Azərbaycan iranlı turistlər üçün cəlbedici ölkədir

 

 

   Gələn il iki ölkədə qarşılıqlı mədəniyyət günləri keçiriləcək

  

   Dekabrın 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezini qəbul etdi.

   Qonağı salamlayan Əbülfəs Qarayev iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini dedi. Bildirdi ki, ölkələrimiz arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir: “Mədəniyyət və turizm sahələrində də əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlarımız var”.

   Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesində həyata keçirilən işlər haqqında danışdı. Qeyd etdi ki, zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına zəmin yaradır.

   Nazir ölkəmizə gələn turistlərin sayında İran vətəndaşlarının çoxluq təşkil etdiyini diqqətə çatdırdı. Xüsusilə bu il Novruz bayramı ərəfəsində və ondan sonrakı dövrdə İrandan turist səfərlərinin əvvəlki illərə nisbətən daha da artdığı vurğulandı: “Ümidvarıq ki, gələn il Azərbaycan iranlı turistlər üçün yenə cəlbedici ölkə olacaq. Çünki ölkəmizdə turizm sahəsində bir sıra ciddi yeniliklər gözlənilir. Eyni zamanda keçirəcəyimiz “shopping festivallar da iranlı turistlər üçün maraqlı ola bilər”.

   Əbülfəs Qarayev 2017-ci ildə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçiriləcəyini qeyd etdi. Bildirdi ki, Azərbaycan mədəniyyəti günlərinin İranın Tehran, İsfahan və Ərdəbil şəhərlərində təşkil olunması planlaşdırılır.

   Nazir gələn ilin may ayında ölkəmizdə keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda İran nümayəndə heyətini daha fəal iştirak etməyə dəvət etdi.

   Mahmud Vaeziöz növbəsində iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da yüksəldilməsinin vacibliyini vurğuladı. Qonaq mövcud əməkdaşlığın və dost münasibətlərin genişləndirilməsində iki ölkə prezidentləri İlham Əliyev və Həsən Ruhaninin rolunu xüsusi qeyd etdi: “Prezidentlər arasında olan dostluq ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına müsbət təsir göstərir. Tarixi, mədəni və dini birliyin olması Azərbaycanla İran arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verir. İnanıram ki, qarşıdakı illərdə əlaqələrimiz daha da güclənəcək”.

   Digər sahələrdə olduğu kimi, turizm sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulayan qonaq İran vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiyini xüsusi qeyd etdi.

   Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.2