Los-Ancelesdə “Azərbaycan inciləri”

 

 

 

   Ölkəmiz haqqında sənədli filmlərin toplusu buraxılıb

  

   ABŞ-ın Los-Anceles şəhərində Azərbaycana dair sənədli filmlərdən ibarət DVD disklər toplusu buraxılıb.

   Ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn “Azərbaycan inciləri” adlı topluya 5 sənədli film daxildir. Filmlərin çəkilişi Los-Ancelesdə fəaliyyət göstərən “ECONEWS” teleradio şirkəti tərəfindən aparılıb. Qeyd edək ki, üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş “ECONEWS” şirkəti ABŞ-da ətraf mühit və turizmlə bağlı radioteleviziya proqramlarının hazırlanması ilə tanınır.

   Filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizdə mövcud olan multikultural mühitdən, müsəlmanların, yəhudilərin, xristianların, eləcə də digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarından söhbət açılır.

   Tamaşaçı hər bir filmdə xalq və bəstəkar mahnılarımızın müşayiəti ilə Azərbaycanın tarixi-mədəni irsinə, eləcə də füsunkar təbiətinə vizual səyahət edir. Filmlərin professional quruluşu və rəngarəng kadrları ABŞ tamaşaçısında ölkəmizə böyük maraq və rəğbət hissi oyada bilir.

   Filmlər Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun birgə dəstəyi ilə hazırlanaraq bu il tamaşaçıların ixtiyarına verilib. Filmlərin çəkilməsi məqsədilə “ECONEWS” şirkətinin rəhbəri Nensi Perlmanın rəhbərlik etdiyi qrup Bakıda və Azərbaycanın digər guşələrində səfərdə olub.

   Filmlər artıq Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanıb.

   Filmlərin tam versiyalarına https://goo.gl saytında müvafiq linklər vasitəsilə baxmaq olar.

 

Mədəniyyət.- 2016.- 23 dekabr.- S.16.