“ASAN Viza”
portalının təqdimat
mərasimi keçirilib
Portala müraciət edən şəxs ödəniş
etdikdən sonra vizası 3 iş günü müddətində
elektron poçt ünvanına göndəriləcək
Dekabrın 16-da “ASAN Viza” portalının
təqdimat mərasimi
keçirilib.
Mərasimdə
çıxış edən
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
sədri İnam Kərimov portalın hazırda test rejimində fəaliyyət göstərdiyini,
2017-ci il yanvarın
10-dan etibarən tam istifadəyə
veriləcəyini bildirib.
Qeyd edilib ki,
“ASAN Viza” portalının
yaradılmasında məqsəd
ölkəmizə gələn
əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir
informasiya texnologiyalarının
tətbiqi ilə operativlik və şəffaflığın təmin
edilməsidir. Portalın üstünlüyü
ondan ibarətdir ki, əcnəbilər evlərindən çıxmadan,
onlayn rejimdə müraciət edərək
viza əldə edə biləcəklər.
Diqqətə çatdırılıb ki,
ölkədə qalma
müddəti 30 günədək
müəyyən edilən
birdəfəlik elektron
viza almaq üçün portala müraciət edən şəxs ödəniş
etdikdən sonra vizası 3 iş günü müddətində
elektron poçt ünvanına göndəriləcək.
Viza üçün dövlət
rüsumu 20 ABŞ dolları
təşkil edir.
Bu rüsum vizaya
baxılması üçün
tələb olunur və heç bir halda geri
qaytarılmır. Elektron viza
müraciətlərinin bir
nəfər, ailə
(ən azı 2, ən çoxu 10 nəfər) və qrup şəklində (ən azı 10, ən çoxu 300 nəfər) edilməsi nəzərdə tutulur.
“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi
və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 1 iyun tarixli fərmanına uyğun olaraq Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində
“ASAN Viza” sisteminin yaradılması təmin edilib.
İnam Kərimov məlumat
verib ki, indiyədək “ASAN Xidmət”ə
13 milyondan çox vətəndaş müraciət
edib. Vətəndaşların bu xidmətlərdən
məmnunluq səviyyəsi
98-100 faizdir. Elektron xidmətlərin
bütün sahələrdə
inkişafı dövlət
üçün prioritet
məsələdir. “ASAN
Xidmət” mərkəzləri
yalnız Azərbaycan
vətəndaşlarına deyil, o cümlədən ölkəmizdə yaşayan
xaricilərə və
vətəndaşlığı olmayan şəxslərə
də çoxsaylı
dövlət xidmətləri
göstərir.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, ölkələr arasında münasibətlərdə viza siyasətinin sadələşdirilməsi və birbaşa uçuşların olması mühüm əhəmiyyət kəsb edir. Viza siyasətinin liberallaşdırılması ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərir. Statistikaya görə, Azərbaycana səfər edənlərin təxminən 70 faizi ölkəmizlə vizasız rejimdə olan dövlətlərin vətəndaşlarıdır. Dünya təcrübəsi göstərir ki, viza siyasəti tam sərbəst olduqda və viza ilə bağlı mürəkkəb sənədləşdirmə prosesi aradan götürüldükdə ölkəyə turist axını da artır. Ölkəyə gələn turist sayının artması isə öz növbəsində iqtisadiyyatın güclənməsinə, yeni iş yerlərinin açılmasına, infrastrukturun təkmilləşdirilməsinə, sahibkarlığın inkişafına kömək edir.
Nazir müavini
diqqətə çatdırıb ki, bu ilin cari
statistikasına əsasən, ölkəyə gələn
turistlərin sayında 11 faiz artım olub. Ərəb ölkələrindən Azərbaycana
gələn turistlərin sayı 8 dəfəyədək, təkcə
Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin
sayı 33 dəfə artıb. 12 ölkənin vətəndaşlarına
hava limanlarında viza
verilməsi təmin edilib. Bunlar
Körfəz ölkələri, Çin,
Cənubi Koreya, Yaponiya,
Sinqapur, Malayziya və
İndoneziyadır. Elektron vizanın tətbiqindən
sonra Avropa ölkələrindən
gələnlərin sayında da artım baş verib. "ASAN Viza" sisteminin tətbiqi
ilə dünyanın əsas ölkələrindən gələnlərin
sayı artacaq. Hazırda əsas məqsədimiz
nəinki beynəlxalq statuslu hava limanlarında, ümumilikdə bütün dövlət sərhəd-keçid
məntəqələrində vizanın verilməsi
imkanlarının yaradılmasıdır.
Mədəniyyət.- 2016.- 21
dekabr.- S.9.