“Qaçaq
qocalar”la birlikdə təbrik
Yazıçı-dramaturq
Elçin Hüseynbəylinin
55 illik yubileyi qeyd olundu
Dekabrın 26-da Azərbaycan Teatr Xadimləri İttifaqında yazıçı-dramaturq
Elçin Hüseynbəylinin
55 illik yubileyi münasibətilə tədbir
keçirildi. Tədbirə ölkənin teatr ictimaiyyətinin nümayəndələri,
yazıçı və
şairlər, səbəbkarın
yaxın dostları yığışmışdı.
Tədbirin aparıcısı, Xalq artisti, TXİ İdarə Heyətinin sədr müavini Hacı İsmayılov yubilyar barədə məlumat verdikdən sonra onu ilk təbrik
edən Azərbaycan Yazıçılar Birliyinin
katibi, Xalq yazıçısı Çingiz
Abdullayev oldu. Çingiz müəllim Elçin Hüseynbəylinin təmsil
etdiyi qurumda, «Ulduz» jurnalına rəhbərlik etdiyi illərdəki fəaliyyətindən
danışdı. Həmişə «cavan oğlansan» dediyi yazıçının
artıq 55 yaşına
yetişdiyini zarafatla vurğuladı.
Qocaman şair Oqtay
Rza, yazıçı
Yunus Oğuz isə Elçin Hüseynbəylinin əsərləri
barədə öz fikirlərini bölüşdülər.
Bildirildi ki, yazıçı-dramaturqun əsərləri
ingilis, rus, alman, fransız, polyak, fars
və digər dillərə tərcümə
olunub, türkdilli xalqların dillərinə
uyğunlaşdırılıb. Kitabları Türkiyə,
Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr
olunub.
Xalq artisti, TXİ İdarə
Heyətinin sədri Azərpaşa Nemət yubilyarın 9 pyesinin ölkəmizin teatrlarında
oynanıldığını deyərək, yaradıcılıq
qurumunun «Zəfər»
studiyasında Əməkdar
artist Nofəl Vəliyevin
quruluş verdiyi «Qaçaq qocalar» pyesinin festivallarda qazandığı uğurlardan
söz açdı. Sonra o, Teatr Xadimləri İttifaqının hədiyyəsini
yubilyara təqdim etdi.
Lakin əsl hədiyyə
irəlidə imiş.
Belə ki, Qarabağ dərdindən fərqli şəkildə
söz açan, cavan ikən doğma yurddan perik düşmüş,
artıq yaşlaşmış
iki qocanın xəlvəti doğma kəndə qayıtmasından
bəhs edən «Qaçaq qocalar» tamaşası yubilyarın
şərəfinə oynanıldı.
Aktyorlar Kərəm Hadızadə, Məsumə
Babayeva və Bəhruz Vaqifoğlunun iştirak etdiyi tamaşa alqışlarla qarşılandı.
Sonda müəllif Elçin
Hüseynbəyli bu tədbirə görə təşkilatçılara və
qonaqlara minnətdarlığını
bildirdi.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 28
dekabr.- S.6.