Görkəmli bəstəkarın not əsərlərinin tam
külliyyatı təqdim edilib
Dekabrın 16-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, AMEA-nın həqiqi üzvü, professor Arif Məlikovun “Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Əvvəlcə qonaqlar filarmoniyanın foyesində not nəşrlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Arif Məlikovun yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışıb. Bildirilib ki, bəstəkarın balet, simfoniya, oratoriya və digər janrlarda yazdığı əsərlər bu gün sevilə-sevilə dinlənilir. Arif Məlikovun əsərlərinin dünyanın bir sıra ölkələrində səsləndiyini deyən nazir onu zəngin yaradıcılığa malik sənətkar kimi xarakterizə edib.
Qeyd olunub ki, A.Məlikovun “Məhəbbət əfsanəsi” baleti dünyanın 70-dək teatrının səhnəsində tamaşaya qoyularaq müəllifinə böyük tamaşaçı auditoriyası qazandırıb. Nazir bəstəkarın yaradıcılığının hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini və onun sənətinə xüsusi münasibət göstərildiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, bəstəkarın bu gün təqdimatı keçirilən 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” dövlətimizin başçısının dəstəyi sayəsində ərsəyə gəlib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək görkəmli bəstəkarın yaradıcılığının zənginliyindən söz açıb. Qeyd olunub ki, Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnir. O öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Bəstəkarın böyük türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı “Məhəbbət əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırıb. Vurğulanıb ki, Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə yanaşı, müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.
Bəstəkarın əsərlərinin dünyanın 80-dən çox ölkəsində ifa olduğunu bildirən akademik vurğulayıb ki, bundan sonra onun əsərlərinin səslənəcəyi coğrafiya daha da genişlənəcək.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Dövlət Xor Kapellasının ifasında Arif Məlikovun “Vətən” vokal-simfonik poeması və “Təzadlar” adlı 6-cı simfoniyası səsləndirilib. Orkestri Xalq artisti Rauf Abdullayev idarə edib.
Konsert proqramı maraqla qarşılanıb.
Mədəniyyət.- 2016.- 21
dekabr.- S.8.