Muxtar Qəmbər oğlu Maniyev

 

 

 

   Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti Muxtar Qəmbər oğlu Maniyev 2016-cı il dekabrın 22-də ömrünün 81-ci ilində vəfat etmişdir.

   Muxtar Maniyev 1935-ci il aprelin 4-də Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Sənaye Universiteti) mühəndis, Azərbaycan Teatr İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti) isə aktyorluq ixtisası üzrə ali təhsil almışdır.

   Yaradıcılığa 1959-cu ildəAzərbaycanfilmkinostudiyasında rejissor Rza Təhmasibin çəkdiyiOnu bağışlamaq olarmı?” bədii filmi ilə başlayan aktyor ömrü boyu kinonu tərk etməmiş, “İnsan məskən salır”, “Koroğlu”, “Nəsimi”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”, “Nizami”, “Babək”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, “Gecə qatarında qətl”, “İşarəni dənizdən gözləyin”, “Bakıda küləklər əsir”, “Hər şey yaxşılığa doğru”, “Həm ziyarət, həm ticarət”, “Qanlı zəmi”, “Ölsəm... bağışla”, “Papaq s. filmlərdə unudulmaz xarakterlər yaratmışdır. Bundan əlavə, Muxtar ManiyevMozalankinojurnalı yarandığı vaxtdan başlayaraq kinojurnalın nömrələrində fəal iştirak etmiş bir çox rollarda çəkilmişdir.

   Muxtar Maniyev 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra bir müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmış qısa zaman ərzində teatrda Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Azad (“Əliqulu evlənir”, Sabit Rəhman) s. yaddaqalan rollar oynamışdır.

   Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Muxtar Maniyev zəngin yaradıcılıq palitrasına malik sənətkarlardandır. O, milli kino sənətinin inkişafına dəyərli töhfələr vermişdir. Sənətkarın çoxsaylı bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar dərin psixoloji yozumu ilə səciyyələnmişdir. Onun ekranda yaratdığı rəngarəng surətlər səmimiliyi inandırıcılığı ilə seçilərək uğurlu tale yaşamışdır. Muxtar Maniyevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbi olmuşdur.

   Azərbaycan kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Muxtar Maniyevin əməyi yüksək qiymətləndirilmiş, o, 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

   Unudulmaz sənətkar, gözəl insan Muxtar Maniyevin əziz xatirəsi bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaqdır.

   Allah rəhmət eləsin.

  

   Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi

   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

   C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.3.