Bəstəkar, pedaqoq Nazim Əliverdibəyovun 90 illiyinə həsr olunan tədbir

 

 

   Dekabrın 22-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə görkəmli bəstəkar, pedaqoq Nazim Əliverdibəyovun 90 illiyinə həsr olunmuş tədbir keçirildi.

   Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Nazim Əlverdibəyovun maraqlı şəxsiyyət, təcrübəli pedaqoq və istedadlı sənətkar olduğunu dedi. Qeyd etdi ki, N.Əlverdibəyov uzun illər Bülbül adına Orta ixtisas musiqi məktəbinin direktoru olub. Bu gün də həmin məktəbdə onun idarəçilik sistemi, ənənələri yaşadılır.

   Muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın həyat və yaradıcılıq yolundan ətraflı bəhs etdi. Bildirdi ki, Şuşadasonra da Azərbaycanda tanınmış Əlverdibəyovlar, Hacıbəylilər və Bədəlbəylilər nəsil-kökcə bir-birlərinə yaxın qohum olublar. Onlar Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr veriblər. Nazim Əliverdibəyov da nəslinin tanınmış nümayəndəsidir. O, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarını yenidən orkestrləşdirib. “Cırtdan”, “Muğan” operalarını yazıb.

   Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Azər Dadaşov görkəmli sənətkarın pedaqoji fəaliyyətindən danışdı. Qeyd etdi ki, Nazim Əlverdibəyov Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. O, tələbələrinə həmişə öz həmkarı kimi baxardı.

   Çıxışlardan sonra Əməkdar artist Aleksey Miltıx, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının tələbə və magistrləri - beynəlxalq müsabiqələr laureatları Səma Xəlilzadə, Rəna Novruzbəyli, Lalə Məhərrəmova, Arzu Hüseynova, Mirxavər Əliyevanın ifalarında Nazim Əliverdibəyovun, Niyazinin, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Adil Bəbirov və Fərəc Qarayevin əsərləri səsləndirildi.

   Tədbir görkəmli sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olundu.

  

   Savalan Fərəcov

 

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.2.