İlin kino mənzərəsi
Başa çatan il C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 4 yeni bədii filmin ekranlara çıxması ilə yadda qaldı.
İlin ilk film təqdimatı mart ayına
təsadüf etdi. Rejissor İlqar
Safatın “Azərbaycanfilm”
kinostudiyasında dövlət
sifarişi ilə çəkdiyi, müasir gənclərin həyatından
bəhs edən “İçəri şəhər”
bədii filmi ekranlara çıxdı.
Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkəti tərəfindən istehsal
olunan “Qırmızı
bağ” bədii filmi də bu
il ekran həyatı yaşadı.
Filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimlidir.
Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri
əsasında ekranlaşdırılan,
psixoloji detektiv janrında olan “Xeyirlə Şərin rəqsi” filminin quruluşçu rejissoru Yavər Rzayevdir.
Bugünlərdə
isə Nizami Kino Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Həddən
artıq uyğunluq” bədii filmi təqdim olundu. Rejissoru Ülviyyə Könül
olan romantik komediya janrlı filmin çəkilişləri
ABŞ-da və Azərbaycanda aparılıb.
* * *
İl ərzində “Azərbaycanfilm”
kinostudiyası, “Salnamə”,
“Yaddaş”, “Dublyaj” studiyalarında çəkilən
30-a qədər sənədli
filmdə Azərbaycanın
tarix və mədəniyyətinə xüsusi
yer verilib.
Mədəniyyət və Turizm
Nazirliyi, “BP Azərbaycan”
şirkəti, “Azərbaycanfilm”
kinostudiyası və
“Studio Tor 1 Filmproduktion” (Almaniya)
studiyasının birgə
layihəsi olaraq ərsəyə gələn
“Sarılar - Qarabağ
atının izi ilə” sənədli filmi Qarabağ problemini əks etdirir.
Milli Qəhrəmanlar Elman Hüseynov,
Füzuli Rüstəmov
və Əliyar Əliyevə həsr olunmuş "Xocalının
zamini", "İlk
əsgər" və
"Pəhləvan komandir"
sənədli filmləri
isə vətən uğrunda canından keçən igid oğulların ömür
və döyüş
yolunu tamaşaçıya
çatdırır.
Bu il
təqdimatı keçirilən
“Polkovnik”, “Hüseyn xan Naxçıvanski. Qayıdış”, “Mənim
tanıdığım Vaqif”,
“Balet, ömrüm mənim” və s. sənədli filmlər də kino salnaməmizin
maraqlı nümunələridir.
* * *
Son illərdə
ekranlara vəsiqə alan filmlərimiz
xarici ölkələrdə
beynəlxalq festivallarda
iştirak edir, müxtəlif mükafatlara
layiq görülürlər.
Rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi bu il
14-cü Dəkkə Beynəlxalq
Film Festivalında (Banqladeş)
nümayiş olunub. Amil Məmiyevin “Qara bağ” və Fariz Əhmədovun “Mayak” qısametrajlı bədii filmləri Çində keçirilən
Asiya Beynəlxalq Qısametrajlı Filmlər
Festivalında mükafat
qazanıb.
“Azərbaycanfilm”
kinostudiyası tərəfindən
Kann kino bazarına “Qırmızı
bağ”, “İçəri
şəhər”, “Yarımçıq
xatirələr”, “4.1 Şəhər
motivləri”, “Keçmişdən
məktublar”, “Həddən
artıq uyğunluq” və “Xeyirlə Şərin rəqsi” bədii filmləri təqdim olunub. “Dərs” bədii
filmi 34-cü Münxen
kinofestivalının uşaq
filmləri (“Kinderfilm”)
bölümündə nümayiş
etdirilib. “Dərs” həmçinin Rusiyanın Anapa şəhərində keçirilən
25-ci “Kinoşok” beynəlxalq
film festivalında “Ən
yaxşı film” nominasiyasında
qalib olub.
* * *
Yazıçı Qurban Səidin
dünya bestselleri olan eyniadlı romanı əsasında çəkilmiş “Əli
və Nino” bədii filminin Bakı premyerası da əsl kino hadisəsinə
çevrildi. Beynəlxalq
heyətin iştirakı
ilə ekranlaşdırılan
filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris
Tikyer, rejissoru Asif Kapadia, ssenari
müəllifi isə
Kristofer Hemptondur. Ekran əsərinin eyni zamanda ABŞ-ın Nyu-York və Los-Anceles şəhərlərində
də təqdimat mərasimləri keçirildi.
Bundan əlavə, bir çox filmlərimiz Bolqarıstan, Qırğızıstan,
Türkiyə, Hindistan,
Misir, Gürcüstan və s. ölkələrdə
festivallarda uğur qazanıblar. Bu il
həm də ölkəmizdə türk
filmləri həftəsi,
Rusiya kinosu günləri, Tacikistan və Meksikada Azərbaycan kinosu günləri təşkil
edildi.
* * *
Bu il
dövlət başçısının
sərəncamı ilə
bir qrup kino xadiminə fəxri adlar verildi. Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının Milli
Kino Mükafatı bu dəfə kinorejissor, Xalq artisti Eldar
Quliyevə təqdim olundu.
Mədəniyyət və Turizm
Nazirliyinin təşkilati
dəstəyi ilə ölkəmizdə ilk dəfə
keçirilən Buktreyler
festivalı, eləcə
də III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı da maraqlı anlarla yaddaşlara yazıldı.
L.Azəri
Mədəniyyət.- 2016.- 30
dekabr.- S.11.