Muzey Mərkəzində “Gözəlliyin bir anı”

 

 

 

   Dekabrın 16-da Muzey Mərkəzinin sərgi qalereyasında gənc rəssam Tamilla Həsənovanın “Gözəlliyin bir anı” adlı ilk fərdi sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm NazirliyiMuzey Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

   Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, fərdi sərginin keçirilməsi gənc rəssam üçün böyük uğur, yaddaqalan hadisədir. Tamilla Həsənova əsərlərində daxili aləmini, dünyagörüşünü nümayiş etdirir. Gənc olmasına baxmayaraq gözəl əsərlər yaradır və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

   Muzey Mərkəzinin direktoru Liana Vəzirova rəssamı fərdi sərgisinin açılışı münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.

   Tamilla Həsənova sərgiyə gələn qonaqlara minnətdarlığını bildirib.

   Sonra iştirakçılar sərgi ilə tanış olublar.

   Tamilla Həsənova rəsmlərində sakit, əlvan elementlər və rəngin harmoniyası ilə tamamlanmış gözəlliyi göstərir. Rəssamın işlədiyi üslub realizmdən abstraksionizmə, klassik tərzdən impressionizmə qədər əhatəli, janrları isə fərqlidir: peyzaj, portret, natürmortlars.

   Portret üzərində işləyərkən rəssam öz qarşısında ruhun bütün dəyişkənliyini kağıza köçürmək məqsədi qoyur. Bunun əksinə olaraq, peyzajlar kosmik təbiətin əksini göstərir. Real landşaftla yetkin insanın düşüncələrinin vəhdəti də “Əbədiyyət cavahiratı axtarışında”, “Təbiət ahəngi” və s. işlərin məzmununu təşkil edir.

   Rəssamın 40-dək əsərinin nümayiş olunduğu sərgi dekabrın 20-dək davam edib.

 

Mədəniyyət.- 2016.- 21 dekabr.-S.16.