinin foyesində quraşdırılmış ekranda böyük aktrisanın çəkildiyi filmlərdən, “Aktrisanın təbəssümü” sənədli filmindən, oynadığı teatrteleviziya tamaşalarından fraqmentlər qarşılayırdı.

   Gələnləri salamlayan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemət gələn il 120 yaşını qeyd edəcək yaradıcılıq qurumununÖmrün səhifələri” layihəsi üzrə görkəmli sənət adamlarına həsr olunmuş kitabların çap edildiyini söylədi. Vurğulandı ki, bu kitabların Azərbaycan dili ilə yanaşı, həm də rusingilis dillərində nəşr edilməsi milli teatr sənəti cəfakeşləri barədə məlumatların daha böyük auditoriyaya çatdırılmasına imkan yaradır.

   Nəsibə xanıma həsr olunmuş kitab həmin silsilədən sayca altıncı nəşrdir. Müəllifi ittifaqın məsul katibi Aida Qafarova olan kitabın ərsəyə gəlməsində TXİ-nin bütün kollektivinin əməyi var.

   Tədbirin aparıcısı, Xalq artisti, ittifaqın sədr müavini Hacı İsmayılov Nəsibə xanım ilə bağlı xatirələrini, görkəmli sənətkarla “Bağlı qapı arxasında” filmində ana-oğul, “Qayınana əməliyyatı” teletamaşasında qayınana-kürəkən olduqlarını yada saldı.

   Sonra Aida Qafarova kitab üzərində çalışmalarından danışdı, aktrisanın şəxsi sənədlərini arxivə təhvil verdiklərinə görə onun ailə üzvlərinə təşəkkürünü bildirdi.

   Xalq artisti Ağakişi Kazımov Musiqili Komediya Teatrında çalışdığı bir il ərzində Nəsibə xanımla ünsiyyətini xatırladı.

   Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə isə aktrisanın çəkildiyi filmlər, kino yaradıcılığı barədə danışdı.

   Nəsibə xanımla “Qayınana” filmində çəkilmiş Xalq artisti İlham Namiq Kamal çəkiliş zamanı baş vermiş məzəli əhvalatları xatırladı. Aktrisa ilə iyirmi il birlikdə çalışmış, onunla Azərbaycanı qarış-qarış gəzmiş Xalq artisti Ramiz Məmmədov isə Nəsibə xanımı təkcə səhnədə tərəf-müqabil kimi deyil, həm də cavanlara əl tutan ağbirçək, hər cür situasiyadan yumorla çıxmağı bacaran xanım kimi tanıdığı üçün xoşbəxt olduğunu vurğuladı.

   Xalq artistləri Canəli Əkbərov və Arif Quliyev də sənətkarla bağlı xatirələrini bölüşdülər. Tanınmış televiziya rejissoru Məhərrəm Bədirzadə isə aktrisanın yaradıcılığının televiziya qolu barədə, birgə işlərindən söz açdı.

   Təqdimat mərasiminin sonunda çıxış edən aktrisanın nəvəsi Nəsibə Əsgərova kitab üzərində çalışanlara, Teatr Xadimləri İttifaqına, mərasimə toplaşan hər kəsə minnətdarlığını bildirdi.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 21 dekabr.- S.7.