Ölkəmizdə aşıqların arxivi yaradılacaq

 

 

 

   Bu il aşıq sənətimiz bir neçə xarici ölkədə festivallarda təmsil olunub

  

   Son illər ölkəmizdə aşıq sənətinin qorunması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi, eləcə də bu ulu mirasın tədqiqi istiqamətində mühüm addımlar atılır. Yola saldığımız 2016-cı il Azərbaycan Aşıqlar Birliyi üçünbu baxımdan yaddaqalan olub.

   Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı mətbuata açıqlamasında bildirib ki, müstəqillik dövründə, xüsusilə son illərdə olduğu qədər dövlət tərəfindən heç vaxt aşıq sənətinin daşıyıcılarına belə diqqət və qayğı göstərilməyib. Birliyin sədri il ərzində keçirilən tədbirlər sırasında oktyabr ayında müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş böyük konserti xüsusi qeyd edib: “Tədbirdə 60-dək üzvümüz, müxtəlif ifaçı qruplarımız iştirak etdi və Azərbaycanın müstəqillik yolunda keçdiyi uğurları, qazanılan nailiyyətləri tərənnüm edən mahnılar səsləndirildi. Konsertə Türkiyə, İranGürcüstandan da qonaqlar qatılmışdı”.

   Bu il Aşıqlar Birliyi yeni bina ilə təmin olunub, həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə altı ustad aşığa “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

   M.Qasımlı deyib ki, bu il aşıqlarımız bir sıra xarici ölkədə festivallarda iştirak edib. Birliyin sədr müavini Məhəmmədəli Məşədiyevin rəhbərliyi ilə 12 aşıqdan ibarət heyət Rusiyada beynəlxalq folklor festivalına qatılıb. Həmçinin aşıqlar Xorvatiyanın Zaqreb, Türkiyənin Bolu şəhərlərində konsertfestivallarda ölkəmizi təmsil ediblər. Bundan əlavə, birliyin sədri və beynəlxalq məsələlər üzrə katib Sənubər Bağırova Fransada beynəlxalq konfransda iştirak edib.

   Gənclərin aşıq sənətinə ayrıca diqqət göstərdiklərini deyən M.Qasımlı bildirib ki, bu il bütün bölgələrdə istedadlı gəncləri müəyyənləşdirərək onların ifalarını lentə alıblar: “35 yaşına kimi aşıqlarımızın ifalarından ibarət bir disk artıq buraxılıb və yaxın vaxtlarda onun təqdimatını keçirəcəyik”.

   Birliyin fəaliyyəti barədə söz açan professor qeyd edib ki, qurum bundan sonra elmi-mədəni yaradıcılıq mərkəzi kimi öz işini davam etdirəcək. Məqsəd aşıqlarımızın repertuarının yazıya alınması, qorunması, təbliğ olunması və öyrənilməsidir: “Aşıqlar Birliyi 1984-cü ildə yaradılsa da, ötən 32 ildə onun arxivi olmayıb. Bu yaxınlarda artıq arxiv yaratmağa başlamışıq. Tezliklə hər aşığın özünün arxivi olacaq. Ona görə də mən saza meyil göstərən gənclərə üzümü tutub deyirəm ki, Azərbaycanın sazı, sözü sizlərdən asılıdır. Azərbaycan dövləti də sizin sinənizə götürdüyünüz o sazı himayə etmək gücündədir”.

   M.Qasımlı Mədəniyyət və Turizm Nazirliyi ilə iki kitabı çapa hazırladıqlarını bildirib. “Aşıq ədəbiyyatı antologiyası”nda 50-yə yaxın sənətkar haqqında bioqrafik məlumatlar və onların şeirləri yer alacaq. İkinci kitab isə Azərbaycan aşıq ədəbiyyatı haqqında tədqiqat əsərlərinə həsr ediləcək. Bu kitabda Qurbani, Xəstə Qasım, Abbas Tufarqanlı, Sarı Aşıq, ümumilikdə 25 sənətkar haqqında oçerklər təqdim olunacaq. Bundan əlavə, Aşıq Ələsgərin külliyyatı və onun sözlərinə yazılmış mahnıların diski də hazırlanır.

 

Mədəniyyət.- 2016.- 30 dekabr.- S.5.