IV Beynəlxalq Mahmud
Kaşğarlı hekayə müsabiqəsi başa
çatdı
Qaliblər
sırasında iki azərbaycanlı
yazıçı var
Yaqub Öməroğlu: “Güney Azərbaycandan bir türkün birinci yeri tutması bütün türk dünyası üçün sevindiricidir”
Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin bu ilin mart ayında elan etdiyi növbəti - IV Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi başa çatıb. Türkiyə Baş Nazirliyinin Tanıtma Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqənin mükafatlandırma mərasimi dekabrın 21-də Qazaxıstanın Almatı şəhərində baş tutacaq. Tədbir öncəsi Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu ilə müsabiqə və onun nəticələri haqqında söhbət etdik.
- Yaqub bəy, IV Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi qaliblərinin adları Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avçı tərəfindən Konyada keçirilən bir toplantıda açıqlandı. Yarışın nəticələri, əvvəlkilərdən fərqi və digər məqamlarla bağlı nə deyə bilərsiniz?
- Əvvəlcə qaliblərin adlarını söyləyim. Cənubi Azərbaycandan (İran) Qafur İmamzadə Hiyavinin “Qırmızım” hekayəsi birinci, Türkiyədən Mehmet Akif Dumanın “Türbedar risaləsi” hekayəsi ikinci, Qazaxıstandan Berik Şahanovun “Üvey ömür” (“Ögey ömür”) hekayəsi üçüncü və Azərbaycandan Təranə Vahidin “Mən toz dənəsiyəm” hekayəsi dördüncü yerə layiq görüldü. Mükafatlar dekabrın 21-də Qazaxıstan Yazıçılar Birliyinin salonunda düzənlənəcək mərasimdə veriləcək. Builki yarışmada bizi sevindirən iki məqam var. Birincisi, ölkə sayı daha çox oldu, 4-cü müsabiqə 16 türk dövləti və topluluğunda keçirildi. Bunların ən mühümü Sibirdə, Xakasiyada keçirildi. Xakasiyadakı yarışmadan Altay və Tuva türkləri də xəbərdar odu. Ümid edirik ki, 5-ci müsabiqədə altaylılar, tuvalılar və yakutlar da iştirak edəcəklər. Digər bir məqam isə ilk dəfə Cənubi Azərbaycandan türk yazıçının iştirakı idi. Ümumiyyətlə, bu yarışmanın əsası budur ki, əslində biz jürini ləhcələr əsasında qururuq. Yəni Azərbaycan türkcəsi üzrə jüriyə dünyanın harasında yaşayırsa-yaşasın Azərbaycan dilində hekayə yazan hər kəs hekayə təqdim edə bilər. Türkiyədəki jüri eləcə - yəni dünyanın hanası nöqtəsində yaşamasından asılı olmayaraq bütün türk dilində yazanları əhatə edir. Burada türk olmaq da şərt deyil. Yarışa bir ingilis də qatıla bilər. Yetər ki, hekayə yaza biləcək səviyyədə türk dilini bilsin. Amma eyni ədəbi dildə əlifba (yazı) fərqlərimiz də var. Azərbaycan Respublikasında latın qrafikalı əlifba istifadə olunur, İranda yaşayan türklər eyni dili danışsa da, ərəb qrafikalı əlifbadan istifadə edir. Onlar bizə belə bir müraciət etmişdilər ki, biz başqa əlifba ilə yazırıq və bu əsərləri oxunması üçün ayrı jüri istəyirik. Biz bu müraciəti haqlı bildik. Bu səbəbdən bu il Cənubi Azərbaycanda da bir jüri quruldu və onlar da öz yarışlarını keçirdilər. Çox yüksək səviyyədə də iştirakçı sayı oldu.
- Çağdaş dövrdə dünyada qarışıqlıq, gərginlik, böhran var. Bu il də bölgə üçün çətin il oldu. Həm də ötən il Türkiyə ilə Rusiya arasında məlum böhran yaşandı. Bu, Rusiyada yaşayan türkdilli xalqların yarışmada iştirakına əngəl yaratmadı ki?
- Çox məmnunuq ki, yarışmamıza siyasi böhranlar, ölkələrin öz aralarındakı problemlər təsir etmədi. Buna yardım edən dövlət qurumlarımızın hamısına da minnətdarıq. Qeyd etdiyiniz kimi, Rusiya ilə Türkiyə arasındakı müvəqqəti bir böhran yaşansa da, biz müsabiqəni Rusiyada yaşayan türk xalqları arasında da keçirə bildik və heç bir problem olmadı. Almaniyada yaşayan bir yazıçı da Türkiyə jürisinə müraciət etmişdi və Türkiyə birincisi də o oldu. Beynəlxalq yarışmada da ikinci yeri tutdu. Təbii ki, yaş qrupu baxımından da yarışa daha çox gənclər maraq göstərirlər. Yarış onlara öz gücünü, qabiliyyətini təsdiq edəcək bir fürsət kimi görünür. Amma bunun türk dünyası və beynəlxalq xüsusiyyəti olduğu üçün öz ölkələrində tanınan yazıçılar da yarışa hekayələr vermişdilər və biz bundan da çox məmnunuq. Azərbaycandan da xanım yazar - Təranə Vahid həm ölkə birincisi oldu, həm də beynəlxalq yarışmanın qalibləri sırasında yer aldı.
Budəfəki Mahmud Kaşğarlı hekayə yarışmasının ən əlamətdar məqamı, dediyim kimi, Güney Azərbaycandan da bir yazarın müsabiqəyə qatılması və qalib gəlməsi oldu. Bu həm Güney Azərbaycan ədəbiyyatı, həm də bizim üçün mühüm hadisədir. Dilimizə, ədəbiyyatımıza yeni bir yazıçı gəldi. Güney Azərbaycandan bir türkün birinci yeri tutması bütün türk dünyası üçün sevindirici haldır. O, ədəbiyyat sahəsində tanınır və bu mükafatı almaqla daha da tanınacaq. Bu yarışmanın bəhrə verməsi bizi məmnun edir. Hətta Cənubi Azərbaycanda ədəbi yayım imkanları ilə tanış oluruq. Onların bir “Yaşmaq” dərgiləri var. Amma çap və yayım imkanları məhduddur. Biz yarışda yer tutan hekayələri də yayımlayırıq. Eyni zamanda qalib yazıçıların kitab halına gəlmiş əsərlərini də Türkiyədə çap etmək bizə zövq verən bir iş olacaq. Qafur bəy və digərlərinin əsərlərini Türkiyədə türk dilində çap etməklə türk oxucusuna tanıtmış olacağıq.
- Yaqub bəy, nə üçün mükafatlandırma mərasimi məhz Almatıda keçirilir. Bu müsabiqənin şərtlərindən irəli gəlir, yoxsa...
- Bəli, bu şərtlərdən irəli gəlir. Yarışın qalibi hansı yazıçı olursa, növbəti ildə mükafatlandırma mərasimi də onun ölkəsində baş tutur. Birinci müsabiqənin qalibi türkiyəli yazıçı olduğu üçün mükafatlandırma törəni də Türkiyədə keçirildi. İkinci yarışda isə Azərbaycandan Əjdər Ol birinci yer tutduğu üçün tədbir də Azərbaycanın paytaxtı Bakıda baş tutdu və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyinin dəstəyi ilə çox yüksək səviyyədə keçirildi. Üçüncü müsabiqədə birinci yeri Qazaxıstan şairi tutdu və ona görə də builki tədbir Almatıda keçirilir. Təbrizin şərtlərinin necə olacağını bilmirəm, amma gələn ilki tədbiri də orda keçirməyə hazırlaşırıq. Yəni biz Təbrizə getməyə hazırıq.
- Avrasiya Yazarlar Birliyi hər zaman yeniliklərə imza atan qurum kimi tanınır. Bu yeniliklərinizdən biri də “Ədəbiyyat Akademiyası”dır. Akademiyanın qayəsi və əsas hədəfləri nədir?
- Ədəbiyyat Akademiyasının məqsədini daha yaxşı anlamaq üçün azərbaycanlılar Moskvada fəaliyyət göstərən Qorki adına Ədəbiyyat İnstitutunun fəaliyyətini nəzərdən keçirə bilərlər. Biz onun bir modelini də Ankarada qurmaq istəyirik. Gənc yazıçılara ədəbiyyat sahəsində təhsil vermək, onları daha yaxşı yerlərə gətirmək üçün çalışan bir təhsil ocağı qurmaq niyyətindəyik. Hər il şeir, hekayə, esse sahəsində akademiyada yetişən gənclərin kitablarını nəşr edirik. Arzumuz budur ki, bu akademiya bütün türk dünyasında tanına və genişlənə bilsin. Amma bütün bunların həyata keçməsi üçün maliyyə imkanları da lazımdır. Akademiyanın qəbul etdiyi tələbənin öz ölkəsində işi, dövlət təminatı varsa, ordan da izinli sayılması və ordakı əməkhaqqının davam etməsi lazımdır. Həm də burda ona ödəniş olunmalıdır. Ona görə də Ədəbiyyat Akademiyasının tam fəaliyyəti müəyyən şərtlərin reallaşması sayəsində mümkün olacaq.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 21
dekabr.-S.10.