“Rus olsam
da, özümü azərbaycanlı
hesab edirəm”
“Mən bu torpaqda anadan olmuşam, buranın çörəyini yemişəm, bu torpağın oğluyam, burada da ömrümü başa vuracağam. Vətənimin pis günü də, yaxşı günü də mənimdir”
Müstəqilliyimizin yaşıdı olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü 25 ildir ki, respublikamızda və onun hüdudlarından kənarda bütün həmvətənlərimizi - təkcə azərbaycanlıları deyil, Azərbaycanla bağlılığı olan, bu torpaqda boya-başa çatan müxtəlif millətlərin nümayəndələrini bir araya gətirən əlamətdar günə çevrilib.
Budəfəki müsahibim də azərbaycanlı deyil, amma özünü azərbaycanlı hesab edir. Özümüz də Azərbaycan dilində söhbət etmişik.
Respublikanın Əməkdar artisti, tanınmış balet artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının müəllim-repetitoru Yuri Lobaçov. Özü demişkən, milliyyətcə rus olsa da, azərbaycanlı Yuroçka.
- Mənə elə gəlir ki, insan milliyyətindən asılı olmayaraq, doğulub yaşadığı ölkənin dilini bilməlidir. Heç yadıma gəlmir ki, nə vaxt Azərbaycan dilində danışmağa başlamışam. Ağlım kəsəndən evdə bacımla azərbaycanca danışmışıq. Özüm də Sumqayıt uşağıyam. Bizim həyətdə müxtəlif millətlərin nümayəndələri yaşayırdı, hamımızın əsas ünsiyyət dili azərbaycanca idi. Bilirsiniz, mən təkcə Azərbaycan dilində danışmıram, eyni zamanda daha çox Azərbaycan dilində düşünürəm. Hətta elə şeylər var ki, onların rus dilində necə adlandığını bilmirəm. İndi də evdə uşaqlarla Azərbaycan dilində danışıram. Amma kiçik oğlum üçün müəllim tutmuşuq ki, bizdən fərqli olaraq, Azərbaycan dilini qrammatik cəhətdən tam öyrənsin, mütaliəsi olsun.
- Bəs Siz Lobaçovların Azərbaycanda yaşayan neçənci nəslisiniz?
- Azərbaycandan kənarda ata qohumum yoxdur. Bilirəm ki, atamın ata babası xızılıdır. Özü də
oralarda yaxşı ovçu kimi ad çıxarıbmış, həm
də vəzifə sahibi olub. Anam Tula vilayətindən, qədim
Yefremov şəhərindəndir.
Tibb texnikumunu bitirəndən sonra Azərbaycana işləməyə
gəlib, burada atamla tanış
olub, evləniblər.
- Səhv etmirəmsə, 1977-ci ildənsiniz...
- Bəli.
- Sumqayıt hadisələri zamanı,
müstəqilliyin ilk illərində
doğma şəhərdəki,
respublikadakı qarışıqlıq,
xaos illərində artıq ağlınız
kəsirdi, hər şeyi anlayırdınız...
- Elədir. O hadisələr mənim gözlərimin qarşısında
baş verib.
- Maraqlıdır,
adi bir rus
ailəsi 1988-ci ildə
Sumqayıtda olanlara necə reaksiya verdi...
- Anam çox qorxmuşdu. İkimizi götürüb elə gücümüz çatan
yüklə, heç
qapını kilidləmədən
Yefremova, qohumlarının
yanına getdi. Mən isə hər gün deyirdim ki, burda qala
bilmirəm, bir gün qaçıb Sumqayıta gedəcəyəm.
Buralar ürəyimə yatmır.
Heç
bir ay keçmədi ki, geri qayıtdıq.
Qapımızı açanda gördük
ki, evi necə
qoyub getmişiksə,
elədir, kimsə içəri girməyib.
Nə yaxşı ki, qayıtdıq. Deyim ki,
anam gəlməsəydi
də, mən nə vaxtsa geri dönəcəkdim.
- Qəribə
taleyiniz var, sənətə də klassik musiqi və akademik balet gözdən uzaq olan vaxt
gəlmisiniz. Nə yaxşı
ki, o vaxt Azərbaycanı tərk edən sənətkarlara qoşulmadınız.
- Nə qədər ölkədə
olmuşam, heç yerdə özümü Azərbaycandakı qədər
rahat hiss etmirəm. Mən bu torpaqda anadan
olmuşam, buranın çörəyini yemişəm,
bu torpağın oğluyam, burada da ömrümü başa vuracağam. Vətənimin pis günü
də, yaxşı günü də mənimdir. Dostlarım, ailəm burdadır.
Bacımın həyat yoldaşı
da azərbaycanlıdır,
üç övladı
var. Mən artıq azərbaycanlılarla qaynayıb-qarışmışam.
- Öz ailənizdən də danışın...
- Həyat yoldaşımla Xoreoqrafiya
Məktəbində oxuyanda
tanış olmuşam. O, milli rəqs bölməsini bitirib, amma işləmir,
ömrünü övladlarımıza
həsr edib. İki oğlum var: Andrey və
Maksim. İkisi də rəqs
sənətini seçib.
Böyük oğlum artıq
bizim teatrda çalışır.
- Deməli, rəqs sevgisi sizdə ailəlikcədir.
Maraqlıdır, bəs siz baletə necə gəldiniz?
- Sumqayıtda 13 saylı məktəbdə oxumuşam. Sinfimizdə Yevgeniya adlı bir qız var idi, qaməti, yerişi ilə o biri qızlardan seçilirdi. Bir gün ondan bunun səbəbini soruşdum, dedi ki, Pionerlər evində klassik rəqslə məşğul olur. Məni də dəvət etdi ki, gəl, məşqimizə bax, bəlkə xoşuna gəldi... Gəldim, oğlanları losində, trikoda görəndə başıma elə bil qaynar su tökdülər (gülür). Amma balet məşğələsi xoşuma gəldi. Düz bir il o vaxtkı idman finkası ilə məşq etdim, mənə losin geyindirə bilmədilər. Sonra müəllimim məsləhət gördü ki, Xoreoqrafiya Məktəbinə imtahan verim. 150 nəfərdən seçilən 30 nəfərdən biri də mən oldum. Beləcə, ömrümü baletə bağladım.
- Amma elə bil səhnəni erkən tərk etdiniz...
- Məncə, belə yaxşıdır. Mənə deyirdilər ki, hələ də çıxış edə bilərsən. Amma məncə, sənətin pik vaxtında səhnədən getmək lazımdır. Mən repertuardakı bütün baletlərdə aparıcı partiyaları oynamışam. Ən çox sevdiyim «Min bir gecə»dəki Şəhriyar, bir də «Qız qalası» baletində Cahangir xandır. Təxminən on il də Xoreoqrafiya Məktəbində dərs demişəm. Amma indi həm balet truppasının müdiriyəm, həm də müəllim-repetitor. Teatrda iş çoxdur. Hər gün səhərdən axşamadək burdayam.
- Bəs baletdən başqa nə ilə maraqlanırsınız?
-
Balıqçıyam. Tez-tez balıq tutmağa gedirəm. Romantik xarakterli adamam, sakitliyi çox sevirəm. Tilovu suya atanda düşünürəm, fikirlərimi
nizamlayıram.
- Şeir
necə, yazmırsınız?
- Hərdən
bir ya rusca,
ya da azərbaycanca
nəsə ağlıma
gəlir. Amma yazmıram.
- Niyə?
- Həyat yoldaşım da məsləhət görür
ki, ağlıma gələn kiçik şeir parçalarını
yazım, nəvələrimizə
yadigar qalsın.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2016.- 30
dekabr.- S.13.