Cənubi Qafqazda alman irsi haqqında filmin çəkilişləri müzakirə olunub

 

 

 

   Məlum olduğu kimi, 2017-ci ildə alman icmasının Cənubi Qafqazda, o cümlədən Azərbaycanda məskunlaşmasının 200 illiyi UNESCO səviyyəsində qeyd olunacaq. Almaniya, Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə bu tarix UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına salınıb. Bununla bərabər, Azərbaycan Prezidenti İlham Əliyev 30 avqust 2016-cı il tarixdə “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb.

   Əlamətdar tarixi yubiley münasibətilə alman kinematoqrafçıları tərəfindən Cənubi Qafqazda mövcud olan alman irsi haqqında sənədli filmin çəkilməsi nəzərdə tutulur. Bununla bağlı ötən müddətdə Mədəniyyət və Turizm Nazirliyində almaniyalı kino xadimlərinin, ekspertlərin iştirakı ilə görüşlər keçirilib.

   Dekabrın 28-də nazir müavini Sevda Məmmədəliyeva film çəkilişlərinin müzakirəsi məqsədilə alman kinorejissoru Fridhelm Brükner ilə görüşüb.

   Görüşdə nazir müavininə Cənubi Qafqazda (Azərbaycan və Gürcüstan) mövcud olan alman irsi haqqında filmin çəkilişi barədə məlumat təqdim edilib, həmçinin filmin təqdimatının keçirilməsinə dair müzakirələr aparılıb.

 

 

Mədəniyyət.- 2016.- 30 dekabr.- S.6.