Həmrəylik Gününə həsr olunmuş konsert
Dekabrın 28-də Üzeyir Hacıbəylinin ev-muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə konsert keçirildi. Konsert muzeyin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə gerçəkləşdi.
Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək əlamətdar günün tarixindən söz açdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyev milli birliyin əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.
ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq doktoru, beynəlxalq müsabiqələr laureatı Səbinə Mehdiyeva qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü 70-dən çox ölkədə yaşayan 50 milyondan artıq soydaşımızla əlaqələr qurmaq, onlar arasında birlik yaratmaq işində mühüm rol oynayır.
Sonra söz musiqiyə verildi. Universitetin müəllimləri Leyla Əsgərova, Humay Mansurova, Cəvahir Mustafayeva, Səbinə Mehdiyeva, Cəmilə Nəsirova , tələbələrdən Günel İbrahimli, Lalə Əhmədova, Yusif Bədəlova, Səidə Əliyeva, İlahə Salmanzadə, Aytən Cəbrayılova, Zəkiyyə Qasımzadə və başqalarının ifasında M.Ravelin “Suyun oyunu”, T.Bakıxanovun “Neft fontanı”, E.Nəzirovanın “Etüd”, F.Şopenin “Noktürn”, “Ballada ¹2”, F.Bədəlbəylinin “Dəniz”, K.Debüssinin “Ay işığı”, J.Masnenin “Düşüncə” və digər əsərlər səsləndirildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 30
dekabr.- S.6.