Şeirin, sözün bağbanı”

 

 

 

   Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Nadiroğlunun Prezident təqaüdçüsü, tanınmış şair İlyas Tapdığın həyat və yaradıcılığına həsr etdiyiŞeirin, sözün bağbanı” adlı kitabı çapdan çıxıb. Nəşrdə 60 ildən çox ədəbi fəaliyyətdə olan şairin yaradıcılığı təhlil edilib.

   Kitabda İlyas Tapdığın hələ tələbəlik illərində böyük şair Səməd Vurğunun təqdimatı ilə ədəbiyyat aləmində diqqətə gəlməsi, Osman Sarıvəlli, Hüseyn Arif və digər söz adamları tərəfindən qiymətləndirilməsi barədə fikirlər yer alıb.

   Müəllif şairin aşıq sənətinə bağlılığından da ətraflı söz açır. Görkəmli yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayev şair haqqında hələ ötən əsrin 60-cı illərində belə yazmışdı: “... İlyas Tapdığın şeirləri üçün xas olan cəhətlərdən birilakonizm, dilinin saflığı və aydınlığıdır. Bu cəhət onun şeirlərinə aşıq poeziyasından gəlir”.

   Həqiqətən də, İlyas Tapdıq hələ ötən əsrin 60-cı illərindən aşıq sənətinin təbliğatçısı, tərənnümçüsü kimi tanınıb. Onun təşəbbüsü ilə Azərbaycan televiziyası və radiosunda dəfələrlə aşıqların çıxışları təşkil edilib. Şair aşıq sənətində “Aşıq Alı” adlı ilk telefilmin və digər aşıqlar haqqında neçə-neçə telefilmin ssenari müəllifi olub.

   Onun Azərbaycan Aşıqlar Birliyinin yaradılmasında da xidmətləri olub. 50 ildən çoxdur ki, şairin şeirləri həm Azərbaycan, həm də İran və Türkiyə aşıqları tərəfindən həvəslə oxunmaqdadır.

   Xalq şairi Bəxtiyar Vahabzadə də həmkarı haqqında deyib: “...İlyas müxtəlif şeir formalarında yazır. O, hecada da müvəffəq olur, sərbəstdə də, gəraylıda da, qoşmada da. Yaxşı cəhət orasındadır ki, şair klassik şeir formalarına yeni məzmun verməyi bacarır...”.

   Kitabın redaktoru tanınmış şair Musa Ələkbərlidir.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.13.