“Həqiqətin fəlsəfəsi” kitabının təqdimatı

 

 

   Dekabrın 23-də Milli Kitabxanada Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun “Həqiqətin fəlsəfəsi” elmi-fəlsəfi kitabının təqdimatı oldu.

   Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək traktat janrında yazılan, geniş oxucu kütləsi üçün nəzərdə tutulan elmi-fəlsəfi kitabın məziyyətlərindən söz açdı. Bildirdi ki, nəşr müəllifin kainat, zaman, məkan və yaranış haqqında mühəndislik fəlsəfəsi baxımından düşüncələrinin və araşdırmalarının məhsuludur. Sadə, anlaşıqlı dildə qələmə alınan kitabda insanonun mövcudluğu, ölümölümsüzlük, ruh, kosmosla əlaqə və bu qəbildən olan bəşəri mövzulara fərqli rakurslardan nəzər salınır, bir sıra yeni elmi-fəlsəfi qənaətlər təqdim olunur. Azərbaycan Mühəndislik Akademiyasının üzvü Natiq Cavadov kitabın müəllifi haqqında fikirlərini bölüşərək onun elmi yaradıcılığından bəhs etdi, kitabın məziyyətlərindən danışdı. Qeyd olundu ki, müəllif kitabda proseslərin yaratdığı yeniliyin cövhərini, əsasını axtarır. Mühəndislik fəlsəfəsinin ocağını yaradanlardan biri kimi Əhəd Canəhmədov elmi prinsiplərinə sadiq qalaraq sonda həyat və həqiqətin düsturunu təqdim edir. Vurğulandı ki, Əhəd Canəhmədov 8 monoqrafiyanın, 3 elmi kəşfin müəllifidir.

   Nəşrin redaktoru və “ön sözün müəllifi, Əməkdar jurnalist Zakir Abbas kitab haqqında ətraflı məlumat verərək əsəri alimin elmi yaradıcılığının uğuru adlandırdı. Digər çıxış edənlər də kitabın elmi məziyyətlərindən danışdılar.

   Sonda çıxış edən müəllif tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi. Alim çalışdığı Azərbaycan Milli Aviasiya Akademiyasında elmə, təhsilə göstərilən diqqətdən söz açaraq ali təhsil müəssisəsinin rektoru akademik Arif Paşayevin bu istiqamətdə diqqət və qayğısını xüsusi qeyd etdi.

  

   Lalə

 

Mədəniyyət.- 2016.- 28 dekabr.- S.14.