“Axı, sən kimsən, nəsən?..”
Azərbaycan
türkcəsilə arasında “fərq”-“fark” fərqi olan Türkiyə türkcəsilə “sen kimsin, nesin?”...
Əsl adı Mehmet Nusret olan və otuz yaşından dünyaca məşhurlaşmağa başlayan böyük türk yazıçısı, dövrünün ən “qorxulu” satirik-publisisti, dramatik dramaturqu Əziz Nesin, hərdən atasından eşitdiyi (və gələcəkdə başqalarından da gözlədiyi) bu sualı önləməkçün sonuncu ifadəni özünə təxəllüs götürmüşdü...
Yox, bu, heç bir qeyri-ciddilik, lağlağılıq, öz təbirincə desək, “şaka-takalıq”dan qaynaqlanmayıb. Hətta bunun bir tərəfi də, yazıçının xatirələrindəki bir məqama istinadən desək, 1934-cü ildə Türkiyədə qəbul olunan soyad qanunu - “hər kəs özünə soyad götürməlidir” rəsmiyyətilə bağlıdır.
Amma hələ bu “gülməli” təxəllüsə qədər də bu canla, tək elə Türkiyə məmuriyyəti və nöqsaniyyətinin yox, bütün dünya qüsuriyyətinin canına vəlvələlər, siyasi quruluşların məhvərinə zəlzələlər salası, bənzəri olmayan ədəbi sancı, öldürücü “təbəssüm”, min illərin mental istehkamlarına dağıdıcı istehza atəşləri saçası -
Bir Qələm gəlişi gəlirmiş...
1915-ci il dekabrın 20-də İstanbulda anadan olmuş, mömin atasının onu da “imanlı müsəlman” görmək istəyinə binaən Darüşşəfəq məktəbində Quranı əzbərdən öyrənərək “hafiz” adını almış, 1935-də Qülləli Əsgər liseyinə daxil olub, 1937-də Ankara Hərb məktəbini, bir müddət sonra İncəsənət məktəbini bitirmiş Əzizin sonralar xatırlayacağı “ən incə” mətləb bu olub: “Hərb məktəblərində hətta bizim düşüncələrimiz də təqib edilirdi”.
1939-cu ildə başlanan Dünya müharibəsində Əziz də (zabit kimi) orduya çağırılır. Burada tank kursunu da bitirir. Lakin (və yaxşı ənənə olmasa da, əlbəttə!) 1944-cü ildə “vəzifəsini və rütbəsini pis yerinə yetirməsi” maddəsilə ordudan qovulur. Bir müddət baqqal, mühasib kimi peşələrdə çalışır. Sol təmayüllü “Tan” qəzetində işə girir, köşə yazıları, teatrlara “xırım-xırda” pyeslər yazır. 1946-cı ildə nəşr edilən “Partiya qurmaq, partiya vurmaq” adlı ilk kitabı onun başına “böyük şöhrət oyunu açır”. Ardınca, bolşevizm-sovet “xəstəliyi” tutmuşlardan biri - təqiblərdən xaricə qaçırkən tutulan və 1948-də həbsxanada vəhşicəsinə öldürülən millətçi-şair Səbahəddin Əli ilə tanışlığı onda solçuluq ideyalarına marağı daha da artırır və onlar satirik qəzet (“Marko Paşa”) nəşr etməyə qərar verirlər. Qısa müddətdə bütün Türkiyəyə səs salan bu qəzetin səhifələrində yüksək çinli dövlət məmurlarına görünməmiş satira toyu tuturlar. Dəfələrlə həbslərə, bezdirici təqiblərə məruz qalan Ə.Nesin “yandırıcı” köşə yazılarına ara vermir.
Həm də dövrünün ən məhsuldar yazıçısı hesab edilən bu “civə yoxsunlu adam” 1952-ci ildə İstanbulun Levent məhəlləsində dükan kirayələyir, dərhal “Oluş” adlı bir nəşriyyat açır. Üç il sonra İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinən 100 nəfər solçudan biri kimi tutulur və heç bir səbəb olmadan 9 ay həbsdə yatır. Bu həbslər onu həm müqayisəsiz bir qorxmaza, həm də... böyük ədibin ruhi-şəxsiyyətindən (və müasir əndirəbadi Ginnes rekordçularının qulaqlarından) iraq, super imza “buqələmun”una çevirir. Bu məqamda heç bir obrazlı ifadəyə yer vermədən deyim ki, bu adam həmin yazıların kəsilmə təhlükəsinə rəğmən iki yüzdən artıq təxəllüsdən istifadə edib! Çox həcm suyu aparası bu mənəvi xəmir “məsələ”sini belə də konkretləşdirmək mümkün ki; onun dövründə Türkiyədə iki nəhəng sevgisizlik hökm sürüb: ölkənin böyük məmurlar ordusu və dini ictimaiyyəti Əziz Nesinə, Əziz Nesin isə riyakarlığa...
Əks tərəfdəkilərdən birinin nifrəti haqsız imiş. Nədən ki, Ə.Nesində islam dininə qarşı heç bir etiraz-filan yoxmuş. Hətta övladlarından biri - Əli Nesin də islami həyatı seçmişdi. Bu ata-balanın xalq arasında “doğrudur, biz dinsizik, amma seçim qarşısında qalsaq, islamı seçərik” kimi sözləri də yayılıbmış.
İki dəfə evlilik həyatı yaşayıb Əziz. Və... müdam ətrafına “atəş adam” təsiri bağışlamış bu kişinin yeganə sınıqlığı da elə bu “iş”lə bağlı olub. Özü heç zaman ev-ailə məsələlərindən danışmasa da, ölümündən sonra böyük oğlu Atəş Nesin yazdığı kitabda atasının anasını boşama hekayətində belə bir cümlə də var: “Çağırılmamış qonaqla tutduğundan...”
Həbsxanada ikən tanış olub evləndiyi ikinci - on illik ailə həyatı yaşadığı ədəbiyyatçı Meral Çelen “Əziz Nesinli illər” kitabında onunla yaşadığı illərin ən gözəl anlarını təsvir edib. Sonralar bu xanım bunu da yazacaqdı: “Mən çox yaxşı yazıçı ola bilərdim, amma belə bir nəhəng ədiblə ailə həyatı qurmağım bu karyerama son qoydu...”
Bu “nəhəng ədib” haqda hələ çox şeylər yazılacaqdı: “Milli İstiqbarata (kəşfiyyat idarəsi) işləyirdi”, “Bu qatı kommunist, cavanlığında hərbiyyədə çox haqsızlıqlar gördüyündən solçuluğa meyllənmişdi” və s.
Başqa fikirlər - yəni onu əsl dəyərincə dəyərləndirənlər daha çoxdur və bu gedişlə daha fazla olacaq. Onlardan bircəsini xatırladaq: “Nesin, həqiqətən də, xalqını həddindən çox istədiyi üçün, onun həyatındakı naqisliklərə dözə bilmədiyi üçün bu qədər dərindən, bu qədər acılarla tənqid edirdi. Əgər başqa cür olsaydı, bu gün onun adı Türkiyə üçün fəxr, qürur mənbəyi olmazdı”.
Əsərləri böyük tirajlarla dünyanın müxtəlif xalqlarının dilinə çevrilən bu ədib hələ sağlığında 56 ədəbi mükafat alıb. 1972-ci ildə kimsəsiz və kasıb uşaqlarçün yaratdığı “Nesin Fondu”nun yaşaması üçün canını oda-közə yaxan yazıçı əsərlərindən əldə etdiyi qonorarları bu işə xərcləyib. Hazırda həmin fondda Nesinin şəxsi əşyalarının nümayiş olunduğu muzey də fəaliyyət göstərir.
Ömür sonlarında şeir yazmağa meyllənən yazıçı “Sivas acısı”nda deyirdi:
“Ey yüregimin onmaz acıları,
Ey beynimin dinmez sancıları,
Suç ne bende, ne de sende.
Suç seni karanlıklara
gömenlerde.
Bilmelisin, bir yerin var
canevimde...
Bu poetik misralardan sonra ədibin sətirdən-sətrə
və... ürəklərdən
beyinlərə keçən
kəlamlarından:
Yoxsulun yeganə silahı
durmadan çalışmaqdır.
“Mənə toxunmayan ilan min il yaşasın” - deyə yaşatdığınız
ilanların növbəti
hədəfi siz ola bilərsiniz.
İnsanlar yalnız söylədiklərinə
görə deyil, susduqlarına görə də cavabdehlik daşıyırlar.
Günahları yazan mələyin
solda olduğunu bilirsinizmi? Ola bilsin, ürəyin, qəlbin solda yerləşməsi də
bundandır. Bəlkə
eşq - yaşanılan
ən böyük günahdır...
Ən gözəl şeir
riyaziyyatdır. Hesab edirəm
ki, Yer üzündə
“iki dəfə iki dörd edər”dən
gözəl şeir yazılmamışdır.
Dar yerlərdən
çıxanlar genişliyə
tab gətirə bilməzlər...
Məzarı da məzaqı kimi...
Çağdaşlarının qənaətincə, sağlığında heç
bir təhlükəni
vecinə almamış
bu “nəcib əjdaha” məzarla, “gorbagorluqla” zarafatdan ehtiyat edirmiş. Bilə-bilə ki, yaratdığı
ölməz satirik əsərlər hər zaman onun mənəvi
məzar-ziyarətgahı sayılacaq.
Və... bütün
həyat-yaradıcılıq aləmilə ayrıca bir Türkiyə hadisəsi yaradan böyük ədib, elə həmin güman-bilimlərini reallaşdırmaqla
da - ölümü ilə də hamını mat qoydu.
1995-ci il iyulun 6-da İzmirin Alaçatı bölgəsində
(kitablarının imza
günü) həyatla
vidalaşan ədib vəsiyyət edibmiş ki, dəfn mərasimi
təşkil edilməsin...
Meyiti İstanbul Çapa
Tibb Fakültəsinə
gətirilərək yarılır.
Tələbələrə cəsəd üzərində
dərs keçilir.
Sonra, vəsiyyətinə uyğun
olaraq, Çatalca məhəlləsinə - özünün
yaratdığı fondun
həyətinə gətirilir.
Əvvəlcə “Nesin Fondu”nun
uşaqları oradan uzaqlaşdırılır. Sonra vəsiyyətindən
bu parça oxunur: “Məzarımın
üzərinə işarə-filan,
çiçək də
qoyulmasın. Türkiyədə məzarlıqlar dinlərə
görə bölünmüş.
Dinsizlərin məzarı
olmamalıdır...” Vəqfin
baxçasında 7 çuxur
qazılır və onun nəşi bunlardan yalnız bircə adama bəlli olanına qoyulur...
Sonra ölümündən əvvəlki
müsahibələrinin birində
dediyi bu sözlər xatırlanır:
“Cavanlıqdan bəri
ən böyük arzum - öz istəyimcə ideal bir dövlət qurmaq idi. Bunu edə
bilməyəcəyimi hiss edincə
bu torpağı alıb bir fond qura bildim. Burada
yaşayıb-oxuyası uşaqlar
məndən sonrakı
əsərlərim olacaqlar...”
Daha biri: “Kitablarımdan gələn bütün vəsaiti fondun internat məktəbinə
vəsiyyət edirəm.
Dörd övladım
isə öz əllərinin zəhmətiylə
çörəkpulu qazansınlar...”
Onunla bağlı “yerli”
bir olayı da təqdim edim. Bunu böyük ədibimiz
İsa Muğannanın
xanımı danışıb.
“Türkiyəyə gəzməyə getmişdik
(o illər bu icazə ilk dəfə bizə verilmişdi).
Rəsul Rza, Süleyman Rüstəm, Məsud Əlioğlu öz xanımları ilə, İsmayıl Şıxlı isə təm-təkcə. Həmin dövrdə
Türkiyə çox
kasıb idi. Bakıya gəlişlərində
bizə də qonaq düşən Əziz Nesin orada bizi çox
böyük sevinclə
qarşıladı və
böyük bir narahatlıqla dedi: “Mən sizin hamınızdan üzr istəyirəm. Mənim elə pulum
yoxdur ki, sizə sizlər kimi qonaqlıq verim. Ancaq xahiş edirəm, sözümü yerə salmayın, gedək sizi ləzzətli bulka ilə çaya qonaq edim...”
“Mən dinsizəm” desən də, Allah sənə qəni-qəni rəhmət
eləsin, Nesin!..
Tahir
Abbaslı
Mədəniyyət.- 2016.- 21
dekabr.-S.12.