Əməkdar rəssam Fərman Qulamov dünyasını dəyişib

 

 

   Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Fərman Qulamov 2016-cı il dekabrın 23-də ömrünün 71-ci ilində vəfat etmişdir.

   Fərman Səməd oğlu Qulamov 4 fevral 1945-ci ildə Astara rayonunda anadan olmuşdur. 1967-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1976-cı ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. 1973-cü ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. 1986-cı ildə Xəzəryanı ölkələrin rəssamlarının Bakıda keçirilən Biennalesində III yerin mükafatçısı olmuşdur. 1987-ci ildə Moskvada keçirilən Azərbaycan rəssamlarının sərgisində iştirak etmiş, əsərləri müxtəlif illərdə ABŞ, Rusiya, Ukrayna, Polşa, Türkiyə, İsveçrə, Almaniya, İran, Moldova, Cənubi Koreya və digər ölkələrdə sərgilərdə nümayiş olunmuşdur. 2007-ci ildə BMT-nin Cenevrə şəhərindəki Millətlər Sarayında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Qobustandan yol gələn naxışlar” adlı sərgidə, 2008-ci ildə Ukraynanın Kiyev şəhərində Azərbaycan rəssamlarının sərgisində əsərləri diqqəti cəlb etmiş, tamaşaçıların rəğbətini qazanmışdır.

   Rəssamın ölkəmizdə, eləcə də Almaniyanın Fülendorf şəhərində, Moskvada fərdi sərgiləri keçirilmişdir. Fərman Qulamovun əsərləri Moskva Dövlət Tretyakov Qalereyasında, Moskva Dövlət Şərq Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycan Rəssamlar İttifaqının bədii fondunda, ABŞ, Almaniya, Rusiya, Türkiyə və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın Moskva Dövlət Tretyakov Qalereyasında nümayiş olunan “Səhər çiçəyi”, “Bərəkətli yollar”, Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunanKompozisiya”, “Mücərrəd fikir” və s. əsərləri ona xüsusi şöhrət gətirmişdir.

   2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətə başlayan sənətkar ömrünün sonunadək akademiyanın Akademik rəngkarlıq və kompozisiya kafedrasının dosenti, “Dəzgah rəngkarlığı emalatxanası”nın rəhbəri olmuşdur. Bir neçə dərs proqramının və “Rəngkarlıqda rəsmin rolu” adlı elmi-metodik vəsaitin müəllifidir.

   Fərman Qulamovun bədii və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, o, 1994-cü ildə “HumayMilli mükafatına, 2002-ci ildə respublikanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.

   2009-cu ildə rəssam Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə “Ənənə və müasirlik” III Moskva Beynəlxalq İncəsənət Festivalında Azərbaycanı təmsil etmiş, festivalın birinci mükafatını qazanmışdır.

   Tanınmış sənətkar, əsl ziyalı və qayğıkeş insan Fərman Səməd oğlu Qulamovun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

   Allah rəhmət eləsin.

  

   Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

   Azərbaycan Rəssamlar İttifaqı

   Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.7.