Astarada Xalq teatrının yeni tamaşası təqdim olunub

 

 

   Astara rayonunun Kakalos kənd Folklor evinin nəzdində fəaliyyət göstərən Şəhriyar adına Xalq teatrının repertuarı getdikcə zənginləşir. Kollektiv indiyədək Fatma Həsənqızının “Qızıl alma”, “Meşəmizdə div peyda olub” nağıl-pyesləri, Qeybulla Rəsulovun “Rəhmə gəl, mələyim” pyesi, həmçinin ilk dəfə olaraq Üzeyir Hacıbəylinin “Arşın mal alanmusiqili komediyasından talış dilində parçalar hazırlayaraq tamaşaçılara təqdim edib. Bu il kollektiv öz repertuarına Süleyman Sani Axundovun "Tamahkar" komediyasını da əlavə edib.

   Dekabrın 20-də Folklor evində "Tamahkar" komediyasının təqdimatı olub. Xalq teatrının rejissoru Nüşabə Kərimovanın quruluş verdiyi tamaşada baş rolun ifaçısı Rüfət Rzayevin, həvəskar aktyorlardan Yaşar Əliyev, İlqar İzzətov, Arif Fəttayev, Ağabəyim Rzayeva, Xannənə Əsədova, Təyyüb Məmmədov və Kəbirə Əliyevanın oyunu tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

   Sonda səhnə əsərinin bədii rəhbəri Fərbiyə Şabanova tamaşaçılara təşəkkürünü bildirib.

   Qeyd edək ki, Şəhriyar adına Xalq teatrı Kakalos kənd Mədəniyyət evinin nəzdində dram dərnəyi kimi 1976-cı ildən fəaliyyətə başlayıb. Mədəniyyət Nazirliyi Kollegiyasının 29 noyabr 1991-ci il tarixli qərarı ilə Xalq kollektivi adına layiq görülüb.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.11.