Şəhid heykəltəraşın əsərlərindən
ibarət albom nəşr olunub
“Xalq Bank”ın “Xalq əmanəti” mədəniyyət layihəsinin növbəti təqdimatı torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş heykəltəraş Samir Kaçayevin həyat və yaradıcılığına həsr edilib.
Layihənin sayca 14-cü nəşri - “Heykəltəraşlıq” bədii albomu gənc sənətkarın qısa, lakin dolğun ömür və yaradıcılıq yolundan bəhs edir.
Samir Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olub. Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevib. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olub hərbi xidmətə yollanıb. 2016-cı il aprelin 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. Göstərdiyi rəşadətə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.
Samir Kaçayev yaşadığı qısa ömür ərzində yaratdığı əsərləri, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb. Alboma onun 50-dən çox heykəltəraşlıq və qrafika işi daxil edilib.
Qeyd edək ki, Samir Kaçayevin əsərlərinin sərgisi “Xalq Bank”ın əsas binasında (Bakı, İnşaatçılar prospekti, 22L) nümayiş olunur, fevral ayından isə heykəltəraşın doğulduğu Şamaxı rayonunda “Xalq Bank”ın “Şamaxı” filialında (Şamaxı şəh., Şəhriyar küç. 1) fəaliyyət göstərəcək. Giriş sərbəstdir.
“Xalq əmanəti” layihəsi 2010-cu ildən
etibarən həyata keçirilir. Layihə
xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə
ötürülməsi, mənəvi dəyərlərimizin
tanıdılması məqsədi daşıyır. Layihə
çərçivəsində kitablar Azərbaycan,
ingilis və rus dillərində
çap olunur. Nəşrlər respublikanın təhsil müəssisələrinə,
kitabxanalarına, müxtəlif fondlara, xarici ölkələrin Azərbaycanda və
Azərbaycanın xaricdə fəaliyyət diplomatik
nümayəndələrinə, müxtəlif ölkələrin
muzey və kitabxanalarına, eləcə də
sənətsevərlərə hədiyyə olunur.
Mədəniyyət.- 2016.- 21
dekabr.-S.14.