2016-cı il teatrlar üçün
necə yadda qaldı?
Deyirlər ki, iş çox olanda vaxtın necə keçdiyini hiss etmirsən. Bir də görürsən ki, ay dolanıb, il başa gəlib. Azərbaycanın teatr ictimaiyyəti təsdiq edər ki, 2016-cı il onlar üçün böyük sürətlə keçdi. Ötən dövrə bir neçə istiqamətdən yekun vurmaq olar: premyeralar, festival və müsabiqələr, bir də konfranslar, beynəlxalq əlaqələr və layihələr.
Repertuarın bəzəyi premyeradır
2016-cı il premyera baxımından teatrlarımız üçün zəngin olub. Başlayaq elə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından. Sənət ocağında bir neçə yeni tamaşa hazırlandı ki, onlardan ikisinin üzərində dayanmağa dəyər. Əslində, Mirzə Cəlilin «Ölülər»i ilə Qoqolun «Müfəttiş»i Azərbaycan səhnəsi üçün yeni deyil. Üstəlik, məşhur quruluşlardan, rola öz möhürünü vurmuş tanınmış ifaçılardan sonra teatrı sevən hər kəsin az qala əzbər bildiyi əsərlərə müraciət etmək təkcə cəsarət yox, həm də kreativlik istəyir. «Ölülər»ə teatrın yeni rəhbəri və baş rejissoru Azərpaşa Nemət, «Müfəttiş»ə cavan rejissor Mikayıl Mikayılov quruluş vermişdi. Teatr tənqidi birinci tamaşanı daha çox kütləvi səhnələrin işlənməsinə, ikinci dərəcəli rolların dolğunluğuna görə daha çox bəyəndi, ikinci tamaşa isə baş rolun ifaçısı - Əməkdar artist Elşən Cəbrayılovun Xlestakovu ilə seçildi. Yeri gəlmişkən, ikinci tamaşa barədə Rusiya mətbuatında dərc olunmuş yazıdan sonra sosial şəbəkələrdə rus aktyorları E.Cəbrayılovu «Qoqol qəhrəmanları aləminə xoş gəldin, azərbaycanlı Xlestakov!» deyə təbrik etmişdilər.
Opera və
balet teatrlarında yeni tamaşalar az-az qoyulur. Bununla belə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
2016-cı ili premyeralarsız başa vurmadı. «Françeska
da Rimini» və «Qaraca qız» baletləri yeni quruluşda teatrın repertuarında özünə
yer qazandı. Ramiz Mustafayevin «Vaqif» operası da yeni musiqi redaksiyası
və quruluşda təqdim edildi. Digər tərəfdən,
klassik musiqisevərlər
Əməkdar artist Fərid
Əliyevin simasında
Balaş (F.Əmirov,
«Sevil») və Koroğlu (Ü.Hacıbəyli,
«Koroğlu») qazandı,
əməkdar artistlər
İlahə Əfəndiyeva
eyniadlı operada Sevil, Cahangir Qurbanov Həsən xan və gənc
solist Taleh Yəhyayev Ehsan paşa («Koroğlu» operası) uğurlu debütləri ilə yadda qaldılar.
Bu il
Musiqili Teatr da bir neçə
yeni tamaşanı təqdim etdi: "Baladadaşın toy hamamı",
"999-cu gecə", uşaqlar
üçün "Meşə
çaqqalsız olmaz".
Amma kollektiv mövsümün
daha böyük maraqla gözlənilən
iki tamaşasını
Yeni ilə saxlayıb. Yanvarın 11-də rus bölməsi
"Silva" operettasını yeni quruluşda oynayacaq. "Molla Nəsrəddinin beş arvadı"nı isə bir qədər
gözləməli olacağıq.
Gənc Tamaşaçılar Teatrı ölkənin ən məhsuldar teatr kollektivlərindəndir.
Kollektivin builki bütün
yeniliklərini üstələyən
«Leyli və Məcnun» tamaşasını
xüsusi vurğulamaq
istərdik. Düzdür,
hələlik tamaşa
cəmi bir dəfə oynanılıb,
teatrsevərlər hələ
ikinci heyəti səhnədə görməyib,
amma görənlərin
təəssüratı, gözləyənlərin
marağı belə düşünməyə haqq
verir ki, Əməkdar artist Nicat Kazımovun Məhəmməd
Füzulinin «Leyli və Məcnun» poeması əsasında hazırladığı tamaşa
repertuarın bəzəyinə
çevrilməkdə iddialıdır.
S.Vurğun adına Rus
Dram Teatrının tamaşa
siyasətini belə də müəyyən etmək olar: kassa üçün və düşünən
beyinlər üçün.
Əgər builki premyeralardan «Afina axşamları», «Xalam-bundu»,
«Bliss ailəsi», «Kazanova:
sevgi dərsləri» kassanı doldurmaq, tamaşaçıya birmənalı
olaraq istirahət bəxş etmək üçündürsə, «Artistin
taleyi» və «Əli və Nino» baxıb düşünmək
üçündür. Hərçənd
nəzərə alsaq
ki, «Kazanova...» Xalq artisti Fəxrəddin Manafovun səhnəyə möhtəşəm qayıdışı,
«Əli və Nino» isə Qurban Səidin ətrafındakı
mübahisələrin hələ
kəsilmədiyi eyniadlı
romanı əsasındadır,
o zaman bu tamaşaları hər iki siyahıya daxil etmək olar.
Yubiley ilini yaşayan A.Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrı bir neçə maraqlı tamaşa təqdim etdi. Böyüklər üçün
"Zəng" və
"Unudulmuş kukla",
uşaqlar üçün
tam milli təməlli,
həm də mahnılarını məşhur
müğənnilərin oxuduqları
"Qırmızıpapaq" teatralların sevimli tamaşaları cərgəsində
möhkəmlənməkdədir.
Bizcə, "Yuğ" Dövlət Teatrında ötən mövsümün
son premyerası olmuş
"Medeya. Sekvensiya 001" tamaşası da yaxın aylarda beynəlxalq festivallarda görünməyə başlayacaq.
Paytaxtdan danışıb, bölgə teatrlarını
unutmaq olmaz. S.Rəhman adına
Şəki Dövlət
Dram Teatrının "Vaqif"
tamaşası Səməd
Vurğunun eyniadlı
dramı əsasında
hazırlanmış, əsərə
tamam fərqli baxışdan yanaşma kimi ilin ən
maraqlı səhnə
əsərlərindən biri
oldu.
Festivallar və müsabiqələr
2016-cı ildə teatrlarımız ən müxtəlif beynəlxalq festivallarda iştirak etdilər.
Aralarında müsabiqə proqramı
olanlar da oldu, ya da
sadəcə, teatr bayramı niyyəti ilə düzənlənənlər
də. Gənc Tamaşaçılar Teatrının "Kontrabas"
mono-tamaşasını (ifaçı
- Əməkdar artist Şövqü
Hüseynov) və Kukla Teatrının "Ağ və qara" tamaşasını
artıq festivallar çempionu hesab etmək olar. Bu il də
Azərbaycan teatrları
müxtəlif festivallarda
çıxış etdilər.
Həmin
festivalların əksəriyyətinin
məkanı Türkiyə,
İran, Gürcüstan
və Rusiya olsa da, hər
halda yaxın qonşularımızın teatrsevər
ölkələr olduqlarını
nəzərə alsaq,
bu, pis göstərici
deyil. Bu il Afina, Vilnüs, Kişineu, Tehran
da Azərbaycan teatrını alqışladı.
Azərbaycan özü isə artıq ikinci dəfə "Üç
məkan" Beynəlxalq
Şəki Teatr Festivalına ev
sahibliyi etdi. Sentyabrda Şəkidə və Mingəçevirdə baş
tutan festivalda İran, BƏƏ, Rusiya,
Ukrayna və Gürcüstandan gəlmiş
maraqlı kollektivlər
çıxış etdilər.
Ölkəmiz də bu festivalda 5 teatr kollektivi ilə təmsil olunurdu.
"Ev yiyəsi və qonaq" tamaşası ilə S.Axmeteli adına
Tbilisi Dövlət Dram Teatrı
"Üç məkan"ın
favorit iştirakçısı
adına layiq idi.
Sentyabr ayında elə
Şəkidəcə TÜRKSOY üzvü olan ölkələrin teatr direktorlarının növbəti
müşavirəsi keçirildi.
O ki qaldı müsabiqələrə,
bu il
Azərbaycan ilk dəfə
Qəmər Almaszadə
adına V Bakı Beynəlxalq Klassik və Milli Rəqs
Müsabiqəsinə ev
sahibliyi etdi. Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası
Aytən Həsənova
Rusiyada musiqili teatr artistlərinin beynəlxalq yarışmasında
fərqləndi. Kukla Teatrının
nəzdindəki «Oyuq»
uşaq studiyasının
üzvləri Sankt-Peterburq
yarışmasından mükafatla
döndü.
Qastrollar, beynəlxalq əlaqələr
Azərbaycan teatrları və
ayrı-ayrı teatr xadimləri beynəlxalq mədəni münasibətlərin
qurulmasına öz töhfəsini verməkdədirlər.
May ayında Gənc
Tamaşaçılar Teatrı
ilk dəfə Böyük
Britaniyada çıxış
etdi. Teatrın rejissoru Nicat Kazımov Moldovada, Qaqauz Milli Teatrında
Əziz Nesinin «Öldür məni, can-ciyər» əsərinə
quruluş verdi.
GTT-nin bir neçə ildən bəri yaradıcılıq
münasibəti qurduğu
B.Basanqov adına
Kalmık Milli Dram Teatrı ilə işgüzar əlaqələri
bir qədər də möhkəmləndi.
Dövlət Musiqili Teatrında
bizim və ABŞ artistlərinin iştirakı
ilə məşhur «Brodvey şousu» baş tutdu.
Qastrol demişkən, noyabrda Rusiyanın V.Mayakovski adına Moskva
Akademik Teatrının
Bakıda oynadığı
tamaşaları görməzdən
gələ bilmərik.
Teatr Rusiya Mədəniyyət Nazirliyinin
«Böyük qastrollar»
layihəsi çərçivəsində
paytaxtımızda iki
tamaşa - N.V.Qoqolun «Evlənmə»sini və M.İvaşkyaviçusun «Rus
romanı»nı göstərdi. Azərbaycan tamaşaçısı ekrandan sevdiyi Svetlana Nemolyayeva, İqor Kostolevski, Yevgeniya Simonova kimi sənətkarları
səhnədən canlı
seyr edə bildi.
Bu da dördüncü...
2010-cu ildə təməli qoyulan Bakı Beynəlxalq Teatr Konfransı bu ilin noyabr ayında dördüncü dəfə baş tutdu. «Multikulturalizm və teatr» mövzusuna həsr olunmuş IV Bakı Beynəlxalq Teatr Konfransı həm də bu il ölkəmizdə elan olunan “Multikulturalizm ili”nə teatr sənətinin töhfəsi idi. Teatr forumunda 39 ölkənin 150 nəfərədək teatr xadimi iştirak etdi. Konfrans qəzetimizin səhifələrində geniş işıqlandırıldığı üçün təfərrüata varmırıq. Sadəcə, onu bildirmək istəyirik ki, konfransın iclaslarında, forum günlərində keçirilən treninqlərin, görüşlərin təəssüratları barədə qeydlər və təşəkkür məktubları hələ də təşkilat komitəsinin poçtuna daxil olmaqdadır.
* * *
Fəal çalışmaq, zəhmətinin nəticəsini görmək həmişə xoşdur. Üzümüzə gələn ildən də gözləntilərimiz səs salan tamaşalar, bol sənət uğurlarıdır!
G.Mirməmməd
Mədəniyyət.-2016.-30
dekabr.-S.10.