Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi

 

 

   Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.

  

   İclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq gündəlikdə 6 məsələnin yer aldığını vurğuladı. Bildirdi ki, bunlar nazirliyin 2016-cı il üçün hesabatının təsdiq edilməsi, 2017-ci ilin birinci yarısı üçün planının təsdiq edilməsi, Bakı şəhərindəki ev memorial muzeylərin vəziyyəti, onların sosial, elmi-metodik fəaliyyətinin əsas istiqamətləri, Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin müsbət təcrübəsinin öyrənilməsi və yayılması, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası və gənc mədəniyyət işçilərinin rasional fəaliyyətinin təşkili barədə məsələlərdir.

   İclasda geniş hesabat məruzəsi ilə çıxış edən nazir 2016-cı ildə ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdən, mədəniyyətin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açdı. Qeyd etdi ki, ilin yekunlarını əhatə edən 70 səhifəlik təqdimat hazırlanıb və nazirliyin hesabat dövründəki fəaliyyəti geniş əks olunub.

   Bildirildi ki, 2016-cı il ölkəmizin mədəni həyatında bir sıra yeniliklərlə yadda qalıb. Dövlət başçısı görkəmli mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, tarixi şəxsiyyətlərin yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı nazirlik tərəfindən digər aidiyyəti qurumlarla birgə silsilə tədbirlər planı hazırlanaraq həyata keçirilib. Bu, ölkəmizdə mədəniyyət və incəsənətə diqqət və qayğının göstəricisidir. İl ərzində ölkəmizin zəngin mədəniyyətinin xaricdə təbliği istiqamətində işlər də davam etdirilib. O cümlədən Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin, Belçikanın Vaterloo şəhərində Xurşudbanu Natəvanın heykəlləri ucaldılıb.

   Əbülfəs Qarayev vurğuladı ki, ötən illərdə olduğu kimi, 2017-ci ildə də görkəmli mədəniyyət xadimlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində işlər görüləcək. Yeni ilin ilk aylarında Bakıda böyük Azərbaycan bəstəkarı və dirijoru Niyazinin heykəlinin açılışı olacaq. Eyni zamanda bir sıra xarici ölkələrdə də Azərbaycanın görkəmli mədəniyyət adamlarının abidəsi ucaldılacaq.

   Nazir Azərbaycanın mədəniyyət və turizm imkanlarının təbliği istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər haqqında geniş danışdı. Bildirildi ki, mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Son illər bəşəriyyətin mədəni irs xəzinəsi Azərbaycanın mədəni irs nümunələri ilə zənginləşir: Bu il həm də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında xalqımızın daha bir irs nümunəsi - lavaş çörəkbişirmə ənənəsi bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə yadda qaldı. Azərbaycan muğamına, aşıq sənətinə və xalçaçılığına, tar ifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin göstəricisidir”.

   Diqqətə çatdırıldı ki, il ərzində Bakıda mədəniyyətlərarası dialoqa, inteqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən böyük beynəlxalq tədbirlər keçirilib. Ölkə başçısı tərəfindən elan edilmişMultikulturalizm ilibu tədbirlərə böyük töhfə oldu. 25-27 aprel tarixində paytaxtımız BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna uğurla ev sahibliyi etdi.

   Turizm sahəsində görülən işlərdən söz açan nazir qeyd etdi ki, bu sahədə həyata keçirilən siyasət, reallaşan layihələr sektorun inkişafına müsbət təsirini göstərir, xidmətin çeşidini artırır: “Ölkəmiz bu il də beynəlxalq turizm sərgilərində, konfrans və toplantılarda uğurla təmsil olundu. İl ərzində ölkədə reallaşan beynəlxalq mədəni tədbirlər də turizmin inkişafına müəyyən töhfələr verir. Turizm obyektləri ilə yanaşı, xidmət sektoru, turizm üzrə mütəxəssislərin hazırlanması və həmin müəssisələrdə işlə təminat da əsas məqamlardandır. Bu baxımdan Azərbaycan TurizmMenecment Universiteti, Mingəçevir Turizm Kolleci, eləcə də Bakı Turizm Peşə Məktəbi kadr hazırlığında özünü doğruldur”.

   Əbülfəs Qarayev bildirdi ki, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq:Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvəmizi səfərbər edəcəyik”.

   Bədii təhsil sistemində irəliləyişin müşahidə edildiyini söyləyən nazir müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, Bakı Xoreoqrafiya Akademiyasının maddi-texniki bazası genişləndirilir, yeni ixtisasların açılması istiqamətində işlər aparılır.

   Hesabat məruzəsində teatr, muzey, nəşriyyat və kitabxana işinin inkişafını səciyyələndirən amillərdən də bəhs edildi.

   Nazir bu il də zəngin Azərbaycan musiqisi, muğamlarımız, aşıq sənətimiz, milli bəstəkarlıq məktəbi təmsilçilərinin yaratdığı nümunələrdən ibarət müxtəlif konsert proqramlarının keçirildiyini xatırlatdı. Bildirdi ki, bu tədbirlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı, nazirliyin icrası ilə Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş layihələrin, silsilə tədbirlərin keçirilməsini xüsusi qeyd etmək lazımdır. “Multikulturalizmteatrmövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsi ölkəmizdə multikulturaltolerant mühitin olmasının sübutudur.

   Məruzədə həmçinin kinematoqrafiya sahəsi, milli kinonun inkişafı istiqamətində atılan addımlar, kino istehsalında müasir texniki proseslərin tətbiqi üçün görülən işlərdən bəhs olundu.

   Tarix-mədəniyyət qoruqlarının fəaliyyəti haqqında danışan Əbülfəs Qarayev il ərzində ölkə ərazisindəki bu məkanları 250 min nəfərin ziyarət etdiyini diqqətə çatdırdı.

   Nazir vurğuladı ki, ölkəmizdə mədəniyyət və turizmlə bağlı tədbirlər müxtəlif media orqanlarında geniş işıqlandırılıb. İl ərzində qəzetlərdə mədəniyyətlə bağlı 30 min 402, turizmlə bağlı 14 min 979 yazı, televiziya kanallarında mədəniyyət sahəsində 13 min 370-dən çox, turizm sahəsində 3615 süjet, saytlarda isə mədəniyyət üzrə 172 min 900, turizm üzrə 96 min 130 informasiya verilib.

   Əbülfəs Qarayev qeyd etdi ki, nazirliyin strukturunda islahatlar aparılır və bu proses davam etdiriləcək: “Biz düşünürük ki, müasir dövrdə ölkənin həm mədəniyyət, həm də turizm sahəsində islahatlara ehtiyac var. Bu islahatlar yeniləşmə, müasirləşmə, idarəetmənin təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi ilə bağlıdır. Qazanılan uğurlarla yanaşı, qarşımızda böyük tələblər və məqsədlər də var”.

   Bildirildi ki, aparılan islahatların tərkib hissəsi olaraq 2017-ci ilin yanvarından Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və 15 regional mədəniyyət və turizm idarəsi fəaliyyətə başlayacaq.

   Sonda kollegiya üzvlərinin müəyyən qeydləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarımillik planı təsdiq edildi.

   Əbülfəs Qarayev növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzuladı.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.3.