Zeynəb Xanlarova “Heydər Əliyev” ordeni ilə təltif edilib

 

 

   Prezident İlham Əliyev dekabrın 26-da Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Zeynəb Yəhya qızı Xanlarovanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

   Dövlət başçısı həmin gün görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarovaya “Heydər Əliyev” ordenini təqdim edib.

   Prezident sənətkarı qarşıdan gələn yubileyi münasibətilə təbrik edərək, cansağlığı arzulayıb: “Siz dünya şöhrətli müğənnisiniz və Azərbaycanı, bizim xalqımızı, dövlətimizi dünyada təbliğ edirsiniz. Ulu öndər Heydər Əliyev həmişə sizə çox böyük diqqət, qayğı göstərmişdir. Ulu öndər sizi çox qiymətləndirirdi, çox sevirdi”.

   Prezident vurğulayıb ki, görkəmli müğənni xalq, dövlət qarşısında böyük xidmətlərinə görə dövlətimizin ən ali mükafatı - “Heydər Əliyev” ordeni ilə təltif olunub.

   “Heydər Əliyev” ordeni ilə təltif olunmasını ona göstərilən böyük diqqət və qayğının ifadəsi kimi dəyərləndirən Zeynəb Xanlarova ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsini dərin ehtiramla yada salıb. Ulu öndərin elm, mədəniyyət və incəsənət xadimlərinə həmişə yüksək qayğı göstərdiyini vurğulayan Xalq artisti bu ənənələrin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini minnətdarlıq hissi ilə qeyd edib.

 

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.2.