“Bakının
multikulturalizm və tolerantlığı tarixə
yazılacaq”
Marina Loşak:
“Azərbaycan mədəniyyətlərarası
dialoqun paytaxtına çevrilib. Müasirlik və mədəni dəyərlərə hörmət
bu ölkənin simvollarından biridir”
Rusiyanın A.S.Puşkin adına
Dövlət Təsviri
İncəsənət Muzeyinin
direktoru Marina Loşak
moscow-baku.ru portalına müsahibə
verib. “Bakının
multikulturalizm və tolerantlığı tarixə
yazılacaq” sərlövhəli
müsahibədə ölkəmizin
tarixi, incəsənəti
ilə bağlı maraqlı fikirlər yer alıb.
Bu ilin sentyabrında Bakıda gerçəkləşən V Humanitar Forumun iştirakçısı olan
M.Loşak Bakını
dəbdəbəli şəhər
adlandırır: “Bu şəhərdə
illər ərzində
baş verən dəyişikliklər məni
fantastik yenilikləri qarşılamaqda təəccübləndirmir.
Bilirəm ki, bu şəhərə ilk dəfə
gələn hər kəs böyük çaşqınlıq yaşayır.
Şəhərin özünəməxsus dinamikası insanı darıxmağa qoymur, bura bir mədəniyyət
paytaxtıdır”.
Daha sonra direktor V Humanitar Forum barədə fikirlərini bölüşür. Bildirir ki, belə beynəlxalq tədbirləri keçirməklə Azərbaycan mədəniyyətlərarası dialoqun paytaxtına çevrilə bilib. Müasirlik və mədəni dəyərlərə hörmət bu ölkənin simvollarından biridir.
Azərbaycanın muzey işi sahəsində təcrübəsindən danışan qonaq “YARAT” Müasir İncəsənət Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Qız qalası ilə tanışlığından söz açır, muzeylərin müasir, qeyri-adi ekspozisiya və interyerini yüksək dəyərləndirir. Vurğulayır ki, günün tələblərinə cavab verən muzey quruculuğu və instalyasiya həm də qeyri-adi, yeni istiqamətlərə uyğun olaraq təqdim edilə bilən dekorativ incəsənət profilli sənət nümunələridir.
Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlıqdan ayrıca bəhs edən M.Loşak ölkəmizdə muzeyin direktoru, professor Çingiz Fərzəliyevin simasında yeni bir dost qazandıqlarını diqqətə çatdırır.
O həmçinin Azərbaycanın tarixi məkanlarını çox sevdiyini qeyd edərək UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısına düşən Azərbaycan mədəniyyət nümunələri haqqında da fikirlərini bölüşür: “Azərbaycan öz zəngin tarixi və mədəniyyəti ilə seçilən ölkədir. Xalçaçılıq, ipəkçilik, kəlağayı, zərgərlik məmulatları və digər sənət nümunələri xalqın keçmişindən xəbər verən yadigarlardır. Bakıya yolum düşdüyü zaman qədim ənənələri özündə əks etdirən bu sənət nümunələrindən mütləq almağa çalışıram və gündəlik ipək yaylıqlar, zinət əşyalarından istifadə etməyi xoşlayıram. Bu il təkcə paytaxt Bakıya deyil, Azərbaycanın şimal bölgəsinə də səfər etdim və regionun özünəməxsus təbiəti, koloriti məni heyran etdi. Azərbaycan, sözün əsl mənasında, multikultural ölkədir. Burada milli azlıqların adət və mədəniyyətinə hörmət var. Çoxmillətli, tolerant, qarşılıqlı anlaşma şəraitində yaşayan insanlar bir-birinə dostcasına və hörmətlə yanaşırlar. Bəlkə də məhz bu amillər ölkənin tarixini və mədəniyyətini belə parlaq dərəcədə inkişaf etdirib”.
Hazırladı: Lalə Azəri
Mədəniyyət.- 2016.- 28 dekabr.- S.12.